Bakıda önəmli enerji tədbiri öz işinə başlayır

post-img

Bu gün Bakıda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclası keçiriləcək.

Energetika Nazirliyinin məlumatına görə, toplantıya Azərbaycan və Avropa İt­tifaqı daxil olmaqla 23 ölkə, 6 beynəlxalq təşkilat, 44 şirkət qatılacaq. Tədbirdə na­zirlər, nazir müavinləri və digər yüksək səviyyəli nümayəndələr iştirak edəcəklər.

Toplantı açılış sessiyasından sonra “Cənub Qaz Dəhlizi və Yaşıl enerji üzrə Nazirlər sessiyası”, “Cənub Qaz Dəhlizi sessiyası: Gələcəğə baxış” və “COP 29 fo­nunda yaşıl enerji sessiyası: Bərpa olunan enerjinin imkanlarından istifadə” üzrə ple­nar sessiyalarla davam edəcək. Həmçinin Məşvərət Şurası çərçivəsində “Azərbay­can Respublikası, Gürcüstan, Rumıniya və Macarıstan Hökumətləri arasında yaşıl enerjinin inkişafı və ötürülməsi sahəsində strateji tərəfdaşlıq haqqında Saziş”in icrası məqsədilə nazirlərin 6-cı iclası və “Dəniz­də külək enerjisindən istifadənin inkişafı” üzrə Azərbaycan–Avropa İttifaqı dəyirmi masası keçiriləcək.Tədbir çərçivəsində, həmçinin “yaşıl enerji” sahəsində sənədlə­rin imzalanması nəzərdə tutulur.

İclasın sonunda Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu iclası və Yaşıl Enerji Məşvərət Şu­rası çərçivəsində nazirlərin 2-ci iclasının yekunlarına dair mətbuat konfransı keçi­riləcək.

Xatırladaq ki, Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin ilk toplantısı 2015-ci il fevralın 12-də keçi­rilib. Bu il isə enerji sahəsində önəmli plat­forma sayılan tədbirin 10 yaşı tamam olur. Artıq ənənəvi xarakter almış Cənub Qaz Dəhlizi Məşvərət Şurasının ötən iclasla­rı müzakirə olunan məsələlər, aparılan diskussiyalar baxımından xeyli maraqlı və yaddaqalan olub. Elə iştirakçıların say tərkibinin ildən-ilə genişlənməsi, tədbirə bir sıra yeni ölkələrin dövlət və hökumət nümayəndələrinin qatılması da tədbirə olan beynəlxalq maraqdan irəli gəlir. 

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin iclasının keçirilmə­si, eləcə də Yaşıl Enerji Məşvərət Şurası çərçivəsində nazirlərin 2-ci iclasının baş tutması Azərbaycanın Avropanın enerji təminatında getdikcə artmaqda olan ro­lununun bariz nümunəsidir. İqtisadiyyatını getdikcə şaxələndirərək inkişaf etdirən Azərbaycan Avropanın enerji təhlükə­sizliyini təkcə neft-qaz potensialı ilə də deyil, həm də alternativ enerji mənbələri hesabına təmin etməsi işində əhəmiyyətli addım atıb.

Bu baxımdan Cənub Qaz Dəhlizi Məş­vərət Şurası çərçivəsində nazirlərin 10-cu toplantısından gözləntilər daha çoxdur. Bir sıra ölkələrin nazirlərinin, beynəlxalq enerji şirkətlərinin nümayəndələrinin və digər qonaqların iştirakı ilə keçiriləcək budəfəki iclasda Avropa bazarına daha çox qaz nəql edilməsi ilə bağlı imkanla­rın nəzərdən keçiriləcəyini, bununla bağlı geniş fikir mübadiləsinin aparılacağını təxmin etmək olar.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Cənub Qaz Dəhlizi Məşvərət Şurası çərçivəsində nazirlərin 10-cu toplantısı və Yaşıl Enerji Məşvərət Şurası çərçivə­sində nazirlərin 2-ci iclasına maraq ol­duqca yüksəkdir. Əvvəlki illərdə olduğu kimi, bu dəfə də iştirakçıların sayında ar­tım var. Builki tədbirdə dövlətlərdən fərqli olaraq şirkətlərin sayında daha çox artım müşahidə olunur. 

Bu baxımdan Almaniya şirkətlərinin Bakı toplantısına olan yüksək marağı diqqət çəkir. Belə ki, bu ölkəni təmsil edən şirkətlərin nümayəndələrindən ibarət böyük bir qrup neçə gündür ki, Azərbaycandadır. Alman qonaqlarla Azərbaycanın İqsadiyyat və Energeti­ka nazirliklərində bir sıra görüşlər keçi­rilib. Eyni zamanda, fevralın 28-də Pre­zident İlham Əliyev onların bir qismini qəbul edib. Bütün bu görüşlərdə enerji təhlükəsizliyi məsələsi, neft bumunun artdığı bir şəraitdə “yaşıl enerji” kompo­nentlərindən istifadə ilə bağlı söhbətlərin aparılması diqqət çəkir. Fikir mübadiləsi zamanı emissiyaların azaldılması üçün Azərbaycanın sənaye obyektlərində al­man texnologiyalarının quraşdırılması sahəsində birgə əməkdaşlıq məsələləri­nin önə çəkilməsinə xüsusi diqqət ayrı­lıb. Eyni zamanda, ölkəmizdə istehsal olunacaq “yaşıl enerji”nin ixracını nəzər­də tutan infrastrukturun yaradılması ilə bağlı işlər də danışıqların əsas mövzula­rından olub. Söhbət bu ilin dekabr ayın­da müfəssəl texniki-iqtisadi əsaslandır­ma layihəsinin hazırlanacağı Qara dəniz sualtı kabel xəttindən gedir. Düşünürəm ki, Azərbaycanın “yaşıl” sərvətini Avropa İttifaqı ölkələrinə çıxaracaq böyük enerji ixracı infrastrukturunun yaradılmasına və onun gücünün artırılmasına Avropa iqtisadiyyatının lokomotivi olan Almaniya da öz töhfələrini verə bilər. 

Cənub Qaz Dəhlizi Məşvərət Şurası­nın 10-cu toplantısından bir qədər əvvəl Avropa Yenidənqurma və İnkişaf Bankı Azərbaycanın Maliyyə Nazirliyinə 30 mil­yon dollar dəyərində kredit ayrılmasının yaxın zamanlarda təsdiqini gündəmə gə­tirdi. Sözügedən layihəni dövlətin enerji generasiyası və nəqlində maraqlarını təmin edən “AzərEnerji” icra edəcək. Həmin vəsait yarımstansiyaların daha da təkmilləşdirilməsinə, yenidən qurul­masına sərf olunacaq ki, bu da elektrik enerjisində itkilərin azaldılmasına im­kan yaradacaq. Azərbaycanda elektrik enerjisi istehsalının 93 faizi tükənən tə­bii sərvət, yəni təbii qazın yandırılması hesabına başa gəlir. Bütün bu işlər isə elektrik istehsalında təbii qazın isarfını əhəmiyyətli dərəcədə azaldacaq. 

Məlum olduğu kimi, bir neçə gün bundan əvvəl belə bir maraqlı açıqla­ma verildi ki, İtalyanın “Ansaldo Ener­gia” şirkəti tərəfindən Mingəçevirdə inşa olunan stansiya 2025-ci ildə istismara verildikdən sonra enerji sektorunda is­tifadə ediləcək qazın həcmi 1,2 milyard kubmetr azalacaq. Yeri gəlmişkən, hər il Azərbaycanda enerji sektoruna 5 mil­yard kubmetrə yaxın təbii qaz yönəldilir. Mövcud sistemlərin yenilənməsi, müa­sir texnologiyalara əsaslanan elektrik stansiyalarının tikintisi enerji məqsədləri üçün yandırılan qazın xeyli azaldılması­na imkan verəcək. 

Düşünürəm ki, bu, karbon emissiya­larının azaldılmasına ən böyük töhfəmiz olardı. Digər tərəfdən, enerji strukturun­da apardığımız islahatlar hesabına yeni bir mənbə əldə etmək yaranır. Ondan sonra AÇG-nin dərin qatlarından, “Ab­şeron” və digər yataqlardan çıxarılacaq həcmlər bizə 100 faiz imkan verir ki, Cənub Qaz Dəhlizinin genişləndirilməsi zamanı o resursları iki dəfə artıra bilək. Bununla da, hər hansı bir 3-cü tərəfin köməyi olmadan Avropadakı istehlak­çıların sabit, dayanıqlı enerji təminatını həyata keçirək.

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat