Azərbaycan xarici işlər nazirinin müavini Elnur Məmmədov Bakıda Yaponiyanın Milli Gününə həsr olunmuş rəsmi qəbulda bildirib ki, yapon şirkətləri təkcə Qarabağ bölgəsində deyil, Naxçıvan Muxtar Respublikasında da energetika sahəsində müxtəlif layihələr həyata keçirir.
E.Məmmədov daha sonra bərpa olunan enerji sahəsində Yaponiyanın ölkəmizlə əməkdaşlığını daha da inkişaf etdirəcəyinə əminliyini diqqətə çatdıraraq vurğulayıb ki, hazırda Azərbaycan işğalçıdan təmizlənən ərazilərdə yeni iqtisadi layihələr həyata keçirir, geniş yenidənqurma işləri aparır. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında yaranmış nəqliyyat qovşağı sülh və regionlararası ticarət üçün yeni imkanlar açır.
Hazırda Ağdamda yaradılmış sənaye parkına, Cəbrayıldakı Araz Vadisi İqtisadi Zonasına maraq artmaqdadır. Ölkəmizin iqtisadi inkişaf kursunda işğaldan azad edilmiş ərazilərdə “ağıllı şəhər” və “ağıllı kənd” konsepsiyalarının həyata keçirilməsi, “yaşıl enerji” zonalarının yaradılması əsas istiqamətlərdən biridir.
XQ