Ötən il bu sahədə 123 milyard manatlıq məhsul istehsal edilib
Azərbaycan Prezidenti İlham Əliyevin rəhbərliyi ilə ötən il ölkəmizdə sosial-iqtisadi islahatların, iqtisadiyyata dəstək tədbirlərinin həyata keçirilməsinə mühüm önəm verilib. Eyni zamanda, tədiyə balansı qorunub saxlanılıb, makroiqtisadi sabitlik təmin olunub. Ölkədə kifayət qədər maliyyə imkanları yaradılıb. Bütün bunlar isə büdcə kəsiri ilə bağlı qarşıya çıxan problemlərin həllini reallaşdırıb.
Hesabat dövründə diqqət çəkən bu və digər məsələlərlə əlaqədar Milli Məclisin martın 15-də keçirilən plenar iclasında Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyətinə dair hesabatda ətraflı bəhs edilib, dövlətimizin başçısının müdrik rəhbərliyi ilə aparılan məqsədyönlü və genişmiqyaslı sosial-iqtisadi islahatlar, həyata keçirilən kompleks tədbirlər nəticəsində ölkəmizdə makroiqtisadi və maliyyə sabitliyinin təmin edildiyi vurğulanıb. Bütün bunlar 2023-cü ilin uğurlarının ifadəsi olan konkret göstəricilərlə diqqətə çatdırılıb. Belə ki, bu dövrdə 123 milyard manatlıq və ya 2022-ci illə müqayisədə 1,1 faiz çox ümumi daxili məhsul (ÜDM) istehsal olunub. Əhalinin hər nəfərinə düşən ÜDM isə 0,5 faiz artaraq 12,1 min manata (7,1 min ABŞ dolları) yüksəlib.
Hesabatda 2023-cü ildə ÜDM istehsalının 2022-ci illə müqayisədə neft-qaz sektorunda 1,7 faiz azaldığı halda, iqtisadiyyatın qeyri-neft-qaz sektorunda 3,7 faiz, qeyri-neft-qaz sənayesində isə 8 artdığı, xarici ticarət dövriyyəsinin, təxminən, 45 milyard ABŞ dollarına çatdığı, müsbət ticarət saldosunun 10,3 milyard dollar olduğu, qeyri-neft ixracının 3,3 milyard dolları üstələdiyi xatırladılıb.
Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyətinə dair hesabatda digər göstəricilər də diqqətə çatdırılıb:
– ölkənin strateji valyuta ehtiyatları 17 faiz və ya 10 milyard dolları artaraq 68,5 milyard dollar təşkil edib və bu, xarici dövlət borcunu 10 dəfədən çox üstələyib;
– cari ilin əvvəlinə xarici dövlət borcunun məbləği 3,5 faiz azalaraq 6,46 milyard dolları olub və ÜDM-in 8,9 faizini təşkil edib;
– büdcə gəlirlərinin yüksək icrası şəraitində 2023-cü ilin dövlət büdcəsinin xərcləri dürüstləşmə zamanı 3,3 milyard manat artırılıb. Bununla da dövlət strategiyasında nəzərdə tutulan hədəflərə çatmağa imkan yaradılıb. Bütövlükdə, hesabat ilində dövlət büdcəsinin gəlirləri, təxminən, 35,6 milyard manat olub ki, bu da 2022–ci illə müqayisədə 4,9 milyard manat (16 faiz) çoxdur;
– həyata keçirilən tədbirlər nəticəsində illik inflyasiya 2,1 faizə enib.
Hesabatda bildirilib ki, ölkədə ərzaq təhlükəsizliyinin təmin edilməsi, əsas ərzaq məhsulları ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, idxaldan asılılıq səviyyəsinin azaldılması hökumətin gündəliyində duran əsas vəzifələrdən biridir. Buna görə də ötən il kənd təsərrüfatı məhsulları istehsalçılarına maliyyə dəstəyi olaraq ərzaq təhlükəsizliyinin təmin edilməsi üçün 478 milyon manat vəsait ayrılıb. Cari ilin əvvəlindən başlayaraq kənd təsərrüfatı sahəsi üzrə vergi güzəştlərinin vaxtı isə daha 3 il müddətinə uzadılıb.
Yeri gəlmişkən, son illərdə respublikamızda ərzaq təhlükəsizliyinin reallaşdırılması üçün daxili potensialın gerçəkləşdirilməsi diqqətdə saxlanılıb. Məsələn, torpaq-iqlim və su ehtiyatlarından daha səmərəli istifadəni stimullaşdırmaq, ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsini yüksəltmək üçün Azərbaycan Prezidentinin 2022-ci il iyulun 9-da imzaladığı “Ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsinə dair bir sıra tədbirlər haqqında” Fərmanla ölkədə yeni dəstək mexanizmi yaradılıb. Bu mexanizmə görə, artıq hesabat ilindən pivot suvarma tətbiq edilməklə istehsal olunaraq Dövlət Ehtiyatları Agentliyinə və un dəyirmanlarına təhvil verilən ərzaqlıq buğdaya görə məhsul subsidiyasının ödənilməsinə başlanılıb.
Onu da qeyd edək ki, aqrar sahəyə ayrılan subsidiyaların və güzəştlərin həcminin ildən-ilə artırilması nəticəsində texnika parkının yenilənməsi və aqrotexniki xidmətlərə əlçatanlıq, toxum, gübrə və pestisid kimi istehsal vasitələri ilə təminat səviyyəsi yüksəlib, kənd təsərrüfat sahəsinin infrastruktur və təchizat bazası genişlənib. Başqa sözlə, ölkədə taxılçılığın inkişafına bu sahə üzrə ixtisaslaşmış texnikanın sayının davamlı olaraq çoxaldılması müsbət təsir göstərib.
Bütün bunlarla bərabər, respublikada ərzaqlıq buğda ilə özünütəminetmə səviyyəsinin yüksəldilməsi, habelə ərzaqlıq buğda istehsalının təşkili məqsədilə dövlət başçısının müvafiq fərmanına əsasən, ərzaqlıq buğdaya 2023-cü ildən etibarən 5 il müddətində məhsul subsidiyasının verilməsinə başlanılıb.
Nazirlər Kabinetinin 2023-cü ildə fəaliyyətinə dair hesabatda kənd təsərrüfatı və ərzaq təhlükəsizliyi üçün vacib olan su problemlərinin həllinin də mühüm vəzifələrdən biri olduğu vurğulanıb. Qeyd edilib ki, su ehtiyatlarından səmərəli istifadə olunması, fermerlərin suvarma suyu ilə təchizatı və suvarma sahələrinin genişləndirilməsi tədbirləri üçün 2023-cü ilin dövlət büdcəsindən 408 milyon manat vəsait yönəldilib.
Hesabat ilində respublika üzrə kənd təsərrüfatı bitkiləri 1 milyon 466 min hektar sahədə orta hesabla 3,4 dəfə suvarılıb. 2023-cü ildə əsas su anbarlarında suyun həcmi 13,3 milyard kubmetr təşkil edib ki, bu da 2022-ci illə müqayisədə 2,2 milyard kubmetrdən çox olub.
Hesabatda Prezident İlham Əliyevin birbaşa iştirakı və rəhbərliyi ilə ötən il işğaldan azad edilmiş ərazilərdə geniş quruculuq işlərinin aparıldığı və ölkə iqtisadiyyatına reinteqrasiyası istiqamətində işlərin sürətlə davam etdirildiyi də diqqətə çatdırılıb. Bildirilib ki, Böyük Qayıdışa dair I Dövlət Proqramının icrası üçün 2022–2026-cı illərdə, ümumilikdə, təqribən 32 milyard manatdan çox vəsait tələb olunur. 2021–2023-cü illərin dövlət büdcəsindən bu məqsədlər üçün 12,1 milyard manat, o cümlədən 2023-cü ildə 5,6 milyard manat vəsait ayrılıb. Cari ildə isə bu istiqamətə 4 milyard manatın yönəldilməsi qərara alınıb.
Hesabatda 2023-cü ilin sonunadək işğaldan azad olunmuş ərazilərə, ümumilikdə, 1186 ailə (4691 nəfər) keçmiş məcburi köçkün köçürüldüyü, 2024-cü ilin sonunadək isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının 25 yaşayış məntəqəsi üzrə, ümumilikdə, 5 min 171 ailənin (20 min nəfərdən çox) köçürülməsinin planlaşdırıldığı da diqqətə çatdırılıb.
Hazırda işğaldan azad edilmiş ərazilərdə bütün sosial infrastruktur obyektləri, yollar, tunellər və körpülər inşa edilir. Elektrik təsərrüfatı yenidən qurulur, dəmir yolları çəkilir, iki beynəlxalq hava limanı açılıb, üçüncüsü də Laçında istifadəyə veriləcək. 24 yaşayış məntəqəsində isə qaz xəttinin çəkilməsi həyata keçirilib. Azad edilmiş ərazilərdə 165 MVt gücündə 20 stansiya “Azərenerji” tərəfindən istismar edilməkdədir. Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” potensialının yaradılması məqsədi ilə 122 MVt gücündə 17 ədəd Su Elektrik Stansiyası (SES) yenidən qurulub, tikilib və ya bərpa edilib, 73 MVt gücündə 9 ədəd SES-in tikintisi davam etdirilib.
Hesabatda hökumətin qarşısında 2024-cü və gələcək illərdə duran əsas vəzifələr və çağırışlar da diqqətə çatdırılıb:
– yeni inkişaf mərhələsindəki hədəflərə çatmaq üçün “2022–2026-cı illərdə sosial-iqtisadi inkişaf Strategiyası”nın və “Naxçıvan Muxtar Respublikasının sosial-iqtisadi inkişafına dair 2023–2027-ci illər üçün Dövlət Proqramı”nın uğurlu icrası və maliyyə təminatının yaradılması vacib vəzifələrdən hesab olunur;
– dünyada gedən geosiyasi proseslər ölkəmizin nəqliyyat infrastrukturuna olan ehtiyacı daha da artıracaq. Bu sahədə qəbul olunmuş proqramlar Azərbaycanın tranzit-logistika potensialının genişləndirilməsinə və tranzit yükdaşımaların təşviqinə imkan verəcək;
– COP29 beynəlxalq konfransının Bakıda keçirilməsi ilə bağlı qərardan irəli gələn vəzifələr uğurla reallaşdırılacaq. Bütün bu hədəflərə nail olmaq üçün dayanıqlı və diversifikasiya olunmuş iqtisadiyyatın inkişafı təmin ediləcək.
Vaqif BAYRAMOV
XQ