Azərbaycanda 2004-cü ildən indiyədək uğurla reallaşdırılan regionların sosial-iqtisadi inkişafı dövlət proqramları rayonların iqtisadi potensialının artmasına, infrastruktur təminatının, kommunal xidmətlərin keyfiyyətinin daha da yüksəlməsinə, biznes və investisiya mühitinin, əhalinin rifahının yaxşılaşmasına müsbət təsir göstərib, bununla da ölkəmizin strateji inkişaf hədəflərinə nail olunmasına əhəmiyyətli töhfə verib.
Regional proqramların uğurla icrası dövründə kənd və qəsəbələrin, şəhərlərin siması köklü şəkildə dəyişib, əhalinin paytaxta axını səngiyərək əks proses başlayıb, rayonlarda işləməyə və yaşamağa üstünlük verənlərin sayı getdikcə artıb.
Sonuncu “Azərbaycan Respublikası regionlarının 2019–2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində həyata keçirilən layihələr nəticəsində yüksək göstəricilər əldə edilib. Regionlarda infrastruktur tədbirlərinin icrası, o cümlədən yol-nəqliyyat, elektrik, qaz və su təchizatı sistemlərinin yenilənməsi işləri uğurla davam etdirilib.
Ümumiyyətlə, regionların sürətli tərəqqisi respublikada reallaşdırılan davamlı sosial-iqtisadi inkişaf strategiyasının mühüm tərkib hissəsidir. Bu istiqamətdə qəbul edilən və yüksək səviyyədə gerçəkləşdirilən dövlət proqramlarında, habelə regionların sosial-iqtisadi inkişafına dair əlavə tədbirlərlə bağlı sərəncamlarda nəzərdə tutulan vəzifələrin həyata keçirilməsi respublikada qeyri-neft sektorunun davamlı inkişafına, yerlərdə kommunal xidmətlərin və sosial infrastruktur təminatının keyfiyyətinin yüksəldilməsinə, sahibkarlıq mühitinin daha da yaxşılaşdırılmasına, investisiya qoyuluşunun artmasına, yeni müəssisələrin, iş yerlərinin açılmasına, nəticədə isə əhalinin məşğulluğunun artırılmasına və yoxsulluq səviyyəsinin azaldılmasına təkan verib.
Prezident İlham Əliyevin aprelin 9-da Hacıqabul rayonu, Gəncə və Qəbələ şəhərlərinə səfəri bir daha göstərdi ki, əvvəllər olduğu kimi, sonuncu (2019–2023-cü illər) regional proqramda da nəzərdə tutulan tədbirlərin uğurla həyata keçirilməsi Azərbaycanın yuxarıda adları çəkilən rayonlarının hər birinin malik olduğu özünəməxsus təbii, maddi əmək resurslarından, coğrafi, nəqliyyat-kommunikasiya imkanlarından səmərəli istifadə edilməsi, yoxsulluğun səviyyəsinin aşağı salınması, məşğulluq problemlərinin həlli üçün kifayət qədər əlverişli zəmin yaradıb. Sənəddə sosial, infrastruktur, aqrar sahələrin inkişafı ilə bağlı tədbirlər, yeni iş yerlərinin yaradılması ilə əlaqədar layihələr xüsusilə diqqətdə saxlanılıb. Nəticədə respublikanın ərzaq təhlükəsizliyinin təmin edilməsi, əhalinin sosial şəraitinin daha da yaxşılaşdırılması istiqamətində mühüm irəliləyiş əldə olunub.
Prezident İlham Əliyev Hacıqabul rayonunda vətəndaşların rahat gediş-gəlişini təmin etmək məqsədilə əsaslı şəkildə yenidən qurulan uzunluğu 39 kilometr olan iki hərəkət zolaqlı Muğan-Birinci Paşalı-İkinci Paşalı-Şorbaçı-Birinci Udullu-Tağılı-İkinci Udullu-Qubalı avtomobil yolunun açılışında iştirak edib. Bu yolun istifadəyə verilməsi ilə 12 mindən çox əhalinin rahat gediş-gəlişi təmin olunub, yük və sərnişin daşınması asanlaşıb.
Dövlətimizin başçısı Hacıqabul rayonunda isə “Agro Dairy” MMC-yə məxsus 4200 hektar torpaq sahəsinə Kür çayından nasos stansiyası vasitəsilə suvarma suyunun çatdırılması üzrə suvarma qurğuları kompleksi ilə tanış olub. Qeyd edək ki, Azərbaycan Prezidenti əkin sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əkin dövriyyəsinə əlavə torpaqların cəlb olunması işlərinin davam etdirilməsi və bu istiqamətdə yeni layihələrin hazırlanması məqsədilə 2021-ci il mayın 29-da Sərəncam imzalayıb. Sərəncama uyğun olaraq Hacıqabul rayonu ərazisində “Agro Dairy” MMC-yə məxsus torpaq sahəsini suvarma suyu ilə təmin etmək üçün Kür çayının Sabirabad rayonundan keçən hissəsində sərfi saniyədə 3 kubmetr olan 4 aqreqatlı üzən nasos stansiyasının, boru kəmərinin və dəmir-beton kanalının tikintisinə başlanılıb.
Prezident İlham Əliyev səfər çərçivəsində Gəncə şəhərində də olub və burada Ekoloji Park Kompleksinin tikintisi ilə tanış olub. Dövlət başçısına Qərb bölgəsində ilk dəfə Gəncə şəhərində salınan Ekoloji Park Kompleksinin tikintisinə və onun ətrafında abadlıq işlərinə 2021-ci ilin dekabrında başlanıldığı, Gəncəçayın sağ sahilində yerləşən və son tamamlama işləri həyata keçirilən kompleksin 11 hektar ərazini əhatə etdiyi barədə ətraflı məlumat verilib.
Dövlətimizin başçısının Gəncə səfəri çərçivəsində açılışında iştirak etdiyi şəhər idman sarayı ölkə rəhbərinin müvafiq sərəncamına əsasən inşa edilib, tikintisinə isə 2018-ci ilin iyununda başlanılıb. Yüksək keyfiyyətlə aparılan tikinti işləri bu ilin martında tam başa çatdırılıb.
Belə nəhəng idman qurğusunun yaradılması Azərbaycanın idman ölkəsi kimi nüfuzunu yüksəltməklə yanaşı, regionlarda yaşayan gənclərin idmana həvəsinin artırılması, onların potensialının üzə çıxarılması və ümumilikdə idmanın kütləviliyinin təmin edilməsi baxımından mühüm əhəmiyyət daşıyır.
Yeri gəlmişkən, həmin gün Gəncə şəhər stadionunun təməlini qoyub. Bununla bağlı dövlətimizin başçısına stadionda yaradılacaq şərait barədə məlumat verilərək 1959-1963-cü illərdə inşa edilən Gəncə şəhər stadionunun 1964-cü ildə istismara verildiyi, son illərdə bu idman infrastrukturunda tamaşaçı tribunalarının yararsız vəziyyətə düşdüyündən və texniki cəhətdən istismarı mümkün olmadığından ərazidə köməkçi məşq meydançaları və futbol akademiyası binası tikildiyi bildirilib.
Prezident İlham Əliyevin 2023-cü il 6 oktyabr tarixli Sərəncamına əsasən, Gəncə şəhər stadionunun yenidən qurulması işlərinin layihələndirilməsi və həyata keçirilməsi üçün Prezidentin ehtiyat fondundan ilkin olaraq bir milyon manat ayrılıb. Stadionun layihələndirmə işləri artıq başa çatdırılıb. Qeyd edildiyi kimi, aprelin 9-da isə ölkə rəhbəri tərəfindən stadionun təməli qoyulub.
Dövlətimizin başçısı Qəbələyə səfəri zamanı “Hacıalılı” elektrik yarımstansiyası və Regional Təlim Mərkəzinin, Rayon Mərkəzi Xəstəxanasının, Bum qəsəbəsində tam orta məktəbin yeni binasının istifadəyə verilməsində və Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun açılışında iştirak edib.
Qəbələdə istifadəyə verilən mühüm sosial əhəmiyyətli obyektin–istehlakçıların elektrik enerjisi təchizatının keyfiyyətinin yüksəldilməsi məqsədilə yenidən tikilən 110/35/10 kV-luq 26 meqavat-amperlik “Hacıalılı” yarımstansiyasının gücü 41 MVA-ya çatdırılıb. Rayon Mərkəzi Xəstəxanasının istifadəyə verilməsi ilə Qəbələdə vətəndaşların hərtərəfli tibbi xidmətlə təmin edilməsi, onların müalicə və müayinə işinin yüksək səviyyədə təşkili daha da yaxşılaşdırılıb. 17 minə yaxın əhalinin yaşadığı 15 yaşayış məntəqəsini birləşdirən Böyük Pirəli-Kiçik Pirəli-Xırxatala-Cığatelli-Həmzəli avtomobil yolunun işə salınması isə rayon mərkəzi ilə nəqliyyat əlaqəsinin yaxşılaşdırılmasını, həmçinin bu bölgədə turizmin və kənd təsərrüfatının inkişafını, eləcə də insanların həyat tərzinin yüksəlməsini şərtləndirib. Bum qəsəbəsində tam orta məktəbin yeni binası istifadəyə verilməsi isə dövlətimizin prioritetləri sırasında müasir məktəblərin qurulmasının və təhsil müəssisələrinin əsaslı təmirinin bariz ifadəsinə çevrilib.
Prezident İlham Əliyevin Hacıqabul rayonu, Gəncə və Qəbələ şəhərlərində olması bir daha göstərir ki, dövlətimizin başçısı işğaldan azad olunmuş ərazilərin bərpa və yenidən qurulmasının prioritet elan etməsinə baxmayaraq, respublikamızın digər şəhər və rayonlarının inkişafını da diqqətdə saxlayır. Bunu belə bir fakt da təsdiqləyir: ölkə rəhbəri 2021-ci ildə 17, 2022-ci ildə 14, 2023-cü ildə 11, bu ilin ötən dövründə isə 5 rayonda 47 səfərdə olub. Ümumilikdə, Prezident İlham Əliyev işğaldan azad olunan ərazilər də daxil olmaqla, 2021-ci ildən indiyədək bölgələrə 140-a yaxın səfər edib. Bu, Azərbaycan Prezidentinin bölgələrin inkişafına diqqət və qayğısının parlaq ifadəsidir.
İlqar HƏSƏNOV,
Vaqif BAYRAMOV
XQ