Çağdaş poeziyamızın söz zərgəri

post-img

Ramiz Qusarçaylı – 65

Azərbaycan Yazıçılar Birliyinin Natəvan klubunda Quba bölməsinin sədri, şair  Ramiz Qusarçaylının 65 illik yubileyi qeyd olunub.   

O, Baş Qafqaz silsiləsinin ətəyində, Qubanın Çartəpə kəndində dünyaya gəlib. Çartəpə – “çahar təpə”, yəni “dörd təpə” mənasındadır. Əminik ki, əgər Ramiz coğrafiya müəllimi olsaydı, mütləq bu toponimikanı ətraflı araşdıracaqdı. Amma o, şair oldu və ilkin olaraq “dörd təpə”dən üzübelə vurğunu olduğu Azərbaycan təbiətinə aid 4 misralıq şeirlər yazaraq doğma yurdun poetik lövhələrini yaratdı. 

Ramiz 1975-ci ildə “Azərbaycan gəncləri” qəzetində dərc olunan “Bağban” şeiri ilə ədəbiyyata gəlib. Söz bağında səpdiyi saf duyğu toxumları misra-misra böyüyərək, şirin bar-bəhər verib. Əsərlərinin biri əbəs yerə “Almalı kitab” adlanmır ki! Bu gün Ramiz Qusarçaylı milli poeziyamızın görkəmli nümayəndəsi olmaqla bərabər, Altaydan Dunaya qədər bütün Türk dünyasında tanınan və sevilən bir şairdir. Hərdən elə bilirəm ki, Ramizin bircə “Gedəsən dünyanın axırınacan...” adlı yeni kitabını götürüb xəritəsiz-kompassız, özü də azmadan rahatca dünya səyahətinə çıxmaq olar. Çünki şair fəhmi ilə o, yerin altına da, üstünə də bələddir.

Yerin altı dedim və xatırladım ki, gənc yaşlarında Donbasda yerin altındakı daş kömür mədənlərində işləməsi də olub Ramizin. Elə ilk kitabının da adını “Çörəyim daşdan çıxır” qoymuşdu. Əslində, onun könülləri təsirləndirən sözləri də bir növ daşdan çıxıb yonulur, cilalanır.

Şimal bölgəsində çağdaş ədəbi-mədəni mühitin pərvərişi onun adı ilə bağlıdır. Xalq şairi Osman Sarıvəlli Ramizə uğurlu yol diləyərək ona “Qusarçaylı” təxəllüsünü götürməyi təklif edəndə gənc şairin cəmi 17 yaşı vardı.

1993-cü ildə Qubada bölgə yazarlarını özündə birləşdirən “Ay işığı” ədəbi məclisini Ramiz Qusarçaylı yaradıb. 1994-cü ildə “Ay işığı” ocağında Azərbaycan Yazıçılar Birliyinin Quba bölməsi qurulub. O, uzun müddətdir ki, bölməyə bacarıqla rəhbərlik edir. Dərbəndin ədəbi qüvvələri ilə də sıx əlaqələr qurub

 Məclisinn aparıcısı –  AYB-nin katibi Elçin Hüseynbəyli şairin poetik dünyasına qısaca səfər edərək, onun yaradıcılıq məziyyətlərindən danışdı. AYB sədrinin müavini Rəşad Məcid, Milli Məclisin Mədəniyyət komitəsinin sədri Fazil Qəzənfəroğlu, ADPU-nun prorektoru, professor Mahirə Hüseynova, bədii qiraət ustası, Əməkdar artist Ağalar Bayramov və başqaları yubilyara ən xoş arzularını bildirdilər. Onun “Vətən” poeması, “Azərbaycan bayrağı” şeiri və dillər əzbəri olan digər poetik nümunələri yüksək dəyərləndirildi. Şairin şeirlərinin qardaş ölkə və topluluqların türkcəsinə, Ukrayna, rus, ingilis, fars dillərinə çevrilərək yayıldığı, yaradıcılığı haqqında 700-dən çox məqalə, şeir, esse, kurs və diplom işi, dissertasiyalar yazıldığı diqqətə çatdırıldı. 

Qeyd edək ki, Ramiz Qusarçaylı İstanbulda keçirilən Beynəlxalq Ədəbiyyat Festivalında Türkiyə Cümhuriyyətinin “Ziya Paşa Büyük Ödülü”nə, Bakıda keçirilən II Türk Dünyası Ədəbiyyat və Kitab Festivalında “Nizami”, Mərkəzi Asiya Yazıçılar və Tarixçilər İttifaqının və “Əmir Teymur” Beynəlxalq Xeyriyyə Fondunun “Turan Birliyi”, “Aşıq Ələsgər” İctimai Birliyinin “Aşıq Ələsgər-200” medallarına və digır mükafatlara layiq görülüb.

Məşhur şeirində Azərbaycan bayrağına üz tutaraq “Cəngidə cövlan yerim, cövlanda can yerimsən”, – deyən şairə yeni poetik görüşlər diləyi ilə:

Əli NƏCƏFXANLI 
XQ

 

Son xəbərlər