Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası olub

post-img

Fevralın 29-da hüquq ictimaiyyəti üçün önəmli olan aktual mövzuların müzakirəsinə hər zaman üstünlük verən Baş prokuror yanında Elmi-Məsləhət Şurasının növbəti iclası keçirilib.

Bu barədə Baş Prokurorluğun mətbuat xidmətindən məlumat verilib.

Baş prokuror Kamran Əliyevin sədrliyi ilə keçirilən iclasda müxtəlif dövlət orqanları nümayəndələri, aparıcı ali təhsil müəssisələri, ixtisaslaşmış akademiya və elm ocaqlarını təmsil edən görkəmli hüquqşünaslar iştirak ediblər.

İclasda Baş prokuror çıxış edərək fevralın 7-də keçirilən azad, ədalətli, şəffaf və bütün beynəlxalq standartlara cavab verən növbədənkənar prezident seçkiləri və Müzəffər Ali Baş Komandan İlham Əliyevin seçkidə parlaq qələbəsindən söz açaraq bu zəfərin yeni dövrdə ölkəmizdə bütün sahələrdə elmi-texnoloji inkişafa, müasir texnologiyaların tətbiqinin genişləndirilməsinə böyük təkan olacağını diqqətə çatdırıb.

Bundan başqa, müasir dövrün tələblərinə uyğun olaraq cinayət təqibinin üsul və vasitələri, cinayət prosesi və onun tərkib hissəsi kimi cinayət ədalət mühakiməsinin rəqəmsallaşmaya məruz qalmasını nəzərə alaraq, elektron cinayət təqibinin xüsusiyyətlərinin müzakirəsi və bu sahədə müvafiq təkliflərin hazırlanmasının zəruriliyi qeyd olunub.

Daha sonra prokurorluq əməkdaşları tərəfindən “Elektron cinayət təqibinin tətbiqi ilə bağlı qanunvericiliyin, hüquq tətbiqi təcrübəsinin hazırkı vəziyyəti və qarşıda duran vəzifələr”, “Elektron cinayət təqibinin tətbiqi ilə bağlı xarici ölkələrin təcrübəsi”, “Azərbaycanda elektron cinayət təqibinin tətbiqi ilə bağlı təkliflər”, “Cinayət təqibi zamanı blokçeyn texnologiyalarının tətbiqi imkanları” mövzularında məruzələr edilib, digər şura üzvlərinin rəy və təklifləri dinlənilib.

İclasda, həmçinin Baş Prokurorluğun müvafiq idarələri tərəfindən hazırlanmış “Cinayət aktivlərinin aşkarlanması, izlənməsi və bərpası”, eləcə də “Narkotik vasitələrin və psixotrop maddələrin qanunsuz dövriyyəsi ilə əlaqədar qanunvericlik və istintaq təcrübəsi” adlı metodik vəsaitlərin təqdimatı keçirilib.

Sonda Baş Prokurorluğun “Azərbaycan Prokuroru” elmi jurnalının ikinci buraxılışının təqdimatı olub.

Qeyd olunan elmi nəşr Azərbaycan Respublikasının Prezidenti yanında Ali Attestasiya Komissiyasının (AAK) elmi jurnallar qarşısında qoyduğu tələblərə və beynəlxalq standartlara uyğun şəkildə dərc olunur.



Sosial həyat