Şərq–Qərb yolu “Bir pəncərə”dən keçir

post-img

TRACECA-nın xidmətləri rəqəmsallaşdırılır

Azərbaycanda son 20 ildən artıq bir zaman ərzində inkişaf edən infrastruktur sahələrindən biri kimi nəqliyyat sektoruna irihəcmli investisiyaların yönəldilməsi nəticəsində hava limanları, körpülər, tunellər və yol qovşaqlarının tikilməsi, yeni avtomobil və dəmir yollarının çəkilməsi, yenidən qurulması ilə bağlı mühüm işlər görülüb. 

Tranzit potensialının reallaşdırıl­ması istiqamətində də irimiqyaslı la­yihələr həyata keçirilib, o cümlədən Avropa–Qafqaz–Asiya (TRACECA) nəqliyyat dəhlizinin fəaliyyəti güc­ləndirilib, Bakı–Tbilisi–Qars dəmir yolu istismara verilib, Şimal–Cənub, Şərq–Qərb nəqliyyat dəhlizləri üzrə magistral yolların tikintisi layihələri uğurla davam etdirilib.

TRACECA nəqliyyat dəhlizinin səmərəliliyinin artırılması istiqamətində tədbirlər bu gün də uğurla davam etdi­rilir. Tezliklə bu çərçivədə bir sıra xid­mətlərin rəqəmsallaşdırılması nəzərdə tutulur. TRACECA Hökumətlərarası Ko­missiyasının Azərbaycan üzrə milli kati­bi Rüfət Bayramov bununla bağlı media­ya bildirib ki, bu yöndə sürətli iş aparılır. Onun sözlərinə görə, nəqliyyat dəhlizi üzrə bir neçə nəqliyyat növündə rəqəm­sallaşma – həm TIR, həm də dəmir yolu daşımalarında elektron qaimənin tətbiqi planlaşdırılır. Azərbaycan, Ukrayna, Gürcüstan və Türkiyənin Qazaxıstan dəmir yolunda elektron “CİM/SMGS” qaiməsinin tətbiqi üçün memorandum imzalamaları da bu məqsədi şərtlən­dirir. Bir sözlə, transsərhəd və milli sə­viyyədə “CIM/SMGS” yük qaiməsi üzrə məlumatların elektron mübadiləsi üçün mövcud və yeni hazırlanan texniki həllə­rin tədbiqi gələcəkdə kağız sənədlərsiz dəmir yolu nəqliyyatına keçidi asanlaş­dırmaq məqsədi daşıyır. 

TRACECA, eyni zamanda, dəhlizi boyu “Bir pəncərə” prinsipindən istifadə etməklə tranzit gömrük prosedurunun da rəqəmsallaşdırılmasına mühüm önəm verir. Bu yenilik təkcə marşrutun cəlbe­diciliyinin artırmır, həm də əlavə yüklərin daşınmasına əlverişli şərait yaradır.

Qurum rəsmisi, həmçinin deyib ki, dəhlizlə yükdaşımanı asanlaşdırmaq məqsədi daşıyan vahid tranzit sazişi­nin tətbiqi ilə bağlı iş davamlı olacaq. Sazişin bu il imzalanacağını bildirən R.Bayramov qeyd edib ki, layihə həya­ta keçiriləndən sonra bütün dəhliz boyu ölkələrdə sözügedən razılaşmadan isti­fadə etmək imkanı yaranacaq, TRACE­CA boyunca yükdaşıma asanlaşacaq. 

Qeyd edək ki, TRACECA-nın bey­nəlxalq yük daşımalarının səmərəliliyi­nin təmin edilməsində fəal iştirakçı olan Azərbaycan bu dəhlizə üzv 13 ölkə ilə birlikdə nəhəng infrastrukturun inkişa­fında mühüm rol oynayır, daşımaların həcminin artırılması məqsədilə xüsusi layihələrin həyata keçirilməsinə prio­ritet istiqamət kimi yanaşır. Bir sözlə, TRACECA multimodal nəqliyyatın in­kişafı, dəhlizin rəqəmsallaşdırılması, sərhəd-keçid prosedurlarının asanlaş­dırılması, beynəlxalq avtomobil nəqliy­yatı üzrə icazə sistemləri, habelə inf­rastrukturun inkişafına yönəlmiş digər məsələlərin həllinə böyük önəm verir. 

Respublikamızda uzun illər ərzində nəqliyyat–logistika sisteminin inkişafı ilə bağlı qoyulan investisiya hesabına bu sahədə indiyədək mühüm layihələr icra edilib, dəmir və magistral yollar is­tifadəyə verilib, yeni tankerlər, bərələr və yük gəmiləri potensialı gücləndirilib, müasir gəmiqayırma müəssisəsi işə salınıb. Bütün bunlarla bərabər, ölkə­miz Bakı-Tbilisi-Qars dəmir yolu inf­rastrukturunun Gürcüstan hissəsinin genişləndirilməsinə sərmayə yatırıb. Respublikamız Yeni Bakı Dəniz Ticarət Limanının 15 milyon tondan 25 milyon tona qədər genişləndirilməsini, hava li­manları layihələrinin tamamlanmasını gerçəkləşdirilib. 

Bakı limanının ərazisi də daxil ol­maqla ətraf sahələrdə azad iqtisadi zona da yaradılacaq. Belə bir planın gələcəkdə reallaşması isə tranzit və da­şıma imkanları geniş olan mühüm nəq­liyyat qovşağının – adıçəkilən limanın TRACECA-nın inkişafında rolunu daha da artıracaq. 

Hazırda beynəlxalq daşımaların səmərəliliyinin artırılması məqsədilə Yeni Bakı Ticarət Limanı genişləndiri­lir. Bu zərurət Şərqdən Qərbə daşınan yüklərin həcminin getdikcə artması ilə əlaqədardır. Əgər limanın yükaşırma probleminin həlli diqqətdən kənar qa­larsa, o zaman qarşıya qoyulan və­zifənin reallaşmasında ciddi çətinliklər­lə üzləşilər. Belə ki, sözügedən ticarət infrastrukturu istifadəyə veriləndə onun yükaşırma qabiliyyəti 15 milyon ton idi. İndi isə Bakı Limanının imkanları 25 mil­yon tona qədər artırılıb. Digər tərəfdən Xəzər dənizində gəmi tikintisi də diqqət­də saxlanılıb. 

Ümumiyyətlə, son illər ərzində Pre­zident İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Xəzər dənizində ən böyük ticarət donanmamızın inkişafı dəniz nəqliyyatının rəqabətqabiliyyətini yük­səldib. Nəticədə TRACECA potensial imkanlarından istifadəni xeyli genişlən­dirib.

Həyata keçirilən tədbirlərin nəticəsi­dir ki, TRACECA beynəlxalq nəqliyyat dəhlizinin Azərbaycan hissəsində 2023-cü ilin 11 ayında yükaşırımı əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 12 milyon 308 min ton və ya 14,8 faiz artırılıb. 

Dövlət Statistika Komitəsinin mə­lumatına görə, ümumi daşınmanın 10 milyon 190 min tonu və yaxud 82,8 faizi beynəlxalq tranzit yüklərin, 17,2 faizi isə yerli yüklərin payına düşüb. Tranzit yük­lərin daşınma həcminin artımı ötən ilin yanvar-noyabr ayları ilə müqayisədə 2,8 faiz təşkil edib. 

TRACECA-dan danışarkən, bir məqamı da vurğulamaq istərdim. Belə ki, TRACECA ötən illərdə Şərq-Qərb, Şimal-Cənub nəqliyyat dəhlizlərinin reallaşmasında önəmli bir baza, kör­pü rolunu oynayıb. Başqa sözlə, Azər­baycan bununla Avropa-Qafqaz-Asiya nəqliyyat dəhlizinin inkişaf etdirilməsinə böyük töhfə verib, ölkəmizin dünya döv­lətləri ilə inteqrasiyasının daha da də­rinləşməsini sürətləndirib. Təkcə ötən il Azərbaycan üzərindən daşınan yüklərin həcmində 30 faizdən çox artım qeydə alınması məhz bunun bariz ifadəsi kimi diqqət çəkib.

Xatırladaq ki,TRACECA proqra­mı 1993-cü ilin may ayında Qafqaz və Mərkəzi Asiya ölkələrinin (Azərbaycan, Ermənistan, Gürcüstan, Özbəkistan, Qazaxıstan, Qırğızıstan, Tacikistan və Türkmənistan) ticarət və nəqliyyat na­zirlərinin iştirakı ilə Brüsseldə keçirilmiş konfransda irəli sürülüb. Konfrans işti­rakçıları TRACECA texniki yardım proq­ramının icrasını nəzərdə tutan Brüssel Bəyannaməsi qəbul edib. 1998-ci il sentyabrın 7-8-də Bakıda 9 ölkənin – Azərbaycan, Bolqarıstan, Gürcüstan, Qırğızıstan, Moldova, Rumıniya, Tür­kiyə, Özbəkistan və Ukraynanın dövlət başçıları, 13 beynəlxalq təşkilat və 32 dövlətdən nümayəndə heyətinin iştirak etdiyi tarixi İpək yolunun bərpasına həsr olunmuş beynəlxalq konfrans keçirilib və TRACECA Proqramı əsasında “Av­ropa – Qafqaz – Asiya dəhlizinin inki­şafı üzrə beynəlxalq nəqliyyat haqqında Əsas Çoxtərəfli Saziş” imzalanıb, Bakı Bəyannaməsi qəbul edilib.

Onu da qeyd edək ki, müstəqilliyi­mizin ilk illərində iqtisadi, o cümlədən nəqliyyat əlaqələrinin daha geniş coğra­fiyada bərpası zərurəti yaranmışdı. Buna görə də İpək yolunun müasir şəraitdə yeni elmi əsaslarla qurulması mühüm və təxirəsalınmaz vəzifələrdən biri kimi qar­şıya qoyulmuşdu. Avropa Komissiyası tərəfindən hazırlanan və respublikamı­zın iqtisadi inkişaf strategiyasında əsas yer tutan həmin yolun bərpası, “Avro­pa-Qafqaz-Asiya” (TRACECA) nəqliyyat dəhlizi layihəsinin həyata keçirilməsi isə həmin məqsədin gerçəkləşməsində həl­ledici rol oynadı. 

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat