Ermənistan – KTMT: “de-fakto”dan “de-yure”yə bir addım qalıb

post-img

İrəvan – Moskva münasibətlərindəki gərginlik pik həddə çatıb

“Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatında (KTMT) iştirakını dondurub”. Bu barədə baş nazir Nikol Paşinyan Parisə səfəri zamanı “France 24” telekanalına müsahibəsində demişdi. Dünən isə Hayastan parlamentindəki çıxışında gündəmi zəbt etmiş mövzu ilə bağlı qərarını bir qədər də konkretləşdirdi: “KTMT ilə de-fakto münasibətlərimizi dondurmuşuq. Əgər proses belə davam edərsə, münasibətləri de-yure dondurmalı olacağıq”.

Deputatlar qarşısında çıxış edən Paşinyan qərarının səbəbi kimi sö­zügedən təşkilatla bağlanmış sazi­şin Ermənistana heç bir fayda ver­məməsini göstərib.

“Sualımıza hələ də cavab almamışıq”

“Biz KTMT-yə sual ünvanladıq, amma bu günə qədər cavab almamı­şıq”,– deyən baş nazir bu məsələdə aydınlığın olmamasının Ermənistan Respublikasının milli təhlükəsizliyinə və ərazi bütövlüyünə təhdidlər yaratdı­ğını söyləyib. 

“Bizim sualımız çox aydındır: KTMT-nin Ermənistanda məsuliyyət sahəsi nədir?”, – Paşinyan bu sualın 2021-ci ilin may, noyabr və 2023-cü ilin sentyabr hadisələrindən sonra yaran­dığını vurğulayıb. 

Nikol daha sonra bildirib ki, bu məsələ ətrafında suallar KTMT mis­siyasının Ermənistana göndərilməsi kontekstində yaranıb və məhz bunun nəticəsində məlum hərəkətlər və araş­dırmalar nəticəsində vəziyyəti yenidən dəyərləndirmək lazım gəlib: “Əslində KTMT üzrə tərəfdaşlarımız vəziyyə­ti qiymətləndirməkdən imtina etdilər. Bu isə indi üzləşdiyimiz durumun ya­ranmasına səbəb oldu”. Nəhayət, baş nazir KTMT ilə münasibətlərin “don­durulması” ilə bağlı açıqlamasına belə aydınlıq gətirib: “Artıq bir ildir ki, Ermə­nistanın KTMT-də daimi nümayəndə­si yoxdur. Biz uzun müddətdir ki, KT­MT-nin tədbirlərində yüksək səviyyədə iştirak etmirik. Bu təşkilat qərar qəbul etməkdən ötrü konsensus prinsipindən istifadə edir, amma biz çox sadə sə­bəbə görə orada iştirak etmirik. Çünki niyə iştirak etməliyik? Sualımıza cavab verən yoxdur”.

Avropa İttifaqının (Aİ) mülki mis­siyasını öz ərazisində yerləşdirməklə onsuz da Kremlin qəzəbinə tuş gəlmiş İrəvanın son addımları heç də birmə­nalı qarşılanmayıb. Paşinyan parla­mentarilər qarşısındakı çıxışında Aİ-nin fəaliyyətinə də toxunub: “Aİ Ermənista­nın sərhədlərini açıq şəkildə tanıyıb. Məsələn, 2023-cü ilin oktyabrında Qranada dördtərəfli Bəyannaməsi, elə­cə də 2022-ci il 6 oktyabr tarixli Praqa Bəyannaməsi ilə. Elə üçtərəfli Bəyana­ta imza atan Rusiya Federasiyası da Ermənistanın mövcud sərhədlərini ta­nıyıb. Bu fakt Rusiya Prezidentinin 31 oktyabr 2022-ci ildə imzaladığı üçtərəfli Bəyannamənin mətnində də öz əksini tapıb. Bundan sonra biz KTMT-nin İrəvanda keçirilən sammitində dedik ki, imzaladığımız bəyanatı KTMT-nin ərazisi kimi müəyyən edək. Amma, bu, baş vermədi. Mən 2021–2022-ci illər­dən danışıram. Amma artıq 2023-cü il də arxada qalıb və biz mövqeyimizi dəqiqləşdirməliyik. Əslində, KTMT şi­kayət yeri deyil. Biz bu təşkilatın tam­hüquqlu üzvüyük, müşahidəçi və ya qonaq deyilik ki, şikayətimizi edək”.

Ermənistan baş naziri əvvəllər KTMT-nin ölkəsi üçün təhlükəsizlik sahəsində öz öhdəliklərini yerinə ye­tirmək əvəzinə, təhlükəsizlik problem­ləri yaratdığını bəyan etdiyini xatırla­dıb: “KTMT-nin Ermənistanın adekvat mövqeyini və təhlükəsizliyini təmin etmək öhdəliyinə baxmayaraq, bu­nun tam əksini həyata keçirir. Hazırda KTMT ilə münasibətlərimizi de-fakto dondurmuşuq. Əgər proses belə da­vam edərsə, əlaqələrimizi de-yure dondurmalı olacağıq. Biz başqa nə edə bilərik?”.

“Bunu bizdən xalq tələb edir”

Beləliklə, rəsmi İrəvanın Rusiya ilə bağları qoparmaq xəttini tutduğu aydındır. Fəqət, bu zaman ehtiyatlı tərpənməyə, Moskvaya mesajlar gön­dərməyə üstünlük verən Paşinyan iq­tidarının gec-tez əyləşdiyi stullarından birindən imtina edəcəyi şübhəsizdir. İrəvan bir növ həmin stulun şimal qon­şusunun təklif etdiyi kürsü olacağının anonsunu da verir. Amma yenə ikibaşlı açıqlamalar, Kremlin qəzəbindən sı­ğortalanmaq üçün diplomatik gedişlər Ermənistan hakimiyyətinin gündəmin­dədir. Məsələ ilə bağlı parlamentin spikeri Alen Simonyanın açıqlamasını da bu qəbildən saymaq olar. Simonyan dünən keçirdiyi brifinqdə belə deyib: “Ermənistan hakimiyyəti xarici siyasət vektorunu dəyişmir. İrəvanın Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) çıxmaq barədə qərarı yoxdur. Biz Ermənistanı təhdid edə biləcək təhlükələri azaltmaq üçün nə etməli ol­duğumuzu müzakirə edirik. KTMT-dən çıxmaq barədə qərar yoxdur, amma biz bunu istisna etmirik. Cəmiyyətimiz də bundan danışır. Hətta deyə bilərik ki, belə bir tələb irəli sürür”.

Moskva Paşinyanın və Simonyanın KTMT ilə bağlı məlum açıqlamalarına Xarici işlər nazirinin müavini Aleksandr Pankin səviyyəsində cavab verib. Dip­lomat RİA-ya müsahibəsində deyib: “Rusiya Ermənistanı ictimai hücumlar və tənqidlər əvəzinə, KTMT-dəki möv­cud vəziyyəti müzakirə etməyə çağı­rır".

A.Pankin daha sonra onu da qeyd edib ki, hər kəs KTMT-nin fəaliyyətinin və onun hərbi-siyasi birlik kimi səmərə­liliyinin daha da təkmilləşdirilməsində maraqlıdır: “Təbii ki, buna Ermənista­nın tezliklə təşkilat daxilində normal və tamhüquqlu işinə qayıtması da kömək edəcək. Amma, təəssüf ki, erməni müt­təfiqlərimiz indiyə qədər, həqiqətən də, ondan uzaqlaşıblar”. 

Ən düzgün yol

Bu arada Belarus lideri Aleksandr Lukaşenko da mövzuya münasibətini bildirib. Qeyd edib ki, rəsmi Minsk Er­mənistan tərəfinin KTMT-yə üzvlüklə bağlı bəyanatlarına tamamilə sakit ya­naşır. Belarus prezindenti, eyni zaman­da, Ermənistanın KTMT-də üzvlüyünün ləğvi ilə bağlı İrəvandan heç bir rəsmi bildirişin daxil olmadığını da diqqətə çatdırıb. Bundan başqa, A.Lukaşenko iddia edib ki, KTMT-nin Ermənistan və Azərbaycan arasında hərbi əməliyyat­lara müdaxilə etmək imkanı yox idi: “Başa düşmək lazımdır ki, Azərbaycan bütün KTMT üzvləri üçün yad ölkə de­yil, ermənilər isə bizim dost xalqımız­dır. Biz nə edə bilərdik? Hesab edirəm ki, bu ölkələr problemin həlli üçün indi düzgün yoldadırlar”.

Belarus lideri “düzgün yol” deyəndə, yəqin, Bakı və İrəvan arasında birbaşa, vasitəçisiz sülh dialoqunu nəzərdə tu­tur. Ermənistan hansı hərbi təşkilatdan çıxmasından, hansı alyansa qoşulmaq cəhdlərindən asılı olmayaraq, Bakı ilə məhz tet-a-tet danışmalı və ortaya qo­yulan şərtlərlə razılığa gəlməli olacaq. 

İmran BƏDİRXANLI
XQ



Siyasət