Dövlət Film Fondunda Şamil Mahmudbəyovun 100 illiyinə həsr edilən tədbir keçirilib

post-img

Fevralın 29-da Azərbaycan Dövlət Film Fondunda Mədəniyyət Nazirliyi və Kino Agentliyinin dəstəyilə tanınmış kinorejissor, Dövlət mükafatı laureatı, Əməkdar incəsənət xadimi Şamil Mahmudbəyovun 100 illik yubileyi münasibətilə tədbir keçirilib. Tədbir çərçivəsində sənətkarın həyat və yaradıcılığını əks etdirən fotosərgi nümayiş olunub.

Bu barədə Fonddan məlumat verilib. Bildirilib ki, açılış mərasimində çıxış edən Azərbaycan Dövlət Film Fondunun direktoru, Əməkdar incəsənət xadimi Cəmil Quliyev Şamil Mahmudbəyovu təvazökar insan, peşəkar rejissor kimi yada salıb. Sonra Xalq artisti Oqtay Mirqasımov, Əməkdar incəsənət xadimləri Aydın Kazımzadə və Nizami Abbas, aktyor Arif Kərimov və prodüser Rasim Həsənov kinorejissor haqqında xatirələrini bölüşüblər.

Tədbirin sonunda kinorejissor Şamil Mahmudbəyovun son işi olan “Adam” filmi nümayiş etdirilib. Yarımçıq qalan film 2010-cu ildə Əməkdar incəsənət xadimi Nizami Abbas tərəfindən “Yeni dalğa” prodüser mərkəzində tamamlanıb.







Mədəniyyət