İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) idarəçiliyində olan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında cari ilin I rübündə 7 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Bunlardan 4-ü Ağdam Sənaye Parkının, 3-ü isə “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının rezidenti kimi qeydiyyata alınıb.
İZİA-nın bununla bağlı məlumatında daha sonra bildirilir ki, qeydiyyata alınan rezidentlər tərəfindən sənaye parklarına 54,2 milyon manat dəyərində investisiyanın yatırılması, 480 iş yerinin yaradılması nəzərdə tutulur.
Qeyd edilib ki, rezidentlər Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında fibrobeton və polistirolbeton blokların, quru inşaat qarışıqların, sement və beton qatqıların, müxtəlif çeşiddə yapışqan lentlərin, ortopedik matras və yumşaq mebellərin, ayaqqabıların və s. məhsulların istehsalını həyata keçirəcəklər.
Qeyd edək ki, dövlət başçısının müvafiq fərmanlarına əsasən, 2021-ci ildə yaradılan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parklarında, ümumilikdə, 31 sahibkarlıq subyektinə rezidentlik, 7 sahibkara isə qeyri-rezidentlik statusu verilib.
XQ