Azərbaycandan Qərbə mesajlar – Almaniya neytrallığı və ədalət çağırışımız

post-img

Dövlətimizin başçısı Almaniya iş adamları ilə görüşdə nələri dedi?

Azərbaycan Prezidenti İlham Əliyev fevralın 28-də Alman İqtisadiyyatının Şərq Komitəsinin sədri Mixael Harmsın rəhbərlik etdiyi nümayəndə heyəti ilə görüşüb. Məlum olduğu kimi, Almaniya Federativ Respublikasının aparıcı şirkətlərinin rəhbərlərindən ibarət nümayəndə heyətinə Almaniya–Azərbaycan Xarici Ticarət Palatasının icraçı direktoru Tobias Baumann, “Falk” konsaltinq” şirkətinin icraçı direktoru Tomas Falk, “Uniper Global Commodities SE” şirkətinin birinci vitse-prezidenti Uve Fip, “Rhenus Group” beynəlxalq nəqliyyat şirkətinin layihələr üzrə idarə heyətinin direktoru Heinrix Kerstgens, “VNG” Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədri Ulf Heitmüller və “HHLA International” şirkətinin icraçı direktoru Filip Sveens daxil idi. Əslində, Almaniyanın aparıcı biznes qurumlarının və iş adamlarının ölkəmizə gəlişi təzad yaradır. Təzadı ölkəmizin liderinin fikirləri də təsdiqləyir. Əvvəlcə bu barədə söz açaq. 

Bəli, Avropa Şurası Parlament Assambleyasında Azərbaycan nü­mayəndə heyətinin səs hüququndan məhrum edilməsi barədə qərarın qəbuluna diqqət çəkən Prezident İlham Əliyev məsələnin təşəbbüs­karının Almaniya Parlamentinin üzvü Frank Şvabenin olduğunu bildirib. O Şvabenin ki, Kansler Olaf Şoltsun partiyasının təmsilçisidir. AŞPA isə qərarını insan hüquq və azadlıqla­rına etinasız yanaşma kontekstində əsaslandırır. Ümumən, qurum elə rəy formalaşdırır ki, sanki, Azərbay­can ayaq basılası yer deyil. Elə isə Avropanın başlıca məmləkətinin biznes adamlarının ölkəmizdə nə işi var? Prezident İlham Əliyev də dola­yısı ilə bundan söz açıb. Ancaq yal­nız bundan yox. 

Dövlətimizin başçısı Azərbay­cana qarşı olan ənənəvi təzyiq cəhdlərinin nədən qaynaqlandığı­nın təsvirini verib. Mövcud xüsusda həm hazırkı neqativ təmayülləri dilə gətirib, həm də keçmişə ekskurs edib. Prezident İlham Əliyev hər iki dövrdəki xoşagəlməzliklər baxımın­dan vahid səbəb-nəticə əlaqəsinin varlığı reallığını ortaya qoyur. Sə­bəb ermənipərəstlikdir, nəticə isə həmin ermənipərəstliyə görə özünü göstərən yanaşmalar. Ölkəmizin lideri bildirdikləri ilə həmin yanaş­maların qərəzli mahiyyətinin dolğun təsvirini çəkir. Bu təsvir heç bir halda bəraət qazanmaq, xarici iş adamla­rını ölkəmizə çağırmaq istəyi deyil. Yəni, onlarsız da keçinərik. Cənab İlham Əliyev, sadəcə, heç nəyə bax­mayaraq, Azərbaycana təşrif buyur­muş bu şəxslərin qərarının doğrulu­ğunu bildirir və əminlik yaradır. Təbii ki, prinsipial xarakterli mesajlarını da çatdırır.

Əlbəttə, ilk mesaj Almaniyanın özünədir və məzmunu, təxminən, belə­dir: Azərbaycanla münasibət səmimiy­yətə söykənməlidir. Səmimiyyət üçün qərəz və ikili standartlar kənara qoyul­malıdır. Bu və ya digər şəkildə özünü göstərən ermənipərəstlik də həmçinin. Axı Prezident İlham Əliyevin vurğu­ladığı kimi, “Almaniya qonşuluğunda yerləşən, necə deyərlər, alovun üstünə benzin tökən və Ermənistanı öldürücü silahlarla təchiz edən Fransadan fərqli olaraq sülh prosesində neytrallıq nü­mayiş etdirir”. 

Deməli, Almaniyanın hazırkı neyt­rallığı şvabelərin avantürizminin köl­gəsində itib-batmamalıdır. Özü də söhbət yalnız deputat F.Şvabe və onun kimilərinin fərdiyyətdən çıxıb ümumqitə hadisəsi təsiri bağışlayan qərəzindən getmir. Nəzərə alaq ki, Almaniya me­diası da fransız həmkarlarının yolu ilə gedərək, Azərbaycana qarşı antipatiya yaratmaqla məşğuldur. Bu baxımdan bir məqamın üzərində dayanaq. 

Son günlər ölkənin ARD telekanalı daha çox anti-Azərbaycan “cənfəşanlı­ğına” baş vurur. Telekanal respublika­mızla bağlı “Uçurumun kənarında” adlı film çəkib. Təsəvvür edin, son dərəcə miskin notlara köklənmiş filmdə ölkə­mizin avropalı parlamentariləri rüşvət­lə ələ almasından bəhs edilir. Əlbəttə, belə bir iddia tam cəfəngiyyatdır. An­caq, məsələ ondadır ki, cəfəngiyyatın təqdimatı Almaniya Parlamentində ke­çirilir. Digər tərəfdən, yaxşı, tutaq ki, Azərbaycan hər şeyi rüşvətlə əldə et­məyi bacarır, bəs demokratik dəyərlər­dən bəhs edən və özünü mütərəqqi sa­yan kollektiv Qərbin Avropa seqmentini təmsil edən şəxslər nə üçün nəfslərinə hakim kəsilə bilmirlər? Rəzillik və sax­takarlıq deyilmi? Buna ancaq təəssüf­lənmək qalır. 

Bəli, Prezident İlham Əliyev qeyd edib ki, Almaniya mətbuatında Azər­baycan, guya, azadlıqların təmin olun­madığı, insanların öz fikirlərinə görə həbs olunduğu, diktaturanın hökm sür­düyü despotik bir ölkə kimi təqdim edilir. “Bu, tamamilə yalandır və mən bundan təəssüf hissi keçirirəm”, – deyən döv­lətimizin başçısı belə neqativ halların ölkəmizin həyata keçirdiyi işlərə mane ola bilməyəcəyinə qəti əminlik yaradır və vurğulayır: “Biz istər ərazi bütövlü­yünün bərpası, istər iqtisadi gündəli­yimizlə bağlı öz xalqımızın, ölkəmizin rifahı naminə işlər görürük”.

***

Azərbaycan Prezidentinin almani­yalı iş adamları ilə görüşdə bildirdikləri həm də ölkəmizdə investisiya mühiti­nin etibarlılığının və dayanıqlılğının ali səviyyədə bəyan edilməsidir. Əlbəttə, mövcud cəhətlər respublikamızın gü­cündən və qüdrətindən xəbər verir. Güc və qüdrət özünəinamın məhsulu­dur. Özünəinam isə ədalət hissindən qaynaqlanır. Bəli, Azərbaycanın dün­yadan tələb etdiyi ədalətli yanaşmadır. O yanaşma ki, ikili standartlar siyasəti­nin arxasınca sürünür. 

Yuxarıda da vurğuladıq ki, ikili stan­dartlar siyasəti ermənipərəstlikdən qaynaqlanmış təzahürdür. Hazırda hə­min sərsəm təzahür sırf Azərbaycan–Ermənistan münasibətlərinin nizam­lanmasında özünü göstərməkdədir. Nəticədə haqqını tələb edən ölkəmizin işğalçı qismində təqdimatı cəhdlərinin, bir növ, tendensiya halını aldığını görü­rük. Sanki, ölkəmiz sülh deyil, mühari­bə tərəfdarıdır. Prezident İlham Əliyev isə bildirir ki, Azərbaycan sülh prose­sinə sadiqdir: “Məhz biz İkinci Qarabağ müharibəsi başa çatdıqdan sonra sülh danışıqları təşəbbüsü ilə çıxış etdik. Əslində, biz sülh yolu ilə həllin beş əsas prinsipini işləyib hazırladıq və sülh müqaviləsinin mətninin layihəsini təqdim etdik. Beləliklə, biz əgər sülh istəmiriksə, niyə bunların hamısını ha­zırlamışıq?!”

Bəli, Azərbaycan sülh prosesinə sadiqliyini həm güclü və qüdrətli, həm də haqlı tərəf kimi ortaya qoyur. Əl­bəttə, eyni zamanda, haqqı olan əra­zi bütövlüyünü və suverenliyini gücü və qüdrəti ilə təmin etmiş tərəf olaraq. Ancaq ölkəmiz zəifə, yəni Ermənistana şans yaradır. Dövlətimizin başçısı otuz ilə yaxın üzləşdiyimiz ədalətsizliklə­rin ikili standartlar siyasəti seqmentini vurğulamaqla, ölkəmizin haqqını güc yolu ilə əldə etməsinin məntiqi qanu­nauyğunluğuna mükəmməl izah gətir­məklə, hazırkı sülh təşəbbüsümüzün Ermənistan üçün lütf olduğunu diqqətə çatdırır. Eyni zamanda, dünya ictima­iyyətinin də məsələnin məhz bu cür qoyuluşu ilə razılaşmasının zəruriliyini önə çəkir. Deməli, ərazi bütövlüyümü­zü və suverenliyimizi bərpa etdiyimizə görə heç bir ittihamla üzləşməməliyik. Həm də ona görə üzləşməməliyik ki, cənab İlham Əliyev çox doğru olaraq “beynəlxalq hüququn normaları bizim tərəfimizdədir”–deyir. 

***

Amma görünür, beynəlxalq hüquq prinsiplərinin ikili standarlar siyasətini həyata keçirənlər üçün heç bir əhə­miyyəti yoxdur. Hazırda Azərbaycan–Ermənistan münasibətlərinin nizam­lanması xüsusuna diqqət yetirəndə də durumu açıq şəkildə görmək mümkün­dür. Əslində, belə yanaşmaya “nizam­lama” demək də olmur. Bunun bir adı var – qatı ermənipərəstlik. Acı həqiqət ortadadır – ermənipərəstlik ərazi bü­tövlüyümüzü və suverenliyimizi bərpa etməyimizə qənim kəsilib. Bu yolu tu­tanlar çalışırlar ki, 44 günlük müharibə ilə qazandığımız Zəfər, lokal xarakterli antiterror tədbirləri ilə əldə etdiyimiz uğur təntənəsi heçə ensin, erməni avantürizmi “mahiyyətini” qoruyub sax­lasın. Ən pisi isə odur ki, belə bir təma­yül özünü beynəlxalq hüquq prinsipləri­nin heçə sayılması ilə göstərməkdədir. 

Bəli, hazırda Azərbaycana qarşı ikili standartlar siyasətinin başlıca iştirakçı­sı Fransadır. Fransa isə Avropa İttifaqı­nı özünün ermənipərəst məntiqi üçün alətə çevirib. Ortaya çıxan mənzərə belədir: Fransanın və Avropa İttifaqının timsalında kollektiv Qərb anti-Azərbay­can fəaliyyəti aparır. Fransa bütünlük­lə bu fəaliyyətdədir, Aİ-yə gəldikdə isə ölkəmizin lideri hələ 2024-cü il yanva­rın 10-da yerli televiziya kanallarına müsahibəsində bildirmişdi ki, qurumda ölkəmizə qarşı çıxmaq xüsusunda va­hid mövqe yoxdur. Yəni, Paris təşkilatı, belə demək mümkünsə, tam ram edə bilmir. Amma ram edilənlər var. Bun­lardan biri, daha doğrusu, ən böyüyü Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Jozep Borreldir. Borrell bütün gücü ilə Azər­baycanı “demonizə” ilə məşğuldur. Mövcud məşğuliyyətdə başlıca halqa isə ölkəmizi təcavüzkar kimi göstər­məkdir. Dövlətimizin başçısının vurğu­ladığı “pərdələnmiş təhdid” məntiqi də elə budur. Çünki, Borrell Azərbaycanın Ermənistana hücum edəcəyi təqdirdə, bunun acı nəticələrini görəcəyini dilə gətirir, öz aləmində, hədə-qorxu gəlir. Prezident İlham Əliyev isə bildirir: “Əv­vəla, Borrell bu məlumatı haradan alıb ki, Azərbaycan Ermənistana hücum etməyi planlaşdırır? Bizdə belə planlar yoxdur. Onlar cənab Makronun insinu­asiyalarıdır. Bütün bunlar Fransanın, guya, Azərbaycanın Ermənistana hü­cuma hazırlaşması ilə bağlı ölkəmizin “demonizə” edilməsinə əsaslanan an­ti-Azərbaycan siyasətinin bir hissəsi­dir”. 

***

Tam aydındır ki, Fransa başda ol­maqla, kollektiv Qərb Ermənistanı Azərbaycana qarşı yeni müharibəyə təhrik etmək yolu tutmaqda, Cənubi Qafqazı anti-Rusiya mübarizəsi palt­formasının növbəti cəbhəsinə çevir­məkdə israrlıdır. Ermənistan alətdir və qeyd etdiyimiz niyyətin gerçəkləşdiril­məsi üçün silahlandırılmaqdadır. 

Qərb dünyası çalışır ki, Ermənista­nın Azərbaycana hücumu beynəlxalq ictimai rəydə özünümüdafiə məqsədi daşıyan kampaniya kimi leqallıq qa­zansın. Şərti sərhəddə fevralın 13-də törədilmiş təxribat da buna hesablan­mışdı. Diqqət yetirək, həmin o Bor­rell və Fransa prezidenti Emmanuel Makron hadisəyə elə münasibət bildir­mişdilər ki, sanki, Azərbaycan erməni təxribatına cavab verməklə, işğalçılıq planları reallaşdırmaq istəyib. Deməli, bir daha əmin oluruq ki, bəzi beynəlxalq dairələrin Azərbaycanı məhz təcavüzkar olaraq təqdim etmək planları aktuallığını qoruyur. Ona görə Borrell və Makronun xəyallarına əsaslanaraq, ölkəmizi mən­fi yöndə göstərmək istəklərinin gələ­cək təzahürlərinin müşahidə olunması mümkündür. 2023-cü ilin sentyabrından, 2024-cü ilin fevralınadək şərti sərhəd­də hökm sürən sakitliyin aradan qalx­masında, atəşkəsin pozulmasında müqəssirlər də məhz adlarını çəkdik­lərimiz şəxslər və onların təmsilçiliyini apardıqları kollektiv Qərbdir. Əlbəttə, Qərb belə yarıtmaz mövqe nümayişi ilə ciddi səhvə yol verir. Qərbin səhvi isə sistemli xarakter daşımaqdadır. Prezident İlham Əliyev alman iş adam­ları ilə görüşündə, belə demək müm­künsə, sistemli səhvlərin tarixindən də söz açıb. Dövlətimizin başçısı Azər­baycana münasibətdəki böyük səhvin artıq keçmiş olan ATƏT-in Minsk qrupu formatının olduğunu da xatırladıb. Zid­diyyətə baxın ki, bu qrup otuz ilə yaxın müddətdə bizə, guya, kompromisə gəl­mək istəməyərək yanlış mövqe tutdu­ğumuzu anlatmağa çalışıb. Həmin “üç­lüy”ün ABŞ və Fransa kimi üzvləri yenə də təxminən eyni qənaətdədirlər. Hər halda, davranışları belə düşünməyimiz üçün əsas verir. O ki qaldı Rusiyaya. Hesab edirik ki, Prezident İlham Əliye­vin sırf mövcud xüsusda səsləndirdiyi fikir son dərəcə önəmlidir: “Düşünürəm ki, Rusiya indi nəyin baş verdiyini yaxşı anlayır və yeni reallıqları qəbul edir”. 

Ölkəmizin liderinin bu qısa, ancaq böyük mətləblərdən xəbər verən de­yimi həm də Rusiyadakı ermənipərəst qüvvələrə mesajdır. Axı zaman-zaman erməni avantürizmini körükləyən onlar olublar. Hazırda həmin avantürizm o qədər azğın mahiyyət daşımağa baş­layıb ki, Rusiyanın özü də hədəfdədir. Bəli, bu gün Ermənistan Qərbin an­ti-Rusiya hərəkatındadır. O Ermənistan ki, illər ərzində Moskvanın əlinə baxıb. Yəni, erməni azğınlığı özünü, eyni za­manda, nankorluqda göstərir. 

Deməli, Cənubi Qafqaz siyasi akva­toriyasında hazırda yaşananlar Rusiya üçün dərs olmalıdır. Kremldə bilmə­lidirlər ki, Azərbaycana münasibətdə imperiya xisləti ilə davranmaq yolve­rilməzdir. Ölkəmizlə bərabərhüquqlu, mehriban və nəsillərə örnək olacaq sağlam münasibətlər qurmaq şərtdir. Ancaq cənab İlham Əliyev bunun ABŞ və Fransa tərəfindən də qəbul edilmə­sini vacib sayır. Dövlətimizin başçısının bildirdiyi kimi, sözügedən dövlətlər Cə­nubi Qafqazda regionun aparıcı ölkəsi, iqtisadiyyatı, ordusu, geniş beynəlxalq əlaqələri olan Azərbaycan ilə işləməli­dirlər: “Əks təqdirdə, vəziyyət onların planlaşdırdığı kimi olmayacaq”.

***

İndi bir daha Prezident İlham Əli­yevin Almaniyanın biznes nümayən­dələrini qəbul edərkən üzərində da­yandığı ikili standartlar siyasəti barədə söz açaq. Mövcud siyasətin üzdə olan ermənipərəstlik təzahürü o qədər riya­kardır ki, özünü hər anlamda göstərir. Ölkəmizin başçısının bu baxımdan Ru­siya–Ukrayna müharibəsinə toxunması heç də əbəs deyil. Məsələ ondadır ki, dünya birliyi Ukraynanı öz ərazi bütöv­lüyünü və suverenliyini bərpa etməyə çalışan haqlı tərəf kimi tanıyır. Əlbəttə, yazımızda iki qardaş xalq arasındakı qanlı müharibədə onlardan hansının haqlı, hansının haqsız olduğunu mü­bahisələndirmək fikrindən uzağıq. Ru­siyanın özünün haqq bildiyi məqamlar var. Ukraynanın isə beynəlxalq hüquq tərəfindən qəbul edilmiş ərazi bütövlü­yü və suverenliyi də. 

Moskvanın daha nələri tanıması və hansı məsələləri özü üçün leqal hüquq saydığı barədə də danışmağı kənara qoyuruq. İndi diqqətə çatdırmaq istədi­yimiz başlıca məqam, ümumən, ərazi bütövlüyü və suverenlik məsələsinə xarici aləmin yanaşması ilə bağlıdır. Yanaşmada beynəlxalq hüquqla in­terpretasiya motivi var ki, bu da, bütöv­lükdə, dünya üçün son dərəcə qorxunc presedent yaradır. “Torpaqlarımızı işğal altında saxlayan Ermənistan bu müddətdə BMT Təhlükəsizlik Şurası­nın məlum qətnamələrinə, beynəlxalq hüququn normalarına, o cümlədən, hu­manitar normalara məhəl qoymadı. İki gün əvvəl ildönümünü qeyd etdiyimiz Xocalı soyqırımını törətdilər. İndi biz suverenliyimizi və ərazi bütövlüyümü­zü bərpa etdikdən və Qarabağda sepa­ratizm yuvasını dağıtdıqdan sonra hü­cumlara məruz qalmışıq. Biz Makron, Borrell və onlar kimi digər insanlar tərəfindən günahlandırılırıq”, – deyən Prezident İlham Əliyev Ukraynanın öz ərazi bütövlüyünü bərpa etmək istədiyini, Almaniyanın və digərlərinin ölkəni silahlandıraraq rəsmi Kiyevin apardığı mübarizəni dəstəklədiyini, ha­belə Azərbaycanın ərazi bütövlüyünün heçə sayıldığını, Cənubi Qafqazdakı durumun vaciblik baxımından Ukrayna məsələsindən geri qalmadığını bildirir. Habelə, regionumuzda ayırıcı xətlərin qurulması cəhdlərinin göründüyünü, mövcud xüsusda Avropa institutları tərəfindən Gürcüstanın və Ermənista­nın çox yaxın qəbul olunduğunu, Azər­baycanın isə demonizə edildiyini vur­ğulaması fonunda, cənab Prezidentin ustalıqla toxunduğu son dərəcə incə mətləb var. Ölkəmizin lideri İslam dini faktorunu qabardır. Bu, nə deməkdir? 

Məsələ ondadır ki, Azərbaycan li­deri dinimizlə bağlı mənfi strereotiplə­rin dünyaya hakim kəsildiyini hamıdan yaxşı bilir. Hətta, müxtəlif çıxışlarında İslamafobiyadan da kifayət qədər, ge­niş söz açıb, mövcud mənfi təmayülü tənqid də edib. Bu yerdə Qərb dünyası ilə geniş əməkdaşlıq müstəvisinə ma­lik, Cənubi Qafqaz kimi mühüm stateji coğrafiyada yerləşən Azərbaycanın necə bir İslam dini modeli tətbiq etdiyi­ni xatırlayaq. Onu da nəzərə alaq ki, bu model İran kimi Qərbin gözdən saldığı bir ölkə ilə həmsərhəd məmləkətdədir. Bu model, həmçinin dünyəvidir və eyni zamanda həmin dünyəviliyin nəticəsi­dir ki, Azərbaycan beynəlxalq ictima­iyyətlə sıx əməkdaşlıq platformasında­dır. Görəsən, hazırda Ermənistanı və Gürcüstanı üstün tutan Qərb dünyası ölkəmizin oynadığı mənəvi-siyasi və qlobal rolun fərqindədirmi? Fərqin­dədirmi ki, müsəlman Azərbaycanı­nın əhalisi və təbii resursları Cənubi Qafqazın adlarını çəkdiyimiz iki ölkə­sindən qat-qat çoxdur. Yetmiş milyon­luq İranın isə Qərbə təhlükə məntiqi hər zaman gündəmdədir. Elə isə həmin Qərb ölkəmizlə bağlı nə etmək fikrin­dədir? Demonizə siyasətinə davam?.. Yoxsa, Azərbaycandan günü-gündən artan enerji idxalı Avropada kimlərinsə gözlərini qamaşdırır, reallığa nəzər sala bilmirlər? 

Azərbaycan Prezidenti ölkəmizdə iqtisadi islahatlarla bağlı böyük işlə­rin həyata keçirildiyini, yalnız ənənəvi enerji sektoru deyil, başqa sahələrdə də əməkdaşlıq üçün yaxşı imkanların olduğunu heç də əbəs yerə vurğula­mır. Bir növ, sərfəli perspektivi yada salır, hər kəsə “ağıllı olun!” mesajını verir. Deməli, bunu nəzərə almaq, ikili standartlardan çıxış etməkdənsə, ölkə­mizin səmimiyyətinə dəyər vermək la­zımdır. 

Sonda Prezident İlham Əliyevin üzərində dayandığı bir xüsus da var. Dövlətimizin başçısı Almaniya biz­nes dairələrinin Azərbaycanın Cənubi Qafqazda sülh proseslərinə sadiqliyini yüksək qiymətləndirib və bunun bü­tün regionda müsbət inkişafın əsasını qoya biləcəyini vurğulayıb. Yəni ki, Al­maniya da özünün iqtisadi maraqlarını düşünməli, kollektiv Qərbin ənənəvi anti-Azərbaycan oyunlarında iştirak­dan uzaq dayanmalı, obyektiv mövqe tutmalı, ən əsası isə Cənubi Qafqazda sülh mühitinin ədalətli əsaslarının for­malaşmasına və möhkəmlənməsinə töhfəsini verməlidir. Bu, həqiqətən də, baş verəcəkmi, gedişatı əlahəzrət za­man göstərəcək. Hər halda, Avropanın başlıca ölkəsinin iş adamları Bakıya gəliblərsə, gələcəyə nikbin yanaşmaq üçün motiv var. 

Əvəz CAHANGİROĞLU
XQ



Siyasət