İl-ildən uğurlu gəlir

post-img

Yanvar–fevral aylarında ölkədə ÜDM istehsalı 5 faiz artıb

Azərbaycan iqtisadiyyatı 2024-cü ilə yüksək göstəricilərlə başlayıb. Bunu iqtisadiyyat naziri Mikayıl Cabbarov “X” hesabında etdiyi paylaşımda bildi­rib. Nazir qeyd edib ki, cari ilin yanvar–fevral aylarında ölkədə ümumi daxili məhsulunun həcmi 2023-cü ilin müvafiq dövrünə nisbətən 5 faiz artaraq 18 milyard 576,9 milyon manat, qeyri-neft-qaz sektorunda isə 10,1 faiz çoxalaraq 11 milyard 843,3 milyon manat təşkil edib.

Hesabat dövründə ölkə iqtisadiyya­tının aparıcı sahəsi olan sənayedə baş verən artım diqqəti xüsusilə cəlb edir. Dövlət Statistika Komitəsinin məlumatına görə, 2024-cü ilin yanvar-fevral aylarında sənaye müəssisələri və bu sahədə fəaliy­yət göstərən fərdi sahibkarlar tərəfindən 10,2 milyard manatlıq sənaye məhsulu istehsal edilib. Ötən ilin müvafiq dövrü ilə müqayisədə neft-qaz sektorunda məhsul istehsalı 0,9 faiz azalsa da, qeyri neft-qaz sektorunda 11,2 faizlik artım qeydə alı­nıb. Bu da ölkə iqtisadiyyatının şaxələn­dirilməsi, qeyri-neft sektorunun inkişaf et­dirilməsi ilə bağlı həyata keçirilən ardıcıl və məqsədyönlü tədbirlərin nəticəsidir. 

İlin ötən iki ayında sənaye məhsulu­nun 63,9 faizi mədənçıxarma sektorunun payına düşüb. Hesabat dövründə sözü­gedən sektor üzrə əmtəəlik neft hasilatı 6,7 faiz azalıb, əmtəəlik qaz hasilatı isə 4 faiz artıb. Sənaye məhsulunun 5,7 faizi elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı, 0,9 faizi isə su təchizatı, tullantıların təmizlənməsi və emalı sektorlarında istehsal olunub.

Cari ilin yanvar-fevral aylarında emal sektorunda istehsal olunmuş məhsu­lunun sənayedə xüsusi çəkisi 29,5 faiz təşkil edib. Sözügedən dövrdə dəri və dəri məmulatlarının, ayaqqabıların, geyimlərin, metallurgiya, əczaçılıq sə­nayesi məhsullarının, qida məhsulları və içkilərin, tikinti materiallarının, rezin və plastik kütlə məmulatlarının, elektrik avadanlıqlarının, kompüter, elektron və optik məhsulların, kimya sənayesi, toxu­culuq və neft məhsullarının istehsalında əhəmiyyətli artım qeydə alınıb. Bununla belə, tütün məmulatlarının, hazır metal məmulatlarının, poliqrafiya məhsulları­nın, maşın və avadanlıqların, ağac emalı və ağacdan məmulatların və sair nəqliy­yat vasitələrinin istehsalında isə azalma qeydə alınıb. 

Hesabat dövründə ölkə sənayesinin elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı sektorunda istehsalın həcmi 7,9 faiz azalıb, su təc­hizatı, tullantıların təmizlənməsi və emalı sektorunda isə 22,7 faiz artıb.

Bu ilin yanvar-fefral aylarında iqtisa­diyyatın digər mühüm sahələrindən olan aqrar sektorda 954,7 milyon manat dəyə­rində məhsul istehsal edilib. Ötən ilin eyni dövrü ilə müqayisədə kənd təsərrüfatı məhsullarının istehsalında cüzi azalma (0,1 faiz) müşahidə olunub. Hesabat dövründə ölkədə istehsal olunmuş bit­kiçilik məhsullarının dəyəri 3,8 faiz aza­laraq 46,5 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 0,3 faiz azalaraq 908,2 milyon manat təşkil edib. Yeri gəl­mişkən, bitkiçilik məhsullarının istehsa­lında qeydə alınmış nəzərəçarpan azal­ma, əsasən, aqrar sektor üçün heç də əlverişli olmayan qış fəsli ilə bağlıdır. 

Hazırda fermerlər və fərdi təsərrüfat sahibləri bol məhsulun təməlini qoymaq üçün bütün imkanları səfərbər ediblər. Bu məqsədlə ölkənin əksər rayonlarında yazlıq bitkilərin əkininə başlanılıb. Dövlət Statistika Komitəsinin məlumatına görə, mart ayının 1-nə kimi ölkə üzrə 64,1 min hektar sahədə yazlıq bitkilər, o cümlədən 11,7 min hektar sahədə dənli və dənli pax­lalı bitkilər, 11,8 min hektar sahədə kartof, 13,6 min hektar sahədə tərəvəz, 26,8 min hektar sahədə yemlik bitkilər, 0,2 min hek­tar sahədə isə şəkər çuğunduru əkilib. 

Qeyd etdiyimiz kimi, kənd təsərrüfa­tının əsas sahələrindən olan heyvandar­lıqda isə məhsul istehsalında cüzi azal­ma qeydə alınıb. Belə ki, cari ilin ilk iki ayı ərzində ölkədə quş əti də daxil olmaqla diri çəkidə 89,1 min ton ət, 324,5 min ton süd və 367,8 milyon ədəd yumurta isteh­sal edilib. Ötən ilin eyni dövrü ilə müqa­yisədə süd və yumurta istehsalı artsa da, ət istehsalı nisbətən azalıb. 

2024-cü ilin yanvar-fevral aylarında Azərbaycanda əsas kapitala yönəldilmiş investisiyaların həcmində əhəmiyyətli ar­tım baş verib. Dövlət Statistika Komitəsi bildirir ki, hesabat dövründə əsas kapitala 2 milyard 638,1 milyon manat məbləğin­də investisiya yönəldilib ki, bu da əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 15,5 faiz çoxdur. Yanvar-fevral aylarında neft-qaz sektoruna yatırılmış investisiyaların həcmi 12,5 faiz, qeyri neft-qaz sektoruna yönəldilmiş investisiyaların həcmi isə 17,1 faiz artıb. İstifadə olunmuş investisiyanın 1 milyard 439,7 milyon manatı və ya 54,6 faizi məhsul istehsalı sahələrinə, 1 milyard 64,7 milyon manatı xidmət sahələrinə, 133,7 milyon manatı isə yaşayış evlərinin tikintisinə sərf olunub. Qeyd edək ki, bu dövrdə əsas kapitala yönəldilmiş investi­siyaların 2 milyard 121,3 milyon manatını və ya 80,4 faizini daxili investisiyalar təşkil edib. Kapital qoyuluşu üzrə investisiyala­rın 1 milyard 921,3 milyon manatı və ya 72,8 faizi bilavasitə tikinti-quraşdırma işlə­rinin yerinə yetirilməsinə xərclənib. 

Cari ilin ötən iki ayında ölkənin pə­rakəndə ticarət şəbəkəsində istehlak­çılara 8 milyard 555 milyon manatlıq, o cümlədən 4 milyard 726,4 milyon ma­natlıq ərzaq məhsulları, içkilər və tütün məmulatları, eləcə də 3 milyard 828,6 milyon manatlıq qeyri-ərzaq malları sa­tılıb. Dövlət Statistika Komitəsinin yan­var-fevral aylarının sosial-iqtisadi inkişafı ilə bağlı məlumatında bildirilir ki, 2023-cü ilin eyni dövrü ilə müqayisədə pərakəndə ticarət dövriyyəsi real ifadədə 3,5 faiz, o cümlədən ərzaq məhsulları, içkilər və tü­tün məmulatları üzrə 2,1 faiz, qeyri-ərzaq malları üzrə isə 5,2 faiz artıb.

Yanvar-fevral aylarında alıcıların pərakəndə ticarət şəbəkəsində aldıqla­rı mallara xərclədiyi vəsaitin 50,1 faizi ərzaq məhsullarının, 5,1 faizi içkilər və tütün məmulatlarının, 15,3 faizi toxucu­luq məhsulları, geyim və ayaqqabıların, 5,3 faizi avtomobil benzini və dizel ya­nacağının, 4,7 faizi elektrik malları və mebellərin, 2,4 faizi əczaçılıq məhsulları və tibbi ləvazimatların, 1,3 faizi kompü­terlər, telekommunikasiya avadanlıqları və çap məhsullarının, 15,8 faizi isə digər qeyri-ərzaq mallarının alınmasına sərf olunub.

Bu ilin ötən iki ayında ölkə əhalisinin nominal gəlirləri əvvəlki ilin eyni dövrü ilə müqayisədə 4,7 faiz artaraq 11 milyard 190,3 milyon manat və ya hər nəfərə orta hesabla 1098,8 manat təşkil edib.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat