Azərbaycanın yeni sənaye xəritəsi

post-img

Ötən il bölgələrdə 12 müasir istehsalat yaradılıb

2023-cü ildə İqtisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonalarında 26 sahibkarlıq subyektinə rezidentlik statusu verilib. Həmin sahibkarlıq subyektləri tərəfindən sənaye zonalarına 471 milyon manat investisiyanın yatırılması, 3100-dən çox iş yerinin yaradılması nəzərdə tutulur. Bu və digər məsələlər barədə dünən İqtisadi Zonaların İnkişafı Agentliyinin (İZİA) 2023-cü il üzrə fəaliyyə­tinin yekunlarına və qarşıda duran vəziifələrə həsr olunmuş mətbuat konfransında bildirilib. 

Ötən il sənaye zonalarında və aqroparklarda görülmüş işlər və nəzərdə tutulan tədbirlər barədə me­dia nümayəndələrinə ətraflı məlumat verən İZİA-nın İdarə Heyətinin sədri Seymur Adıgözəlov deyib ki, il ərzin­də Sumqayıt Kimya Sənaye Parkın­da 8, Ağdam Sənaye Parkında 7, “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkında 5, Pirallahı Sənaye Parkın­da 3, Sabirabad Sənaye Məhəlləsin­də 2 və Hacıqabul Sənaye Məhəllə­sində 1 sahibkarlıq subyekti rezidenti kimi qeydiyyata alınıb. Onun sözlə­rinə görə, həmin rezidentlər sənaye zonalarında baza yağların, kompozit armaturların, güzgülərin, birdəfəlik üçkomponentli şprislərin, müxtəlif təyinatlı dərmanların, süd məhsul­larının, qazobeton blokların, əmtəə beton və quru yapışdırıcıların və s. məhsulların istehsalını həyata ke­çirəcəklər. 

Qeyd olunub ki, 2023-cü ildə İq­tisadi Zonaların İnkişafı Agentliyinin idarəçiliyində olan sənaye zonaların­da 12 müəssisə fəaliyyətə başlayıb. Həmin müəssisələrdə polimer qatqı­ları, keramik plitələr, qablaşdırma məhsulları, istilik izolyasiya lövhələri, nəqliyyat vasitələri üçün əyləc bənd­ləri və s. məhsullar istehsal olunur. İl ərzində rezidentlər tərəfindən səna­ye zonalarına 135 milyon manatdan artıq investisiya yatırılıb, 744 daimi iş yeri yaradılıb. Ötən il sənaye zo­nalarının rezidentləri tərəfindən 3,3 milyard manat dəyərində məhsul sa­tışı həyata keçirilib ki, bunun da 989 milyon manatı ixracın payına düşür. Əvvəlki illə müqayisədə satışın 12,5 faiz artdığını bildirən agentlik sədri­nin sözlərinə görə, bu dövrdə səna­ye zonalarının qeyri-neft sənayesi məhsulları istehsalında xüsusi çəkisi 18,6 faiz, ixracında isə 23,6 faiz təş­kil edib. İndiyədək sənaye zonaları üzrə 142 subyektə rezidentlik sta­tusunun verildiyini diqqətə çatdıran agentlik sədri deyib ki, ötən müddət­də sahibkarlar tərəfindən sənaye zo­nalarına 6,6 milyard manatdan çox investisiya yatırılıb, 10 mindən artıq daimi iş yeri yaradılıb. Bütövlükdə isə, ötən qısa qısa müddətdə ölkə­nin sənaye zonalarında 12,1 milyard manatlıq məhsul istehsal edilib ki, bunun da 3,9 milyard manatlıq və ya 32,2 faizə yaxın hissəsi ixrac olunub. Sənaye zonalarında istehsal olunan məhsullar Kanada, ABŞ, Birləşmiş Ərəb Əmirlikləri, Çin, Hindistan, İsra­il, İspaniya, İtaliya, Avstriya, İngiltərə, Brazilya və s. olmaqla dünyanın 70-dək ölkəsinə göndərilib. 

Agentlik sədri, həmçinin deyib ki, mövcud layihələr üzrə növbəti mərhələdə sənaye zonalarına əlavə 830 milyon manatadək investisiya­nın yatırılması, 7000-dən artıq yeni iş yerinin yaradılması nəzərdə tu­tulur. Onun sözlərinə görə, 2024-cü il ərzində İZİA-nın idarəçiliyində olan sənaye zonalarında 10-a yaxın müəssisənin fəaliyyətə başlama­sı planlaşdırılır ki, bu da, təqribən, 1000 nəfərin daimi işlə təmin edilmə­sinə imkan yaradacaq. 

Mətbuat konfransında işğaldan azad edilmiş ərazilərimizdə yaradı­lan Ağdam və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları barədə də məlumat verilib. Qeyd olunub ki, ha­zırda sözügedən sənaye parklarında infrastruktur işləri görülür, inzibati binanın, yarımstansiyanın və su an­barlarının tikintisi aparılır. 

Diqqətə çatdırılıb ki, indiyədək Ağdam Sənaye Parkında 20 sahib­karlıq subyektinə rezidentlik, 6 sa­hibkara isə qeyri-rezidentlik statusu verilib. Həmin rezidentlər tərəfindən sözügedən sənaye parkına 190 mil­yon manatdan çox investisiyanın yatırılması və 1700-dən çox iş yeri­nin yaradılması nəzərdə tutulur. Bu­günədək isə rezidentlər tərəfindən Ağdam Sənaye Parkına 15,3 milyon manatdan çox investisiya yatırılıb, 120-yə yaxın daimi iş yeri yaradılıb. Cari ildə burada divar kağızlarının, bir neçə növdə ayaqqabıların, dam örtüklərinin, boru və qutu profillə­rin, havalandırma, yanğınsöndürmə avadanlıqları, müxtəlif metal məmu­latlarının və digər məhsulların isteh­salını həyata keçirəcək 5-dən çox müəssisənin fəaliyyətə başlaması planlaşdırılır. Bu sənaye müəssisələ­rində istehsal olunacaq məhsullar, ilk növbədə, daxili tələbatın ödənilmə­sinə yönəldiləcək, sonrakı mərhələ­də isə “Made In Azerbaijan” brendi altında ixrac ediləcək.

Şərqi Zərgəzur iqtisadi rayonun­da yaradılmış “Araz Vadisi İqtisadi Zonası” Sənaye Parkının isə hazırda 10 rezidenti və 1 qeyri-rezidenti var. Bugünədək rezidentlər tərəfindən adı çəkilən sənaye parkına 10 mil­yon manata yaxın investisiya yatırı­lıb. İnvestorlar tərəfindən “Araz Vadi­si İqtisadi Zonası” Sənaye Parkına, ümumilikdə, 67 milyon manatdan çox investisiyanın yatırılması və 700-dən artıq daimi iş yerinin yaradılma­sının nəzərdə tutulduğunu bildirən agenlik sədrinin dediyinə görə, 2024-cü ildə burada 2 min tonluq sement terminalının, minatəmizləyən, xüsusi təyinatlı texnika və metal məmulatla­rının, müxtəlif növdə yapışqan lent­lərin istehsalı müəssisələri fəaliyyətə başlayacaq. 

Mətbuat konfransında, həmçinin agentliyin idarəçiliyində olan aqro­parklarda, o cümlədən Yevlax və Sa­birabad aqroparklarında görülmüş işlər və qarşıda duran hədəflər barə­də də məlumat verilib. Qeyd olunub ki, ölkə Prezidentinin müvafiq fərma­nı ilə təsdiq olunmuş “Aqroparklar haqqında Nümunəvi Əsasnamə”nin tələblərinə uyğun olaraq ötən il 2-si dövlət, 22-si özəl olmaqla, ümumi­likdə, 24 aqropark qeydiyyata alınıb. Hazırda aqroparklarda 2660-dan çox daimi və 4300 nəfər mövsü­mi işlərə cəlb edilib. Gələcəkdə isə əlavə 2300-dən çox daimi iş yerinin yaradılması nəzərdə tutulur. Bundan əlavə, hazırda daha 2 aqroparkda ti­kinti-quraşdırma işləri aparılır. 

Hazırda ölkənin 22 rayonu üzrə 66 min hektar ərazidə 24 aqropar­kın yaradılması istiqamətində işlərin görüldüyünü diqqətə çatdıran Sey­mur Adıgözəlovun sözlərinə görə, indiyədək 58,6 min hektar ərazidə 22 aqropark fəaliyyətə başlayıb. Bunun da 6-sı heyvandarlıq, 6-sı meyvəçilik, 11-i əkinçilik, 1-i isə çeşidləmə, qab­laşdırma və logistika üzrə ixtisaslaşıb. 2023-cü ildə aqroparklar tərəfindən 96 milyon manatlıq məhsul satışı hə­yata keçirilib. Aqroparkların ümumi la­yihə dəyərinin 1,2 milyard manat təş­kil etdiyini vurğulayan agentlik sədri bildirib ki, ötən müddətdə 14 aqropar­kın yaradılmasına Sahibkarlığın İnki­şafı Fondu tərəfindən 131 milyon ma­nat güzəştli kredit ayrılıb, həmçinin investisiya təşviqi sənədi verilmiş 18 aqropark tərəfindən texnika, texnolo­ji avadanlıqlar və qurğuların idxalına görə 16,1 milyon manat dəyərində güzəşt əldə edilib. 

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat