Tərəqqinin “bolluq nəbzi” kənddə döyünür

post-img

Dövlət dəstəyi isə torpağa güc-bərəkət gətirir

Ölkəmizdə iqtisadiyyatın şaxələndirilməsi istiqamətində həyata keçirilən tədbirlər digər sahələr kimi, aqrar bölmənin də inkişafı üçün əlverişli imkanlar yaradıb. Bunun nəticəsində respublikamızın kənd təsərrüfatı məhsullarına olan tələbatı ödənilməklə bərabər, ixracın strukturunda da qeyri-neft sektorunun, o cümlədən kənd təsərrüfatının xüsusi çəkisi artıb, bu bölmə iqtisadiyyatın prio­ritet sahələrindən biri kimi tanınıb.

Kənd təsərrüfatının inkişafından bəhs edərkən, ilk növbədə, ərzaq təhlükəsizli­yinin gerçəkləşməsi ilə bağlı görülən təd­birlərə diqqət yetirmək istərdik. Bununla əlaqədar xatırladaq ki, hökumət ərzaqlıq buğda istehsalçılarının aldığı kreditlərə dövlət zəmanəti, həmçinin faiz subsidiya­sı ödəməyə qərar verib. Prezident İlham Əliyev bununla bağlı “Kənd təsərrüfatına dövlət dəstəyinin və aqrar sahədə lizinq fəaliyyətinin təkmilləşdirilməsi haqqında” 19 dekabr 2018-ci il tarixli fərman imzala­yıb. Bundan başqa, 2023-cü ildə respub­likada ərzaqlıq buğdanın dövlət tədarük qiyməti 2022-ci illə müqayisədə 22,4 faiz az – 450 manat/ton müəyyənləşdirilib. Əvəzində fermerlərdən alınan şəkər çu­ğundurunun qiyməti artırılıb. “Azərsun Holdinq”ə məxsus “Azərbaycan Şəkər İstehsalat Birliyi” MMC tərəfindən 2023–2024-cü təsərrüfat ilində qış və yaz möv­sümü üzrə şəkər çuğundurunun hər tonu­nu şəkərlilik faizinə uyğun olaraq 4 manat baha – 485 manata almağa qərar verilib. 

Ötən il Nazirlər Kabineti kənd təsər­rüfatının siyahıya alınmasına hazırlıq və onun həyata keçirilməsi haqqında qərar qəbul edib. Baş nazir Əli Əsədovun im­zaladığı qərara əsasən, siyahıyaalınma gələn il iyulun 15-dən avqustun 15-nə qə­dər kənd təsərrüfatı istehsalı ilə məşğul olan hüquqi şəxslər tərəfindən siyahıyaal­ma vərəqələrinin Dövlət Statistika Komitə­sinin elektron informasiya sistemində real vaxt rejimində doldurulması yolu ilə, fərdi sahibkarlar, ailə kəndli və ev təsərrüfatla­rı üzrə isə siyahıyaalmaya cəlb ediləcək şəxslər (sayıcılar) tərəfindən planşet tipli kompüterlərdən istifadə olunmaqla sorğu yolu ilə reallaşdırılması nəzərdə tutulub. 

Azərbaycanda 3 il əvvəl tətbiqinə baş­lanılan aqrar sığortanın əhatə dairəsi də ötən il daha da genişləndirilib. Aqrar Sı­ğorta Fondunun fermerlərə ödənişləri isə rekord həddə çatdırılıb. Hesabat dövrün­də fermerlərə bu fonddan 2021–2022-ci illərlə müqayisədə təxminən 2 dəfə çox – 4 milyon manat civarında sığorta ödənilib.

Kənd təsərrüfatının inkişafını sürət­ləndirmək üçün hazırda bu sahədə əlve­rişli investisiya mühiti yaratmaq diqqətdə saxlanılır. Kənd təsərrüfatı naziri Məcnun Məmmədovun mediaya bildirdiyinə görə, bu məqsədlə sektora subsidiyalar ayrılır, kənd təsərrüfatı texnikaları lizinqə veri­lir. Sahibkarlara güzəştli şərtlərlə ayrılan kreditlər hesabına yeni aqrar istehsal və emal sahələri yaradılır. Bununla bərabər, Prezident İlham Əliyevin müəyyənləşdir­diyi siyasi-iqtisadi kursa uyğun olaraq kənd təsərrüfatında innovativ həllərin tət­biqi genişləndirilir. 

Ümumiyyətlə, bu gün respublikamız­da innovasiyaların tətbiqi dövlət səviyyə­sində dəstəklənir. Çünki innovasiyalar hesabına məhsuldarlıq dəfələrlə artır, tor­paq və su resurslarından daha səmərəli istifadə olunur, məhsulun maya dəyəri azalır, bununla da fermer təsərrüfatların­da daha çox gəlir əldə edilir. 

Dövrümüzün tələblərinə uyğun olaraq rəqəmsal kənd təsərrüfatının inkişafına da xüsusi diqqət yetirilir. İstifadəyə veril­miş Elektron Kənd Təsərrüfatı İnforma­siya Sistemi vasitəsi ilə fermerlər üçün şəffaflıq prinsipi əsasında aqrar xidmət­lərə asan çıxış imkanı yaradılır. Müasir metodlara əsaslanan elektron xidmətlərlə aqrar sahədə zaman itkisinin qarşısını al­maqla yanaşı, fermerlərə operativ xidmət göstərilir. 

Respublikamızda meliorasiya-irriqa­siya sisteminin yenidən qurulması və təkmilləşdirilməsi üçün dövlət büdcəsi vəsaitləri hesabına son 10 il ərzində 390 min hektardan çox sahədə torpaqların su təminatı yaxşılaşdırılıb, 188 min hektar sahə yeni suvarılan torpaqlar qrupuna əlavə edilib. Həmçinin suvarılan sahələr­də müvafiq dövlət dəstəyi hesabına tətbiq olunan müasir suvarma sistemlərinin payı artıq 5 faizdən çox yüksəlib.

Aqrar sahədə həyata keçirilən bütün bu və digər tədbirlər nəticəsində 2022-ci illə müqayisədə 2023-cü ildə müəyyən artım göstəriciləri qeydə alınıb. Məsələn, statistik rəqəmlərə diqqət yetirəndə görü­rük ki, hesabat dövründə respublikada, təqribən, 12 milyard manat dəyərində kənd təsərrüfatı məhsulu istehsal edilib. Bu rəqəm ötən ilin eyni dövrü ilə müqa­yisədə 3,1 faiz çox olub. Bundan başqa, son bir ildə ölkədə istehsal olunan bitkiçi­lik məhsullarının dəyəri 2,8 faiz artaraq 5 milyard 842 milyon manat, heyvandarlıq məhsullarının dəyəri isə 3,3 faiz artaraq 5 milyard 728 milyon manata yüksəlib. 

Kənd Təsərrüfatı Nazirliyi bu gün Qa­rabağ və Şərqi Zəngəzur iqtisadi rayon­larında kənd təsərrüfatı potensialından daha səmərəli istifadə etməyi, bu ərazilər­dən maksimum həcmdə məhsul götür­məyi qarşıya mühüm vəzifə kimi qoyub. Bunun üçün işğaldan təmizlənmiş torpaq­ların ciddi şəkildə araşdırılması, əkin yer­ləri minalardan təmizləndikcə sahələrin əkin dövriyyəsinə daxil olunması prioritet kimi qəbul edilib. 

Artıq böyük potensiala malik ərazilə­rin yenidən əkin dövriyyəsinə qaytarılma­sı ölkədə aqrar sahənin inkişafına yeni təkan verməklə bərabər, həm xaricdən idxal olunan kənd təsərrüfatı məhsulla­rının qarşısını xeyli dərəcədə alacaqdır. Bu istiqamətdə layihələr həyata keçirilir. Regionda tarixən mövcud olan üzümçü­lük, tütünçülük, baramaçılıq və arıçılıq sahələrinin bərpası və genişləndirilməsi ilə yanaşı, intensiv meyvəçilik sahəsi inki­şaf etdirilir. Bu işlər işğaldan azad edilmiş ərazilərdə minaların təmizlənməsi prosesi ilə paralel həyata keçirilir. 

Hazırda həmin ərazilərdə su mən­bələri müəyyənləşdirilir. Bu prosesin ye­kunlaşması ilə paralel olaraq əkin plan­lanması həyata keçirilir. Eyni zamanda düşmənin dağıtdığı aqrar infrastrukturun bərpasına başlanılıb.

XQ

İqtisadiyyat