“Mirzoyan “vaqonu lokomotivdən qabağa” qoşmağa çalışır”

post-img

Politoloq Rasim Musabəyov İrəvanın “maraqlı təklifi”ni konkret danışıqlardan yayınmaq cəhdi sayır

Azərbaycan müharibədə ağır məğlubiyyətə uğramış Ermənistana qarşı bütün mümkün jestləri edib. Keçən ilin dekabrında yolunu azmış iki əsgərimizi əsir götürən Ermənistana onların əvəzində 32 erməni diversantını qaytardıq. Yəni, əsirlərin mübadiləsi 32–2 nisbətində həyata keçirildi. Əlbəttə ki, bu, ilk növbədə, Azərbaycan hakimiyyətinin öz vətəndaşına, düşmən əlində qalmış, barələrində cəfəng və ağlasığmaz həbs cəzaları kəsilmiş əsgərinə verdiyi dəyərin, qiymətin təzahürü idi. Amma ona qədər, 44 günlük müharibədən sonra sərhədi azaraq Azərbaycan tərəfə keçən 10-a yaxın erməni əsgərini dərhal, həm də qeyd-şərtsiz geri vermişdik. Rəsmi İrəvanın isə oxşar şəraitdə səhvə yol vermiş iki hərbçimizlə necə davrandığını bütün dünya gördü...

Gözləyirdik ki, etdiyimiz yaxşılığa haylar da adekvat, diplomatik etiketə uyğun davranış nümayiş etdirəcəklər. Amma nəyin şahidi olduq? İrəvan rəs­miləri Azərbaycanın uzatdığı xoşmə­ramlı əli sıxmaq əvəzinə, bunu az qala Bakının “zəifliyi”, yaxud da ona edilən təzyiqdən doğan məcburi addım kimi anladılar. Qalib tərəfin sülh çağırışla­rına məğlub tərəfdən, sadəcə olaraq, quru vədlər və məsuliyyətsiz, yalan bəyanatlar eşidirik. Bu, azmış kimi, hər cür bəhanə ilə sülh masasına əyləş­məkdən yayınan Paşinyan iqtidarı total silahlanmaya qərar verdi. Ermənista­nın 2024-cü il üçün müdafiə xərcləri re­kord miqdarda – 1 milyard 377 milyon ABŞ dolları həcmində müəyyən edilib. Ortaya təbii sual çıxır: bütün parametr­lərə görə özündən üstün qonşuları ilə sülhə gəlmək istədiyini bəyan edən kasıb ölkənin hakimiyyətinin dolanışıq dərdindən xaricə üz tutan əhalisinin boğazından kəsib hərbi büdcəsini şi­şirtməkdə məqsədi nədir? Məgər bunu sülh sazişini imzalamağa hazırlıq mər­hələsi saymaq olar? 

* * * 

Son vaxtlar Ermənistanın baş dip­lomatı Ararat Mirzoyanın dilindən “ma­raqlı” açıqlamalar eşitməkdəyik. O, hələ Berlin görüşündən əvvəl İrəvan­dakı çıxışında baş nazir Nikol Paşin­yanın tez-tez təkrarlamağı xoşladığı bir fikri səsləndirdi. Bu, Bakı ilə hücum etməmək və silahlar üzərində nəzarət barədə müqavilənin imzalanması tək­lifidir. Guya, belə bir paktın imzalan­masına “Cənubi Qafqazda sülhün və etimadın möhkəmləndirilməsi naminə” ehtiyac var. 

Konfransdakı çıxışında “Biz qo­şunların Ermənistan və Azərbaycan arasındakı sərhəddən güzgü effekti ilə çıxarılmasını və sonradan sərhəd­yanı ərazilərin delimitasiyasını təklif etmişik. Ermənistan, həmçinin silahlı qüvvələr üzərində qarşılıqlı nəzarət mexanizminin tətbiqini və sülh sazişi imzalanana qədər hücum etməmək barədə pakt bağlamağı təklif edir” – deyən A.Mirzoyanın “taktikasının” nədən ibarət olduğu Bakıya gün kimi aydındır. Belə təklifləri irəli sürməkdə yeganə məqsəd ikitərəfli sülh sazişi layihəsi üzrə danışıqlar prosesindən diqqəti yayındırmaq və sülhə gəlmə­dən Ermənistan və Azərbaycan ara­sında dövlətlərarası münasibətlərin qurulmasına nail olmaqdır. Bakı İrəva­nın bu cəhdlərinin siyasi manipulya­siyadan başqa heç nə olmadığını əv­vəllər də bəyan edib. Artıq qəti şübhə yoxdur ki, Paşinyan hakimiyyəti qarşı­sına sülh danışıqlarını ümidsiz dalana dirəmək məqsədini qoyub.

Mövzu ilə bağlı qəzetimizə açıq­lama verən Milli Məclisin deputatı, politoloq Rasim Musabəyov mahiy­yət etibarı ilə bu versiya ilə razılaşdı­ğını dilə gətirdi: “İrəvanın bu xarakterli təklifləri başqa cür deyil, məhz dövlət­lərarası münasibətlərin normallaşması üzrə konkret danışıqlardan boyun qa­çırmaq cəhdi kimi qiymətləndirilməlidir. Məsələ ondadır ki, Mirzoyan həmin açıqlaması ilə bir növ “vaqonu loko­motivdən əvvələ qoşmağa” cəhd edir. Axı, onun dediyi pakt və razılaşmalar, bir qayda olaraq, dövlətlər arasında münasibətlər normal məcraya düşən­dən sonra imzalanır. Amma əgər belə ikitərəfli razılaşma yoxdursa, həmin saziş və paktları kim imzalayar? Bu, sadəcə olaraq, sülh sazişi üzrə konkret və məzmunlu danışıqlardan yayınmaq cəhdidir”.

Paşinyan Paris səfərindən sonra müharibə ritorikasından istifadə et­məyə başlayıb. Burada Yelisey sarayı­nın təlimatları öz sözünü deməkdədir. Əslində, rəsmi İrəvanın məqsədi heç də, ilk baxışda göründüyü kimi, Azər­baycanı yeni və genişmiqyaslı hərbi qarşıdurmaya cəlb etmək deyil. Ən azı ona görə ki, bundan ötrü onun nə ki­fayət qədər gücü, nə də daxildə dəstəyi var. 

* * * 

R.Musabəyovun sözlərinə görə, İrəvan tərəfindən səsləndirilən “hü­cum etməmək barədə pakt” tarixdə sonuncu dəfə İkinci dünya müharibəsi ərəfəsində Molotov və Ribbentrop ara­sında bağlanıb: “Həmin paktın aqibə­tinin necə olduğunu yəqin yaşlı nəsil yaxşı xatırlayır. Hazırda təhlükəsizlik haqqında razılaşmalara, faktiki olaraq, “hücum etməmək barədə ikitərəfli pakt­larla” deyil, Helsinki razılaşması çərçi­vəsində imzalanmış çoxtərəfli müqa­vilərlərlə həllini tapır. Həmin prinsiplər çoxdan müzakirə edilib və şərtləndirilib. Azərbaycan və Ermənistan müstəqil dövlətlər olduqdan sonra Helsinki razı­laşmasına qoşulublar. Bundan başqa, Avropada adi silahlı qüvvələrə nəzarət barədə beynəlxalq müqavilə mövcud­dur ki, Azərbaycan və Ermənistan ona da öz imzalarını atıblar. Məlum təkliflə­rini bəyan edəndə Mirzoyan yəqin bu barədə “unudub” və yenidən “velosi­ped icad etməyə” girişib”. 

Tanınmış politoloq sözlərinə onu da əlavə etdi ki, Ermənistan bugünə­dək bütün bu regional və beynəlxalq müqavillərə riayət etməyib, əksinə, separatçıların arxasında gizlənərək, Azərbaycanın ərazilərini işğal edib: “Məhz işğal etdiyi torpaqlarımızda heç bir məhdudiyyət gözləmədən, tank, ra­ket, artilleriya qurğuları saxlayıb. İndi isə utanıb–çəkinmədən Azərbaycanı bununla bağlı hansısa sazişə, pakta imza atmağa çağırır. Yəni, Ermənistan hakimiyyəti hələ otuz il əvvəldən möv­cud olan həmin müqavilələrə qarşıi saymazlıq edib, onları sadəcə, ayaqlar altına atıb. Ona görə də Mirzoyanın bu gün etdiyi təkliflərə heç kim baxmaya­caq. Əgər bunda çox təkid etsələr, bu hərəkətlər dövlətlərarası münasibətləri normallaşdırmaq üzrə danışıqlardan boyun qaçırmaq kimi təsnifatlandırıla­caq”. 

* * * 

Ermənistan doğrudanmı yeni mü­haribə istəyir, yoxsa qərbli havadarla­rına güvənərək, bundan sonra da sülh danışıqlarını imitasiya etmək hesabına vaxt qazanmaq, bu zaman silahlanmaq və Azərbaycanı təxribata çəkmək niy­yətini güdür? Hansı məqsədlə hərəkət etməsindən asılı olmayaraq Bakı qarşı tərəfə sərt xəbərdarlığını çatdırıb.

“Fransa ilə Hindistan Ermənistanı silahlandırmaqla, necə deyərlər, tonqa­la yanacaq tökür və Ermənistanda qeyri-real fikir formalaşdırırlar”. Bunu Prezident İlham Əliyev ADA Universi­tetində keçirilən forumda deyib. Pre­zident onu da qeyd edib ki, ola bilsin Ermənistan həmin silahların hesabına “Dağlıq Qarabağ”ı təzədən işğal edə­cəyini düşünür: “Mən hələ o silahla­rın keyfiyyəti barədə danışmıram. Ən müasir silahları olsa belə, bu, mümkün deyil. Çünki müharibənin nəticəsi in­sanlar və onların ruhu sayəsində həll edilir. Hətta İkinci Qarabağ müharibə­sindən sonra Ermənistan özü bəyan etdi ki, müharibə zamanı onların 12 min fərarisi olub. Yəni onlar Azərbay­can qarşısında tab gətirə bilməzlər”.

Əgər İrəvanın reallığı dərk etməyə elementar ağlı qalıbsa və yeni fərari qoşununu, Bakı türmələrinin “sakin­lərinə” çevriləcək separatçıları, Hərbi Qənimətlər Parkımızın eksponatlarının daha da zənginləşməsini arzulamırsa, Bakının uzatdığı barışıq əlini sıxmalı­dır. Çünki indi vaxt onun əleyhinə işlə­yir...

İ.HƏSƏNQALA
XQ

Siyasət