Azərbaycan dünyanın cəlbedici investisiya ölkəsidir

post-img

Beynəlxalq Valyuta Fondu (BVF) Azərbaycanı ən böyük və qabaqcıl potensiala malik olan yeddi dövləti siyahısına daxil edib. Bu, qurumun 2024-cü ilin hesabatında əksini tapıb. Hesabatda Azərbaycanın dünyanın yeddi ən cəlbedici investisiya ölkəsi kimi önə çəkilməsi olduqca təqdirəlayiq haldır. 

Əslində mötəbər beynəlxalq maliyyə qurumunun ölkəmizi “Top-7”-yə daxil et­məsi gözlənilən idi. Çünki ötən 20 ildən artıq bir müddətdə əsrə bərabər inkişaf yolu keçmiş Azərbaycan dünyada öncül islahatçı ölkələrdən birinə çevrilib. Xalqı­mızın ümummilli lideri Heydər Əliyevin rəhbərliyi ilə işlənib hazırlanmış yeni neft strategiyasının reallaşdırılması ilə Azər­baycanın qapıları xarici sərmayədarların üzünə açıldıqdan sonra ölkəmiz dünyada əlverişli biznes məkanı kimi tanınıb. Azər­baycanda həyata keçirilən iri neft-qaz la­yihələrinin uğurlu nəticələri iqtisadiyyatın şaxələndirilməsi, qeyri-neft sektorunun inkişafı üçün əlverişli imkanlar yaradıb. Bütün bunlar isə ölkə iqtisadiyyatının cəlbediciliyinin bir qədər də artmasına səbəb olub. Elə son 20 ildə Azərbayca­nın iqtisadiyyatına 270 milyard dollardan çox sərmayə yatırılması da məhz bunun bariz nümunəsidir.

2023-cü ildə isə Azərbaycan iqtisa­diyyatına yönəldilmiş birbaşa xarici in­vestisiyaların həcmi 6,7 milyard dollar təşkil edib ki, bu da son 5 il üzrə ən yük­sək göstərici hesab olunur. Bu tenden­siya cari ilin ilk rübündə də davam edib. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-mart aylarında ölkə iqtisadiyyatına, ümumilikdə, 3 mil­yard 809,2 milyon dollar vəsait qoyulub ki, bunun da 884,4 milyon dollarını xarici investisyalar təşkil edib. 

Eyni zamanda, Avropanın etibarlı enerji tərəfdaşı kimi tanınan Azərbay­can son illər, həm də dünyanın elan et­diyi “yaşıl keçid” platformasının ən fəal iştirakçılarından birinə çevrilib. Bunun nəticəsidir ki, 2020-ci il üzrə “Dayanıqlı İnkişaf Hədəfləri İndeksi”nə görə Azər­baycan 166 ölkə arasında 54-cü pillədə qərarlaşıb. Son 20 ildə ölkəmizdə ümumi daxili məhsul 3 dəfədən çox artıb, valyuta ehtiyatlarımız 65 milyard dolları ötüb. 

Hazırda Azərbaycanın xarici döv­lət borcu 6 milyard dollardan bir qədər çoxdur ki, bu da ümumi daxili məhsulun cəmi 9-10 faizini təşkil edir. Bu, həm də dünya ölkələri arasında ən aşağı səviy­yədir. Belə ki, ölkəmiz bu göstəriciyə görə dünyada 9-cu yerdədir. Neft ixrac edən dövlətlər arasında da ən az xarici dövlət borcu olan məhz Azərbaycandır. Bütöv­lükdə isə, ölkəmizin valyuta ehtiyatları xarici dövlət borcundan 10 dəfə çoxdur. Göründüyü kimi, Azərbaycan artıq borc alan dövlətdən donor dövlətə çevrilib.

Xatırladaq ki, Azərbaycan Beynəlxalq Valyuta Fonduna 1992-ci il sentyabrın 18-də üzv olub. Ötən müddətdə BVF tərəfindən Azərbaycanla bağlı yoxsul­luğun azaldılması və iqtisadi inkişaf, struktur quruculuğunun artırılması, sis­tem dəyişikliyi və əlavə maliyyələşmə ilə bağlı proqramlar həyata keçirilib. Yeri gəlmişkən, ötən ilin sonundan Azərbay­canda fəaliyyətini dayandıran Beynəlxalq Valyuta Fondu bu qərarını ölkəmizin ar­tıq güclü iqtisadiyyata və böyük maliyyə ehtiyatına malik olması ilə izah etmişdi. Bununla bağlı Azərbaycanın Maliyyə Na­zirliyinə ünvanlanmış məktubda bu addı­mın BVF-nin ölkəmizlə əlaqələrini zəiflət­məyəcəyi bildirilmişdi. Qeyd olunmuşdu ki, fond Azərbaycanın inkişaf strategiyası ilə bağlı iqtisadi və maliyyə siyasətini mü­zakirə etmək üçün müntəzəm missiyalar təşkil edəcək, zərurət yarandıqda texniki yardım göstərəcək. Elə Beynəlxalq Val­yuta Fondunun Azərbaycanı dünyanın cəlbedici 7 ən böyük investisiya ölkəsi kimi 2024-cü ilin hesabatına daxil etmə­si də əməkdaşlığın davam etməsini təs­diqləyir.

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor

Azərbaycanın xarici investisiyalar üçün nə qədər cəlbedici bir ölkəyə çevrildiyini xarakterizə edə biləcək ən yaxşı göstəricilərdən biri və mən deyərdim ki, birincisi, son 20 ildə iq­tisadiyyatımıza qoyulan xarici investi­siyaların həcminə dair göstəricilərdir. 2024-cü ilin hesabatına görə, Azər­baycanın “Top-7”-yə daxil olması göz­lənilən idi. Belə ki, son 20 ildə Azər­baycan iqtisadiyyatına 310 milyard ABŞ dollarından çox xarici sərmayə yönəldilib. Müqayisə üçün deyək ki, bu qədər xarici sərmayə Ermənista­nın 62 illik dövlət büdcəsinə bərabər bir məbləğdir. Neftlə bağlı iqtisadiy­yatı şaxələndirmək yolunu tutmuş Azərbaycan hökumətinin ən böyük uğurlarından biri də son 20 ildə ölkə iqtisadiyyatına cəlb edilmiş xarici in­vestisiyaların üçdə iki hissəsinın və ya 200 milyard dollara yaxın məbləğinin məhz iqtisadiyyatın real sektoruna yönəldilməsidir. 

Azərbaycan hökuməti yerli və xa­rici investisiyaların qorunmasını təmin edən hüquqi bazanın yaradılması ilə yanaşı, investisiyaların təşviqi is­tiqamətində də mühüm addımlar atır. Belə ki, hazırda müvafiq qaydada in­vestisiya təşviqi sənədini əldə edən investorların aldıqları texnika, texno­loji avadanlıqlar və qurğuların idxalı 7 il müddətinə gömrük rüsumundan azaddırlar və eyni zamanda, onların gəlirinin habelə əldə etdikləri mənfəə­tin 50 faizi də eyni müddətinə vergidən azad olunur. İnvestisiya təşviqi sənədi almış investor, həm də aldığı texnika­nın, texnoloji avadanlıqların və qur­ğuların idxal əlavə dəyər vergisindən, əmlak və torpaq vergilərindən də 7 il müddətinə azad edilirlər. Təbii ki, bü­tün bunlar xarici investorlar üçün çox önəmlidir.

Azərbaycan artıq regionda “yaşıl enerji” istehsalının lokomotivinə çev­rilməkdədir. Birləşmiş Ərəb Əmirlikləri, Səudiyyə Ərəbistanı və Böyük Britani­ya şirkətləri tərəfindən bu sahədə real­laşdırılmış və yaxın zamanlarda real­laşdırılması nəzərdə tutulan layihələr, Avropa ölkələri ilə “yaşıl enerji” isteh­salı və ixracı sahəsində əməkdaşlığa dair imzalanmış sənədlər yaxın gələ­cəkdə Azərbaycanda alternativ enerji istehsalı layihələrinə milyardlarla dol­lar xarici sərmayənin cəlb edilməsinə imkan yaradacaq. Artıq xarici inves­torlar ölkəmizin ərazisində məhz bu sahəyə investisiyalar yatırtmaq üçün çoxsaylı müraciətlər edirlər.

Azərbaycan hazırda bütün dünya­da sözü də imzası qədər etibarlı olan bir dövlət imicini formalaşdırıb. Biz bu gün nəinki xarici investisiyaların cəlb edilməsi üçün münbit ölkə imicini for­malaşdırmışıq, həm də ehtiyacı olan ölkələrə yardım edən dövlət statusunu qazanmışıq. Prezident İlham Əliyevin sözləri ilə desək, biz heç kimdən xahiş etmirik ki, iqtisadiyyatımıza investisiya yatırsınlar. Biz, sadəcə, ölkəmizdə bü­tün səviyyədən olan investorlar üçün bərabər investisiya mühiti yaradırıq. Bunu görüb dəyərləndirən investorlar isə Azərbaycana özləri gəlirlər. Azər­baycan dünya miqyasında investisiya üçün cəlbedici ölkə statusunu gün­dən-günə gücləndirir. Ölkədə yaradıl­mış siyasi və iqtisadi sabitlik, əlverişli biznes və investisiya mühiti xarici in­vestorlara istənilən layihəni uğurla hə­yata keçirməyə təminat verir.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat