Ötən il əksər ölkələrlə ixrac-idxal əməliyyatı həyata keçirilib
Xarici ticarət dövriyyəsi, idxal-ixrac əməliyyatları ölkələrarası münasibətlərin, iqtisadi əlaqələrin inkişafında daim diqqətdə saxlanılır. Məhz buna görə dövlət başçıları, eləcə də nümayəndə heyətləri arasında keçirilən görüşlərin, danışıqların əsas mövzularından biri də xarici ticarət dövriyyəsinin artırılması olur. Azərbaycanda da xarici iqtisadi əlaqələrin genişlənməsinə hər zaman mühüm önəm verilir, ixracın strukturunda qeyri-neft məhsullarının, o cümlədən ərzaq mallarının çəkisinin artırılması, rəqabətqabiliyyətliyinin yüksəldilməsi ilə bu sahənin sürətli inkişafı şərtləndirilir. Təbii ki, bu yolla dünya bazarlarına çıxarılan məhsullarımız istehlakçılar tərəfindən razılıqla qarşılanır.
Prezident İlham Əliyev çıxışlarının birində bu əhəmiyyətli məqama toxunaraq deyib: “İndi bizim yerli məhsullarımız heç bir xarici məhsuldan geri qalmır, həm keyfiyyəti, həm onların müasir qablaşdırılması, xarici görünüşü, dadı baxımından... Azərbaycanda indi kənd təsərrüfatı emalı sənayesində elə gözəl məhsullar istehsal olunur ki, Avropa ölkələrinə də, Amerikaya da ixrac edilir”.
Son illərdə rəqabət indeksi göstəricisini ilbəil yaxşılaşdıran Azərbaycan Respublikasında xarici ticarət dövriyyəsinin tərkibində mühüm dəyişikliklər baş verib. Belə ki, ölkəmizdə yeni istehsal sahələrində buraxılan məhsullar daxili bazarda satılan analoji xarici malları tədricən sıxışdırıb çıxarıb, hətta bəzi hallarda ixraca da yönəldilib. Bu da son nəticədə daxili bazarın idxaldan asılılığının azaldılmasına imkan yaradıb.
Qeyd edək ki, hazırda Azərbaycanın qeyri-neft məhsullarının xarici bazarlara ixrac imkanlarının daha da genişləndirilməsi məqsədilə mühüm işlər görülüb. Belə ki, qanunvericilik bazası təkmilləşdirilib, ixrac mallarının istehsalı stimullaşdırılıb, ixracın infrastruktur təminatı yaxşılaşdırılıb. Sənaye zonalarının genişləndirilməsi, həmçinin potensial ixrac bazarı ölkələrində Azərbaycan ticarət evlərinin sayının artırılması nəticəsində sözügedən istiqamətdə görülən işlərin səmərəliliyi artırılıb.
Son illərdə ölkəmizin ticarət sahəsində əməkdaşlıq coğrafiyası sürətlə genişləndirilib. Məhz bunun nəticəsidir ki, 2023-cü ildə Azərbaycan Respublikasının hüquqi və fiziki şəxsləri tərəfindən dünyanın 193 ölkəsindəki tərəfdaşlarla ticarət əməliyyatları həyata keçirilib, 121 ölkəyə məhsul ixrac olunub, 184 ölkədən idxal edilib.
Onu da deyək ki, gömrük orqanlarında qeydiyyatı aparılmış, lakin gömrük rəsmiləşdirilməsi tam başa çatdırılmamış ixrac olunan xam neft və təbii qazın statistik qiymətləndirilmiş dəyəri nəzərə alınmaqla 2023-cü ildə ölkənin xarici ticarət dövriyyəsi 44 milyard 868 milyon dollara çatıb. Ticarət dövriyyəsinin 27 milyard 583 milyon dollarını və ya 61,5 faizini ölkədən ixrac olunmuş məhsulların, 17 milyard 285 milyon dollarını (38,5 faiz) isə idxal məhsullarının dəyəri təşkil edib, nəticədə 10 milyard 298 milyon dollar məbləğində müsbət saldo yaranıb. 2023-cü ildə qeyri neft-qaz məhsullarının ixracı əvvəlki illə müqayisədə faktiki qiymətlərlə 9,8 faiz, real ifadədə 3,9 faiz artaraq 3 milyon 348 milyon dollar təşkil edib.
Dövlət Gömrük Komitəsindən daxil olmuş məlumatlara əsasən ölkənin xarici ticarət dövriyyəsinin 30,6 faizi İtaliya, 14,9 faizi Türkiyə, 8,5 faizi Rusiya, 6,1 faizi Çin, 3,6 faizi Almaniya, hər biri 2,8 faiz olmaqla İsrail və Hindistan, 2,7 faizi Yunanıstan, 1,8 faizi ABŞ, hər biri 1,7 faiz olmaqla İspaniya və Gürcüstan, hər biri 1,5 faiz olmaqla Birləşmiş Krallıq, Türkmənistan və Çexiya, 1,3 faizi Rumıniya, 1,2 faizi Xorvatiya, hər biri 1faiz olmaqla Fransa, Bolqarıstan və İran, hər biri 0,9 faiz olmaqla Vyetnam və Yaponiya, 11 faizi isə digər ölkələr ilə aparılan ticarət əməliyyatlarının payına düşüb.
Bu uğurlu göstəricilərin əldə edilməsində dövlətimizin başçısının rəhbərliyi ilə ardıcıl və sistemli surətdə həyata keçirilən sənayenin inkişafına dair Dövlət Proqramı da əhəmiyyətli rol oynayıb. Bu proqram şübhəsiz ki, ənənəvi sənaye sahələri ilə yanaşı, Azərbaycan iqtisadiyyatı üçün yeni olan kosmik, müdafiə, gəmiqayırma, alternativ enerji və digər sahələrin, həmçinin müasir istehsal infrastrukturuna malik sənaye zonalarının inkişafını sürətləndirib. Belə vəziyyət ölkənin ixrac qabiliyyətinin güclənməsinə, idxalı əvəz edən məhsulların istehsalının artırılmasına da əhəmiyyətli təsir göstərib.
Şübhəsiz ki, bu məsələdə qabaqcıl texnologiyalardan və idarəetmə təcrübəsindən səmərəli yararlanmaq böyük əhəmiyyətə malikdir. Bundan başqa, ölkədə hökm sürən siyasi və makroiqtisadi sabitlik, əlverişli coğrafi mövqe, zəngin təbii ehtiyatlar, yüksək ixtisaslı işçi qüvvəsi Azərbaycanı xarici sərmayələr üçün ən cəlbedici dövlətlərdən biri kimi tanıdır.
Qeyri-neft sənayesində məhsul istehsalının artımına iqtisadiyyatın rəqəmsallaşması ilə bağlı layihələrin uğurla reallaşdırılması da müsbət təsir göstərir. Rəqəmsallaşma respublikamızın investisiya cəlbediciliyini şərtləndirən mühüm amillərdən biri olduğu üçün investorlar tərəfindən bu sahəyə aid infrastrukturun qurulması, eləcə də elektron ticarətin inkişaf etdirilməsi daim diqqət mərkəzində saxlanılır. Məhz bunun nəticəsidir ki, Azərbaycanda təhlükəsiz rəqəmsal ödəniş həllərinin genişləndirilməsi, etibarlı logistik şəbəkələrin təkmilləşdirilməsi kimi güclü rəqəmsal infrastruktur yaradılmasına böyük maraq göstərilir və bu sahədə müsbət göstəricilər əldə olunur.
Onu da qeyd edək ki, qeyri-neft ixracının yüksəlməsi bu sahənin, bütövlükdə, keyfiyyət baxımından strukturunun tənzimlənməsi ilə bağlıdır. Bunun nəticəsidir ki, Azərbaycan əvvəlki illərdən fərqli olaraq yalnız xammal məhsulları deyil, eyni zamanda, emaledici məhsulları da dünya bazarına çıxarır. Bu da təbii ki, qeyri-neft ixracatının dayanıqlığı baxımından mühüm əhəmiyyət kəsb edir.
Beləliklə, son illər ölkəmizdə dövlət səviyyəsində həyata keçirilən bir sıra zəruri tədbirlər, strateji məhsulların idxal və ixracında bütün fiziki və hüquqi şəxslərin bərabər hüquqlarının gerçəkləşdirilməsi və inhisarçılığın qarşısının alınması istiqamətində görülən işlər, daxili bazarın marketinqinin düzgün müəyyənləşdirilməsi, gömrük əlaqələrinin sadələşdirilməsi, xarici ticarətin liberallaşdırılması kimi məsələlər, heç şübhəsiz, xarici iqtisadi əlaqələrin həcminin və coğrafiyasının bir qədər də genişlənməsinə səbəb olub.
Vaqif BAYRAMOV
XQ