Bakı Limanı – Xəzərin dünyaya ən böyük qapısı

post-img

Bu logistik mərkəzin illik yükaşırma gücü 25 milyon tona çatdırılacaq

Bakı Beynəlxalq Dəniz Ticarət Limanı 2015-ci ildə Bakı Limanının bazasında qurulub. Yük, neft və bərə terminallarından ibarət infrastrukturun nizamnamə kapitalı 16 min manat olub. 2018-ci il mayın 14-dən etibarən Prezident İlham Əliyevin iştirakı ilə açılışı reallaşan yeni Bakı Limanının 1-ci fazada yükaşırma potensialı 15 milyon tona, o cümlədən 100 min TEU konteynerə çatdırılıb. İkinci fazanın yekunlaşdırılmasından sonra isə limandan ildə 25 milyon tona qədər yükün aşırılacağı, 500 min TEU konteynerin keçə biləcəyi planlaşdırılıb. 

Prezident İlham Əliyev müsahibələ­rinin birində Azərbaycanın son 10 il ər­zində Xəzər dənizində ən böyük ticarət limanlarından birinin inşa etdiyini bildi­rib. Dövlətimizin başçısı daha sonra ha­zırda ölkəmizin regionun əsas nəqliyyat və logistika mərkəzlərindən birinə çevril­diyini, bütün yol infrastrukturu kimi, Bakı Limanının da imkanlarının genişləndi­rilməsi zərurətinin yarandığını diqqətə çatdırıb. 

Yaxın illərdə infrastrukturun möv­cud yükaşırma qabiliyyətinin iki dəfəyə yaxın artırılması nəzərdə tutulur. Hazır­da limanın tikintisinin 2-ci mərhələsinin layihələndirilməsi həyata keçirilir. Bu işlərin isə tezliklə yekunlaşdırılacağı gözlənilir. Layihə hazırlandıqdan sonra modelin təqdim olunacağı və limanın inkişafının buna uyğun şəkildə gerçək­ləşdiriləcəyi bildirilir. 

Bakı Limanında son illər həyata keçi­rilən layihələr nəticəsində infrastrukturun yükaşırma imkanları getdikcə genişlə­nib. Məsələn, sözügedən limandan keç­məklə Asiyadan İsveçrəyə daşınan yük­lərin həcmi 4 dəfə artıb. Bu fikir konkret faktlarla ifadə edilsə, demək olar ki, 2023-cü ildə Bakı Limanından keçməklə Asiyadan İsveçrəyə 551 min 740 tondan çox yük daşınıb ki, bu da 2022-ci illə müqayisədə 3,8 dəfə çoxdur. Yaxud bu ilin yanvar ayında Aktau limanından Qa­zaxıstan neftinin ixracı illik müqayisədə 36 faiz artaraq 287 min tona, o cümlə­dən Bakı Limanına nəqli 2 dəfə artaraq 116 min tona çatıb.

Ümumiyyətlə, Bakı Limanında ötən il ərzində 7,4 milyon ton yük aşırılıb. Bu, 2022-ci illə müqayisədə, təxminən, 16 faiz çoxdur. Ümumi yükaşırmanın 5,3 milyon tonu və yaxud 72 faizi tranzit yük­lərin payına düşüb.

Hesabat ilində vaqon aşırılması 3,5 faiz azalaraq 37,3 min ədəd olub. Vaqonların 18,6 mini və yaxud 49,7 faizi Bakı–Türkmənbaşı–Bakı, 18,7 mini və yaxud 50,3 faizi isə Bakı–Kurık–Aktau–Bakı istiqamətində hərəkət edib.

Bununla yanaşı, 2023-cü ildə iri həcmli nəqliyyat vasitələrinin (TIR) sayı əvvəlki ilə nisbətən 5,3 faiz arta­raq 54,2 min ədəd olub. Bu nəqliyyat vasitələrinin 25,8 mini (47,6 faizi) Bakı–Türkmənbaşı–Bakı, 28,4 mini (52,4 fa­izi) isə Bakı Kurık–Bakı istiqamətində daşınıb. Hesabat dövründə konteyner­lərin aşırılması TEU ekvivalentində 16 faiz azalaraq 43,9 min olub.

2023-cü ildə QSC-nin gəlirləri 2022-ci ilə nisbətən 5 faiz artaraq 50,3 milyon manat (ƏDV- xaric), xərcləri isə 40,2 milyon manat təşkil edib. Hesabat ilində dövlət büdcəsinə 8,4 milyon manat ver­gi və 5,4 milyon manat sosial təyinatlı ödənişlər olmaqla, ümumilikdə, 13,8 mil­yon manat vəsait köçürülüb.

Dübəndi Neft Terminalında da bu is­tiqamətdə yüksək göstəricilər əldə edi­lib. Terminalda ötən il ərzində xam neft və neft məhsullarının aşırılması 2022-ci illə müqayisədə 2,1 dəfə artaraq 2,1 mil­yon ton olub. 

Xatırladaq ki, 2018-ci il mayın 14-də Prezident İlham Əliyevin iştirakı ilə açılışı olmuş Bakı Limanının 1-ci faza­da yükaşırma potensialı 15 milyon ton, o cümlədən 100 min TEU konteynerdir. “Şərq-Qərb” və “Şimal-Cənub” bey­nəlxalq nəqliyyat qovşaqlarının kəsiş­məsində yerləşən, yüksək texniki im­kanlara malik, əməliyyatlar sahəsində nümunəvi rəqəmsal və “yaşıl həllər” tət­biq olunduğu limanın yükaşırma həcmi hər il artır. Eyni zamanda dünyada for­malaşan yeni reallıqlar fonunda tranzit dövlət kimi Azərbaycana getdikcə böyük tələb formalaşır və bu amil də ölkəmizin ən böyük dəniz qapısı, logistika mərkə­zi olan Bakı Limanına yüklərin cəlbini çoxaldır. 

Hesabat ilində “Bakı Beynəlxalq Də­niz Ticarət Limanı” QSC tərəfindən Bakı Limanının 2-ci fazasının genişləndiril­məsi çərçivəsində müvafiq məlumatlar toplanıb, texniki-iqtisadi əsaslandırma, ümumi planlaşdırma, layihə və tender sənədləri hazırlanıb. Ətraf mühitə təsirin qiymətləndirilməsi işlərinə isə başlanılıb. 

Son illər Bakı Limanına daxil olan Azərbaycan Respublikasının Dövlət bayrağı və xarici bayraq altında üzən gəmilərin sayının və onların giriş-çıxış intensivliyinin artması nəzərə alınaraq, sözügedən infrastrukturun, həmçinin Dübəndi Neft Terminalına maneəsiz giriş-çıxışının təmin edilməsi və dibdə­rinləşdirmə işlərinin həyata keçirilməsi məqsədilə 2023-cü il iyunun 1-də “Bakı Beynəlxalq Dəniz Ticarət Limanı” QSC, “Bakı Gəmiqayırma Zavodu” MMC və Niderlandın “Damen Shipyards Gorin­chem B.V.” şirkəti arasında üçtərəfli əməkdaşlığa dair saziş imzalanıb.

Sənədə əsasən, Bakı Gəmiqayırma Zavodunda adı çəkilən şirkətlə birgə Azərbaycanda ilk dəfə dibdərinləşdirən gəmi istehsal olunacaq və bu qurğu Bakı Limanının akvatoriyasında dərinli­yin qorunub saxlanması üçün həm giriş kanalı, həm də limanın körpüləri də daxil olmaqla digər hissələrində mütəmadi dibdərinləşdirmə işlərinin aparılmasına xidmət edəcək.

Prezident İlham Əliyevin 2023-cü il noyabrın 23-də təsdiq etdiyi “Azər­baycan Respublikasının ərazisindən keçən beynəlxalq nəqliyyat dəhlizləri­nin tranzit potensialının artırılmasına və tranzit yükdaşımaların təşviqinə dair 2024−2026-cı illər üçün Fəaliyyət Pla­nı”na əsasən, Bakı Beynəlxalq Dəniz Ticarət Limanının ərazisində bir sıra yenidənqurma işləri aparılacaq. Belə ki, qarşıdakı 3 il ərzində liman ərazisin­dəki çeşidləmə məntəqəsində əlavə 4 dəmiryolu xətti və konteyner terminalı tikiləcək ki, bu da yüklərin çeşidlənmə­sində operativliyin təmin edilməsinə im­kan yaradacaq. 

Bundan əlavə, həmin sənədə əsasən, Bakı və Hövsan limanlarında dövlət sərhədindən buraxılış məntəqələ­rində sərhəd və gömrük nəzarəti, eləcə də digər rəsmiləşdirmənin səmərəli qay­dada aparılmasını təmin edən infrast­ruktur yaradılacaq, Bakı Limanında yük terminalının konteyner üzrə yükaşırma qabiliyyətinin artırılması üçün infrastruk­tur genişləndiriləcək və zəruri avadan­lıqlar alınacaq. 

Eyni zamanda idxal və ixrac rejimli yüklər üzrə geniş funksiyalı əməliyyat imkanlarının yaranması nəticəsində isə Şərq−Qərb istiqamətində yükdaşımalar­da konteyner yüklərinin payı artırılacaq. Bütün bunlarla bərabər, Bakı Beynəlxalq Dəniz Ticarət Limanında idxal və ixrac gömrük rejimi prosedurları tətbiq edilə­cək.

Regional qovşaq konsepsiyasına uy­ğun olaraq yük avtomobil nəqliyyatı va­sitələrinin də bir mərkəzdə cəmləşməsi gerçəkləşdiriləcək. Sənədə əsasən, Bakı Limanında və Dübəndi Termina­lında dibdərinləşdirmə işləri həyata ke­çiriləcək. Bu da limanın və terminalın akvatoriyasına yükgötürmə qabiliyyəti və suya oturumu daha yüksək olan gə­milərin girişinə imkan yaradacaq. Fəaliy­yət planında nəzərdə tutulan işlərin əsas iştirakçısı kimi Bakı Limanı çıxış edəcək.

Vaqif BAYRAMOV
XQ

İqtisadiyyat