Avropa Parlamentinin qərəz marafonu

post-img

Paşinyan hökumətinin tələb etmədiyi şəxsləri “hərbi əsir” adlandıran AP Azərbaycana qarşı yeni böhtançı cəbhə açır

Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı olduqca yanlış, qərəzli və qızışdırıcı mövqe tutan Avropa Parla­menti öz əməllərindən əl çəkməkdə maraqlı görünmür. 

Birmənalı şəkildə demək mümkündür ki, Avropa İttifaqının qanunverici orqanının – Avropa Parlamentinin oynadığı bu rol “qoca qitə”də sülh və əmin-amanlığın təmin olunmasına xidmət etmir. Öz aləmlərində Azərbaycanın üzərinə “hücuma keçmək­lə”, ölkəmizi necə deyərlər, gözümçıxdıya salmağa çalışmaqla, çıxdaş etmək yolu tutmaqla avropalı deputatlar orta əsr səlib­çilərinə xas yanaşma ortaya qoyurlar. Bir daha sübut olunur ki, əsrlər ötsə də, qərblilərin şərqlilərə, yaxud xristianların müsəl­manlara münasibəti dəyişmir. Hərçənd ki, Azərbaycan hər za­man, hətta Qarabağ münaqişəsinin mövcud olduğu vaxtlarda da münaqişəyə dini məzmun verilməsi cəhdlərinin əleyhinə çıxıb. Ancaq islamofobiyanın intişar tapdığı Avropa ölkələrini təm­sil edən qanunvericilərin yanaşmalarını başqa cür izah etmək mümkün deyil.

Avropa Parlamenti növbəti xəbis addımını martın 19-da atmağı planlaş­dırır. Həmin gün qanunverici orqanın Strasburqdakı binasında Bolqarıstan­dan olan deputat Andrey Kovaçevin təşəbbüsü ilə “Azərbaycanda saxla­nılan erməni hərbi əsirlərə” (?) həsr olunmuş tədbir keçiriləcək. Bu barədə “X” sosial platformasındakı hesabında məlumat yerləşdirən deputat qeyd edib ki, müzakirələrdə Avropa Parlamentinin onların azadlığa buraxılması ilə bağlı qətnamə qəbul etməsindən ötən üç il ərzində “hərbi əsirlərlə” bağlı vəziyyətə toxunulacaq.

Qeyd edək ki, Avropa Parlamenti bu “qətnamə”sini 2021-ci il mayın 2-də qəbul edib. Orada deputatlar Bakını heç bir ilkin şərt olmadan “erməni hərbi əsirləri” və digər saxlanılanları azad et­məyə çağırıb, həmçinin Azərbaycandan “bütün əsirlər”in siyahısını, onların yeri və sağlamlıq vəziyyəti barədə məlumat istəyiblər.

Müzakirələrlə bağlı Ermənistanın Aİ yanındakı nümayəndəliyi də məlu­mat yayıb. Məlumatda belə bir tədbirin keçiriləcəyi təsdiqlənib və orada sadə vətəndaşların da iştirak edə biləcəyi qeyd olunub. Bu isə Avropa Parlamen­tinin tədbiri təşkil edən deputatlarının erməni diplomatlarla sinxron hərəkət etdiyindən xəbər verir.

Sözsüz ki, Avroparlamentin bu ad­dımı bölgədə sülhə və sabitliyə xidmət etmir. Məsələ ondadır ki, Azərbaycan və Ermənistan indiyədək bir neçə dəfə xoş məram nümayiş et­dirərək, qarşılıqlı surətdə saxlanılan şəxsləri azad ediblər. Bu istiqamətdə sonuncu razılıq 2023-cü il dekabrın 7-də əldə olunub. Həmin gün Azərbay­can müxtəlif vaxtlarda saxlanılmış və barələrində hökm çıxarılmış 32 nəfəri, Ermənistan isə qondarma ittihamlarla mühakimə etdiyi 2 hərbçimizi azad et­məyə razılaşıb. Onu da qeyd edək ki, haqqında söhbət açdığımız razılaşma Azərbaycan Prezidentinin Administ­rasiyası və Ermənistan baş nazirinin aparatı arasında birbaşa aparılan da­nışıqlar nəticəsində əldə olunmuşdu. Burada hər hansı üçüncü qüvvə iştirak etməmişdi. Bunun özü də göstərirdi ki, kənar qızışdırıcı qüvvələr olmasa, Bakı və İrəvan bir çox məsələlərdə razılığa gələ bilər. Bəlkə həmin qüvvələrin şi­rin vədləri olmasaydı, İrəvan indiyədək sülh müqaviləsinə də imza atmışdı.

Digər tərəfdən, Avropa Parlamen­tinin “hərbi əsir” deyərkən kimləri nəzərdə tutduğu anlaşılmazdır. Bir sıra şəxslər Azərbaycana və onun vətəndaşlarına qarşı müharibə cinayət­ləri törədiblər. Arsen Bağdasaryan, Karen Qazaryan, Alyoşa Xosrovyan, Lüdvik Mkrtıçyan, Meşəli soyqırımının törədilməsində təqsirləndirilən Vaqif Xaçatryan kimi şəxlərin barəsində məhkəmə hökmü var. Onlar cəzaları­nı çəkməkdədirlər və çəkəcəklər. Lo­kal xarakterli antiterror tədbirlərindən sonra saxlanılaraq Bakıya gətirilmiş separatçı rejimin “qlavar”ları üzərində isə məhkəmə prosesi hələ heç başla­mayıb. Avropa Parlamentindəki bəzi ermənipərəst deputatlar isə müharibə cinayətləri törətmiş, barələrində məh­kəmələrin hökm çıxardığı və hələ hökm çıxarılmamış şəxsləri “hərbi əsirlər” kimi təqdim etməyə çalışırlar. Onu da qeyd edək ki, antiterror tədbirlərindən son­ra saxlanılan şəxsləri heç Ermənistan hakimiyyəti “hərbi əsir” adlandırmır və onlarla bağlı məsələ qaldırmır. Çünki qaldıracağı məsələnin əsassız olacağı­nı dərk edir.

Xarici İşlər Nazirliyinin hələ 2023-cü il mayın 23-də yaydığı açıqlamada qeyd olunmuşdu ki, Azərbaycan müha­ribə zamanı ələ keçirilmiş hərbi əsirləri bir çox hallarda təmənnasız olaraq Er­mənistana geri qaytarıb. “Müharibədən sonra ölkəmizin ərazisində hərbi təxri­batlar törətmək məqsədilə Ermənistan tərəfindən göndərilmiş bir qrup erməni hərbçiyə gəldikdə isə onların hərbi əsir olmadığı Ermənistan rəhbərliyinə mə­lumdur. Azərbaycan xoş niyyət nümayiş etdirərək bu qrupdan olan şəxslərin də, demək olar ki, yarısını Ermənistana geri qaytarıb. Ancaq Ermənistan etimad qu­ruculuğu səylərinə zərbə vurmaqda da­vam edir”, – deyə XİN-dən bildirilmişdi.

Bədnam konfransla bağlı fikirlərini bölüşən Beynəlxalq Avrasiya Mət­buat Fondunun (BAMF) prezidenti Umud Rəhimoğlu bildirib ki, belə bir tədbirin keçirilməsi, ilk növbədə, xris­tian təəssübkeşliyidir. Onun sözlərinə görə, məsələnin birmənalı tərəfi bu­dur: “Qərb dövlətləri əsasən xristian təəssübkeşliyi mövqeyindən çıxış edirlər. Məsələnin ikinci tərəfi odur ki, Ermənistan özü nə qədər zəifdirsə, kənardakı lobbisi bir o qədər güclüdür. Qarabağda fiaskoya uğradılan erməni separatçılar hazırda beynəlxalq aləmi çaşdırmaq missiyasını öz üzərlərinə götürüblər. Çox təəssüf ki, separatçı­lara uzun illərdir dəstək olan qüvvələr var. Hələ iki yüz il bundan əvvəl Azər­baycan torpaqları bölünəndə ermənilər bölücülük missiyasına təkan veriblər. Təxminən, yüz il bundan əvvəl ermə­nilərin xaricdəki havadarları Azərbay­can torpaqları hesabına Ermənistan adlanan dövlətin yaranmasına rəvac veriblər. Bu gün də həmin fəaliyyəti hə­yata keçirməyə çalışırlar”.

U.Rəhimoğlu BAMF-ın dəstəyi ilə Azərbaycan dilində nəşr olunmuş Belçi­kanın sabiq baş naziri, Avropa Xalqları Partiyasının sabiq sədri, qitənin tanın­mış ictimai-siyasi xadimi Vilfrid Marten­sin “Avropa: Mən mübarizə aparıram, mən qalib gəlirəm” kitabını xatırladıb: “Onu da deyim ki, Avropa Xalqları Par­tiyası fraksiyasından olan deputat And­rey Kovaçevin partiyasının qurucusu mənim köhnə dostum, mərhum Vilfrid Martensdir. Onu yaxşı tanıyırdım. Belə məsələlərdə çox obyektiv, dürüst mövqe sərgiləyirdi. Kifayət qədər ciddi nəşrdir. Kitabda Avropa İttifaqının necə və nə üçün yarandığı xatırladılır, xüsusilə də gənclərin diqqətinə çatdırılır. Nəşrdə Avropa və dünya siyasətinin çox ma­raqlı, dəyərli məqamları, müəllifin özü­nün də iştirakçısı olduğu ictimai-siyasi proseslərə birbaşa təsir edən hadisələr qələmə alınıb. Onu da deyim ki, memu­ar yazmaq bütün yazı işləri arasında ən çətinidir”.

Fond rəhbəri kitabın Azərbaycan di­lində çap olunmasından sonra ölkə­mizdə nəşrə yaranan böyük marağın səbəbini də izah edib: “Azərbaycan müstəsna coğrafi mövqeyə malikdir. Rusiya, Türkiyə və İranın əhatəsində yerləşən Azərbaycan tarix boyu öz kimliyini formalaşdıra və bənzərsizliyi­ni qoruyub saxlaya bilmişdir. Bununla belə region qeyri-sabitdir. Ermənistan–Azərbaycan münasibətləri ilə bağlı bir çox məsələlər hələ də həll olunmayıb. Bəlkə də Avropa quruculuğu təcrübəsi, xüsusilə də, bir-birinə qarşı amansız­casına döyüşmüş Almaniya və Fran­sanın bugünkü müttəfiqliyi burada nü­munə rolunu oynaya bilər. Lakin çox gözəl dərk edirəm ki, Ermənistanın si­yasi rəhbərliyi tərəfindən əməli təşəb­büslərin göstərilməsi, erməni xalqının kin-küdurəti unudaraq, regionda sülh təşəbbüslərinə qoşulması üçün cə­sarət lazımdır. Bu kitabı da Kovaçevin birtərəfli mövqe tutmaması üçün xatır­latdım. Vilfrid Martensin kitabında bu barədə siyasi təhlillər yer alıb”.

U.Rəhimoğlu konfransın təşəbbüs­karı olan olan deputata Azərbaycan həqiqətlərinə diqqət yetirmək çağırışı edib: “Cənab Kovaçevə səslənib demək istəyirəm ki, sələflərinin yoluna sadiqlik, sədaqət nümayiş etdirsin. Regionda se­partizmin alovlanmasına yox, sülhün, əmin-amanlığın yaranmasına xidmət edən addımlar atsın. Konfransda mü­zakirələr zamanı mövzunu Ermənistan müstəvisindən Azərbaycan müstəvisinə gətirsin. Erməni vandalları, separatçıla­rı tərəfindən Azərbaycana qarşı dəfələr­lə qətliamlar, soyqırımları törədilib, xalqımız deportasiyalara məruz qalıb. Ona məsləhət görərdim ki, müzakirələr zamanı bu məsələlərdən də danışılsın”.

Politoloq Yeganə Hacıyeva isə qeyd edib ki, Avropa Parlamenti ittifaqa daxil olan 27 ölkənin daxili problemləri­ni bir kənara qoyaraq, Aİ dövlətlərində­ki lobbiçi və siyasi qrupların sifarişləri əsasında təşəbbüslər həyata keçirir. Bu təşəbbüslərdə isə anti-Azərbaycan və anti-Türkiyə təmayülləri hər zaman öndə gedir: “Avropa Parlamenti növbəti dəfə yalan və təhrif olunmuş məlumat­lar əsasında Azərbaycanla bağlı konf­rans keçirməyə hazırlaşır. Konfransda ənənəvi olaraq, Avropa Parlamentdəki “Ermənistanın dostları” qrupunun üzvü olan və anti-Azərbaycan çağırışlar­la yadda qalan deputatların iştirakı və çıxışları gözlənilir. Onlar Avroparlamen­tin qətnamələri əsasında Azərbaycan ətrafında informasiya cəbhəsi yaratma­ğa çalışırlar. Daha doğrusu, həmin in­formasiya cəbhəsi çoxdan mövcuddur. İndi isə o cəbhədən “növbəti hücuma keçməyə” cəhd edirlər. Sübut etməyə çalışırlar ki, sanki təcavüzə məruz qalan tərəf Azərbaycan deyil, Ermənistandır”.

Politoloq onu da qeyd edib ki, Avro­pa Parlamenti müəyyən siyasi sifarişlər əsasında antiterror tədbirlərindən sonra saxlanılanları “hərbi əsir” kimi təsnif et­məyə çalışır. Bu isə Azərbaycana qarşı qərəzin növbəti ifadəsidir.

Səxavət HƏMİD
XQ





Siyasət