Xəbər verildiyi kimi, martın 14-də Azərbaycan Respublikasının energetika naziri Pərviz Şahbazov İrana səfər edib. Səfərdə məqsəd iki ölkə arasında energetika sahəsində əməkdaşlığın inkişafı, eləcə də infrastruktur layihələrinin icra vəziyyəti ilə bağlı müzakirələr aparmaqdan ibarətdir.
Səfər çərçivəsində Araz çayı üzərində inşa olunan “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarının inşa olunduğu ərazilərə baş çəkilib, layihə üzrə görülən işlərə diqqət yetirilib. Azərbaycanın energetika naziri Pərviz Şahbazov “X” sosial şəbəkəsindəki hesabında bununla bağlı paylaşım edib. “Tehranda həmkarım Əli Əkbər Mehrabian ilə iki ölkənin enerji əməkdaşlığının inkişafı ilə bağlı məhdud və geniş tərkibdə səmərəli görüşümüz oldu. “Xudafərin” və “Qız Qalası” hidroqovsaqları və su elektrik stansiyasıları, “Ordubad” SES layihələrinin icrası, Azərbaycan, İran və Rusiya enerji körpüsünün yaradılması, elektrik enerjisinin mübadiləsi, tranziti, habelə tarixi Xudafərin körpüsünün bərpası məsələlərini müzakirə etdik”, – deyə nazir qeyd edib.
Energetika Nazirliyinin bununla bağlı yaydığı məlumatda isə bildirilir ki, məhdud və geniş tərkibdə keçirilən görüşlərdə iki ölkə arasında elektroenergetika sahəsində aktual əməkdaşlıq məsələləri müzakirə edilib. Nazirlər Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və su elektrik stansiyalarının tikintisi layihəsinin icra vəziyyəti, həmçinin birgə texniki komissiya və işçi qrupu çərçivəsində həyata keçirilən proseslərə dair fikir mübadiləsi aparıblar.
Görüşlər zamanı hidroqovşaqlar üzrə işlərin tamamlanma mərhələsində olmasından məmnunluq ifadə edilib, tezliklə “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının açılış mərasiminin keçiriləcəyi bildirilib. Bununla yanaşı, elektrik stansiyalarının inşası ilə bağlı məsələlərin tezləşdirilməsinin vacibliyi vurğulanıb, prosesin sürətləndirilməsi razılaşdırılıb. Su ehtiyatlarından istifadə, həmçinin tarixi “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması üzrə İran tərəfi ilə birgə tədbirlərlə bağlı məsələlər müzakirə edilib.
Nazirlər Araz çayı üzərində 36 meqavat gücündə Ordubad Su Elektrik Stansiyasının inşasını sürətləndirmək məqsədilə lazımi tədbirlərin görülməsi, həmçinin Azərbaycan, İran və Rusiyanın elektrik şəbəkələrinin əlaqələndirilməsi üzrə əməkdaşlığın hazırkı vəziyyətini nəzərdən keçiriblər. Bununla bağlı yaxın zamanlarda üçtərəfli görüşün keçirilməsi qərara alınıb. Söhbət zamanı elektrik enerjisinin mübadiləsi, həmçinin tranziti üzrə əməkdaşlığın genişləndirilməsi də müzakirə olunub. Əməkdaşlıq gündəliyində olan prioritet layihələrin inkişafı istiqamətində qarşılıqlı səylərin gücləndirilməsi razılaşdırılıb.
Yeri gəlmişkən, “Xudafərin” və “Qız Qalası” layihələri ilə bağlı ilkin layihələndirmə işlərinə keçmiş SSRİ dövründən başlanılıb. Uzun müddət aparılmış müzakirələrdən sonra 1991-ci ildə yekun texniki layihə hazırlanıb. Bir il sonra isə tikinti işlərinə başlanılıb, ancaq ərazilərin işğalı səbəbindən işlər dayandırılıb. 1996-1997-ci illərdən başlayaraq, ikitərəfli razılaşma əsasında hər iki hidroqovşaq üzrə tikinti işləri İran İslam Respublikasının müvafiq şirkətləri tərəfindən davam etdirilib.
Nəhayət, 2016-cı ildə “Azərbaycan Respublikası Hökuməti ilə İran İslam Respublikası Hökuməti arasında Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi, istismarı, energetika və su ehtiyatlarından istifadə sahəsində əməkdaşlıq haqqında” Saziş imzalanıb. Sözügedən saziş hazırda layihələrin icrası prosesində əsas tənzimləyici sənəd statusunu daşıyır. Sənədə əsasən, Araz çayı üzərində “Xudafərin” və “Qız Qalası” hidroqovşaqlarının və su elektrik stansiyalarının tikintisinin davam etdirilməsi və istismarı ilə əlaqədar müştərək fəaliyyət göstərilməsi məqsədilə birgə texniki komissiya yaradılıb. Bu komissiyanın fəaliyyəti üzrə Azərbaycan tərəfindən səlahiyyətli orqan Azərbaycan Respublikasının Energetika Nazirliyi müəyyən edilib. Birgə texniki komissiyaya həvalə edilmiş tapşırıqların icrası məqsədilə işçi qrupları da yaradılıb.
Qeyd edək ki, Araz çayı üzərindəki “Xudafərin” SES-in ümumi gücü 200 meqavat (100 meqavat Azərbaycan tərəfinin payına düşür), “Qız Qalası” SES-in ümumi gücü isə 80 meqavatdır (40 meqavat Azərbaycan tərəfinin payına düşür). Hər iki SES-də ildə, ümumilikdə, 716 milyon kilovat-saat (358 milyon kilovat-saat Azərbaycan tərəfinin payına düşür) elektrik enerjisinin istehsalı planlaşdırılır.
1,6 milyard kubmetrdən çox sututumuna malik “Xudafərin” və “Qız Qalası” hidroqovşaqları və ümumi qoyuluş gücü 280 meqavat olan bu stansiyalar Araz çayının su və enerji ehtiyatlarından hər iki tərəfin birgə istifadəsinə imkanlar yaradır. Həmin layihələr iqtisadi və strateji aspektdən ölkəmiz üçün xüsusi əhəmiyyət daşıyır. Belə ki, layihələrin reallaşması Azərbaycana illik 358 milyon kilovat-saat elektrik enerjisi istehsalı, eləcə də mövcud 252 min hektar torpaq sahəsi üzrə suvarmanın yaxşılaşdırılması və 8 min hektar yeni əkin sahələrinin suvarılması imkanı yaradacaq.
Araz çayı üzərində inşa olunan “Ordubad” Su Elektrik Stansiyası layihəsi də Azərbaycan Respublikası ilə İran İslam Respublikası arasında əldə edilmiş qarşılıqlı razılaşmaya əsasən icra olunur. Gücü 36 meqavat olan su elektrik stansiyasında tikinti işləri çərçivəsində 235 metr uzunluğunda bəndin və tutumu 1,5 milyon kubmetr olan su anbarının yaradılması, həmçinin 12 kilometrlik derivasiya kanalının çəkilməsi nəzərdə tutulur. Bununla yanaşı, stansiyada tənzimləyici bənd, saniyədə 126 kubmetr su ötürmək gücünə malik olan suqəbuledici qurğu, çökdürmə hovuzu, stansiya binası və transformator yarımstansiyası quraşdırılacaq.
Qeyd etdiyimiz kimi, energetika naziri Pərviz Şahbazovun iranlı həmkarı ilə keçirdiyi görüşlər zamanı “Xudafərin” körpülərinin bərpası, qorunması və saxlanması tədbirləri ilə bağlı məsələlər də müzakirə edilib. Xatırladaq ki, 2022-ci ilin martın 11-də Bakı ilə Tehran arasında İran ərazisindən keçməklə Azərbaycanın Şərqi Zəngəzur iqtisadi rayonu ilə Naxçıvan Muxtar Respublikası arasında yeni kommunikasiya bağlantılarının yaradılması haqqında Anlaşma Memorandumu imzalanıb. İki ölkə arasında əldə olunmuş razılaşmaya əsasən, Xudafərin körpülərinin bərpası Şərqi Zəngəzurdan Naxçıvana alternativ yolun açılmasına imkan yaradacaq.
Mirbağır YAQUBZADƏ
XQ