Soyuq Şimal qütbü “qaynar nöqtə”yə çevrilir

post-img

“Business Insider” nəşri yazır ki, ABŞ Rusiya və Çini cilovlamaq üçün Arktika şərtlərinə uyğun ordu hissələri hazırlayır. Bununla bağlı fevral ayında Alyaskada hərbi məşqlərin də keçirildiyi bildirilir. Təlimlərdə 8 min amerikalı hərbçinin, eləcə də Birləşmiş Ştatların müttəfiqlərinin hərbi personalının da iştirak etdiyi vurğulanır. Nəşrin yazdığına görə, Vaşinqton bu strateji regionda güclənmək istəyən Moskva və Pekinin hərəkətlərindən narahatdır. Jurnalistlərin fikrincə, Birləşmiş Ştatlar Arktikada gərgin strateji rəqabətin yeni dövrünə qədəm qoyur. Bu isə o deməkdir ki, “soyuq müharibə”nin hərarəti bu dəfə soyuq ərazidə yüksələcək.

Şimal qütb bölgəsində yerləşən Ark­tikanın ərazisi təxminən 21 milyon kvad­ratkilometrdir. Hazırda Rusiya, Kanada, ABŞ, Norveç və Danimarka subarktik dövlətlər hesab olunurlar. İslandiya, İs­veç və Finlandiya da Arktika ilə okean sərhədləri olmasa da, bu statusa iddi­alıdır. Hazırda Arktikada fəaliyyəti tam tənzimləyən beynəlxalq müqavilə yoxdur - o, Arktika dövlətlərinin milli qanunları, bir sıra ikitərəfli sazişlər və qismən bey­nəlxalq müqavilələr ilə tənzimlənir. lakin bu, Arktikanın hüquqi statusuna təsir göstərmir. Buna görə də, ərazi uğrunda mübarizə hələ də səngimir. 1920-ci illərin ortalarında Arktika faktiki olaraq sektorlar əsasında ABŞ, SSRİ, Norveç, Kanada və Danimarka arasında bölünmüşdü. Lakin 1982-ci ildə BMT-nin Dəniz Hüququ Kon­vensiyasının qəbulundan sonra vəziyyət dəyişdi. Konvensiyaya görə, Arktika döv­lətləri Arktikanın bu ərazilərinin onların dövlət sərhədlərinin bir hissəsi olmama­sına baxmayaraq, özlərinin müstəsna iqtisadi zonası və kontinental şelfində ye­raltı sərvətlərin işlənməsi üzrə müstəsna hüquqa malikdirlər. 

Bununla belə, maraqlı dövlətlər şelf­dənkənar zona üzərində suverenlik tələb edə bilməzlər. Yəni, beynəlxalq hüquqa görə, zona suları dünyanın bütün döv­lətlərinin sərbəst gəmiçilik, balıqçılıq və elmi tədqiqat azadlığı hüququna malik açıq dəniz olmalıdır. Hazırda Arktikada subarktik dövlətlər arasında aktiv sərhəd mübahisələri yoxdur, bəzi fikir ayrılıqla­rı var. 1990-cı ildə SSRİ və ABŞ Berinq dənizində sərhəd sazişi imzalamışdı­lar, 2010-cu ildə isə Rusiya və Norveç Barents dənizində dəniz sərhədləri ilə bağlı qırxillik mübahisəni həll edərək hər iki dövlətin iddia etdiyi ərazini bərabər bölmüşdülər. Ancaq Kanada və Qren­landiya (Danimarka) arasında yerləşən kiçik Hans adası, Bofort dənizində ABŞ və Kanada arasındakı sərhəd, eləcə də Qrenlandiya dənizindəki sərhəd müba­hisəli olaraq qalır. Bununla belə, Laplan­diya Universitetinin (Finlandiya) Arktika Mərkəzinin direktoru Timo Koivurovun sözlərinə görə, bu fikir ayrılıqları böyük problem deyil, sadəcə ona görə ki, bu ərazilərdə zəngin resurslar yoxdur və dövlətlər arasında münasibətlər də ki­fayət qədər yaxşıdır.

Bununla belə, Arktikanın yenidən bö­lünməsinin bütün Arktika dövlətləri tərə­findən birmənalı şəkildə qəbul edildiyini söyləmək olmaz. Məsələn, ABŞ BMT-nin Dəniz Hüququ Konvensiyasını hələ də imzalamır. 2007-ci ildə Şimal qütbün­də, Şimal Buzlu Okeanının dibində Ru­siyanın bayrağı şəklində xatirə nişanı quraşdırılmışdı. Keçmişdə belə işarələr ərazinin mənimsənilməsi aktı kimi qəbul edilirdi. Ona görə də Rusiyanın bu addı­mı Arktika dövlətləri tərəfindən birməna­lı qarşılanmamışdı. Arktika regionunda zəngin resursların olması sadalanan dövlətlər arasında rəqabəti getdikcə ar­tırır. ABŞ Geoloji Xidmətinin məlumatına görə, dünyanın kəşf edilməmiş karbo­hidrogen ehtiyatlarının təxminən 22 faizi Arktika buzlarının altında yerləşir. Üstə­lik, ehtiyatların 84 faizi Şimal Buzlu Oke­an şelfində, yalnız 16 faizi Şimal Buzlu Dairəsi daxilində Arktika dövlətlərinin quru ərazilərində yerləşir.

BMT-nin Dəniz hüququ Konvensiya­sının 76-cı maddəsi avtomatik olaraq şel­fin sərhədlərini 200 dəniz mili olaraq təyin edir, lakin dövlətə bu sərhəddən uzanan şelfə iddia etmək hüququ verir. Danimar­ka, Kanada və Rusiya qitə şelflərinin sər­hədlərini genişləndirmək istəyirlər. 2015-ci ildə Rusiya Arktikadakı kontinental şelfinin sərhədlərini genişləndirmək xahi­şi ilə ikinci dəfə BMT-yə müraciət etmişdi. BMT ilk dəfə olaraq Rusiyanın iddia et­diyi ərazilərin, əslində, onun kontinental şelfinin uzantısı olduğuna dair sübutların olmadığını əsas gətirərək ərizəni qəbul etməmişdi. 2019-cu ildə BMT-nin alt ko­mitəsi Arktika ərazilərinin bir hissəsinin Rusiya kontinental şelfinə geoloji mən­subluğunu ilkin olaraq tanımışdı. İndi şelf sahəsi 1,2 milyon km arta bilər. 

Lakin ehtiyatlar və gəmiçiliklə yanaşı, Arktika böyük strateji əhəmiyyətə də ma­likdir. Siyasi analitiklərin sözlərinə görə, Arktika “soyuq müharibə” dövründə cid­di şəkildə hərbiləşdirilmişdi, çünki orada ABŞ və Sovet İttifaqı bir-birinə çox yaxın idi. “Soyuq müharibə”nin bitməsindən sonra reğionda hərbi-strateji maraqların yenidən mühüm rol oynamağa başladığı bildirilir. Son zamanlar Rusiyanın bölgə­də hərbi mövcudluğunu artırması da belə düşünməyə əsas verir. Hollandiya gene­ralı Ceff Makmutri hələ 2018-ci ilin okt­yabrında Hollandiya və Böyük Britaniya arasında keçirilən hərbi təlimlər zamanı Arktikada Rusiya döyüş gəmilərinin və təyyarələrinin manevrlərini “soyuq mü­haribə 3.0” adlandırmışdı. Onun fikrincə, Moskva bu əməliyyatları həyata keçir­mək üçün hərbi güc və texnologiyanın birləşməsinə arxalanır və “Qərb ölkələri­nin hökumətlərinə qarşı təxribatçı fəaliy­yətlər həyata keçirir”. 

Vəziyyətlə barışmaq istəməyən ABŞ da Rusiya və Çinin rəqabəti qarşısında Arktikada mövcudluğunu genişləndir­məyə çalışır. Arktika regionunda siyasi prioritetlərini dəyişən Birləşmiş Ştatlar Arktikanın müdafiə strategiyasında Fin­landiyaya və İsveçə böyük ümidlər bəs­ləyir. Onların alyansa qoşulması ilə bağlı hüquqi proses artıq tamamlanmışdır və Arktikada əhəmiyyətli ərazi NATO nizam­naməsinin 5-ci maddəsi - qarşılıqlı mü­dafiə bəndi ilə əhatə olunacaq. Beləliklə, Birləşmiş Ştatlar alyansın yeni müttə­fiqlərindən regionda müdafiə məsələləri ilə bağlı fəal işləməyə başlayacaq. Va­şinqton Kanada və Danimarka kimi müt­təfiqləri ilə münasibətləri gücləndirmək üçün regionda qüvvələr toplayır. 

Hələ Donald Trampın prezidentliyi dövründə Ağ ev Arktikaya böyük diqqət yetirməyə başlamışdı. Birləşmiş Ştatlar bildirmişdi ki, Vaşinqtonun əsas məqsə­di bölgədə getdikcə güclənən Rusiya və Çini cilovlamaqdır. Buna görə də, ABŞ Arktika və Antarktidada milli maraqla­rı qorumaq, habelə regionda fəaliyyət göstərəcək tam hüquqlu buzqıran do­nanmanın köməyi ilə silahlı qüvvələrinin bu bölgələrdə ciddi mövcudluğunu təmin etməyə başlayır. Bu isə Arktikanın böyük dövlətlər arasında yeni ciddi qarşıdurma meydanına çevriləcəyi deməkdir.

Səbuhi MƏMMƏDOV
XQ

Dünya