Milli standartlaşdırmanın beynəlxalq tələblərə uyğunlaşdırılması texnoloji modernləşmə amilidir

post-img

Dünən Bakıda “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” üzrə Tədbirlər Planında əksini tapmış tapşırıqların icrasının təmin edilməsi ilə bağlı işçi qrupun ilk iclası keçirilib. İclasda İqtisadiyyat Nazirliyinin aidiyyəti struktur bölmələri və tabeliyindəki qurumların,  Dövlət Proqramının Tədbirlər Planında nəzərdə tutulmuş tapşırıqların icraçısı olan digər dövlət orqanlarının nümayəndələri iştirak ediblər.

İclas zamanı ölkəmizdə texniki tənzimləmə sisteminin qurulması istiqamətində İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin həyata keçirdiyi tədbirlər, aidiyyəti dövlət qurumları tərəfindən milli texniki reqlamentlərin və istinad standartlarının hazırlanması ilə bağlı mövcud vəziyyət və gözləntilər ətrafında geniş müzakirələr aparılıb. Tədbirdə, həmçinin texniki tənzimləmənin şamil olunduğu malların təhlükəsizlik parametrləri üzrə sınaqların aparılmasını təmin edən laboratoriyaların müəyyən edilməsi, diaqnostik qiymətləndirmələrin aparılması və nəticələrinə dair təkliflərin aidiyyəti üzrə təqdim olunması istiqamətində görülmüş işlər vurğulanıb.

Qeyd olunub ki, texniki tənzimləmənin şamil olunduğu malların idxalından əvvəl onların milli texniki reqlamentə uyğunluğunun qiymətləndirilməsi məqsədilə mexanizmin yaradılması və bu istiqamətdə aidiyyəti dövlət orqanları ilə qarşılıqlı fəaliyyətin tənzimlənməsi üçün bir sıra qabaqcıl ölkələrin tələbləri təhlil edilib. Eyni zamanda ölkəmizdə beynəlxalq tələblərə uyğun texniki tənzimləmə sisteminin yaradılmasının xarici ticarətdə texniki maneələrin aradan qaldırılmasına, ölkənin ixrac potensialının artırılmasına, istehlak bazarlarının təhlükəli mallardan qorunmasına və sağlam rəqabət mühitinin qurulmasına xidmət edəcəyi diqqətə çatdırılıb. Bununla yanaşı, texniki tənzimləmə və standartlaşdırma sahəsində yüksək texnologiyalar və innovativ həllərdən istifadə ilə şəffaflıq və operativliyin təmin edilməsi ətrafında fikir mübadiləsi aparılıb.

Sonda Tədbirlər Planında nəzərdə tutulan konkret tapşırıqların icrasının növbəti mərhələsinə dair işçi qrupun iş planının hazırlanması qərara alınıb. 

Qeyd edək ki, insan sağlamlığının qorunmasında təhlükəsizlik normalarının daha da təkmilləşdirilməsi, təbii ehtiyatlardan və enerji resurslarından səmərəli istifadənin təmin edilməsi və iqtisadiyyatın, eləcə də keyfiyyət infrastrukturunun inkişafında və tənzimlənməsində standartlaşdırma sahəsi mühüm əhəmiyyət daşıyır. Dünyada baş verən inteqrasiyanın sürətlənməsi ilə texniki sahələrdə dövlətlərarası münasibətləri daha səmərəli qurmaq məqsədilə 1926-cı ildə ISO kimi tanınan Milli Standartlaşdırma Assosiasiyalarının Beynəlxalq Federasiyası yaradılıb. İSO 162 milli standartlaşdırma orqanının üzv olduğu müstəqil və beynəlxalq qeyri-hökumət təşkilatıdır. 

Qurumun məqsədi üzvlərin iştirakı ilə könüllü qoşulma və ümumi razılıq əsasında innovativ xarakterli, qlobal problemlərin həllində istifadə olunacaq beynəlxalq standartlar ortaya çıxarmaqdır. Beynəlxalq standartların yaradılmasının əsas əhəmiyyəti isə qlobal ticarətin qarşısında maneəyə çevrilən və müəyyən ərazilər üzrə ticarətdə inhisarlaşma yaradan uyğunsuz standartları aradan qaldırmaqdan ibarətdir. Yeri gəlmişkən, 1970-ci ildən etibarən standartlaşdırmanın dünya iqtisadiyyatındakı vacib rolu nəzərə alınaraq hər il oktyabr ayının 14-ü Ümumdünya Standartlar Günü kimi qeyd olunur.

Son illər ölkəmizdə iqtisadiyyatın bütün sahələrində müşahidə edilən inkişaf meyilləri, o cümlədən biznes mühitində olan dəyişikliklər məhsul və xidmətlər sahəsində standartlaşdırma səylərinin artırılmasını və müasir tələblərə cavab verməsini şərtləndirir. Hazırda əhalinin müasir tələb və standartlara cavab verən məhsul və xidmətlərlə təmin edilməsi ölkəmizin iqtisadi inkişaf strategiyasının əsas istiqamətlərindən biridir. 

Respublikamızda istehsal olunan qeyri-neft məhsullarının beynəlxalq ticarətdə sərbəst hərəkətinin təmin edilməsi və onların rəqabətqabiliyyətliliyinin artırılması üçün həyata keçirilən tədbirlər çərçivəsində standartlaşdırmanın hüquqi bazasının müasir tələblərə uyğun olması zəruri amillərdən biridir. Məhz buna görə də standartlaşdırma sahəsi ölkəmizdə də getdikcə daha çox aktuallıq kəsb edir. 

Bu sahədə qanunvericiliyin yaradılması məqsədilə 1996-cı il aprelin 16-da “Standartlaşdırma haqqında” Azərbaycan Respublikasının Qanunu qəbul edilib. Prezident İlham Əliyevin 10 fevral 2017-ci il tarixli Fərmanına əsasən Azərbaycan Standartlaşdırma İnstitutu (AZSTAND) publik hüquqi şəxs təsis edilib. Ölkədə standartların hazırlanması, tətbiqi, bu sahədə beynəlxalq təşkilatlarda təmsilçilik məhz adıçəkilən quruma həvalə olunub. Bundan əlavə, dövlət başçısının 23 yanvar 2023-cü il tarixli sərəncamı ilə “Milli standartlaşdırma sisteminin beynəlxalq tələblərə uyğunlaşdırılmasına dair 2023–2025-ci illər üçün Dövlət Proqramı” təsdiq olunub. 

Yeri gəlmişkən, ölkəmizin milli standartlaşdırma qurumu kimi fəaliyyət göstərən AZSTAND 2017-ci ilin dekabrından İSO-nun tamhüquqlu üzvüdür. Qurum hazırda Beynəlxalq Standartlaşdırma Təşkilatının 32 texniki komitəsində uğurla təmsil olunur. AZSTAND-ın baş direktoru İlham Bayramovun bildirdiyinə görə, bu il qurum tərəfindən keçirilən idarəetmə sistemləri standartları üzrə 9 təlimə 267 iştirakçı qatılıb. İdarəetmə sistemləri beynəlxalq standartlar əsasında sertifikatlaşan müəssisələrin sayı isə 42-dir. 

Göründüyü kimi, ötən müddətdə Azərbaycanda bir sıra normativ aktların, xüsusən də, qaydaların qəbul edilməsi ISO standartlarının tətbiqində və ölkəmizdə standartlaşdırma qaydalarının möhkəmlənməsində böyük irəliləyişə səbəb olub. Təkcə onu qeyd etmək kifayətdir ki, hazırda ölkədəki böyük şirkətlər işlərini məhz ISO standartları üzərində qurmağa çalışırlar. Bununla yanaşı, dövlət tərəfindən aparılan zəruri yoxlamalar zamanı da məhz bu amil əsas götürülür.

Mirbağır YAQUBZADƏ 
XQ

 

İqtisadiyyat