Azərbaycan iqtisadiyyatını gücləndirən əsas amillərdən biri olan regionların dinamik inkişafı daim diqqətdə saxlanılır və bununla bağlı genişhəcmli layihələr reallaşdırılır. Prezident İlham Əliyev belə bir vəzifənin yüksək səviyyədə gerçəkləşdirilməsi məqsədilə vaxtaşırı rayonlara səfər edir. Bu zaman ölkə rəhbəri yerlərdə investisiyaların qeyri-neft sektoruna, xüsusən də bölgələrin inkişafına yönəldilməsi, əlverişli sahibkarlıq və biznes mühitinin formalaşdırılması, işsizlik probleminin həlli, əhalinin həyat şəraitinin yaxşılaşdırılması ilə maraqlanır, üzləşilən çətinliklərin aradan qaldırılması üçün icra strukturlarına zəruri tapşırıq və tövsiyələrini çatdırır. Başqa sözlə, dövlət başçısının nəzarət üçün bir vasitə olan bölgələrə səfərləri verdiyi tapşırıqların necə yerinə yetirilməsi məqsədi daşıyır.
Ölkə rəhbəri fəaliyyətinin bütün mərhələlərində bölgələrdə insanların rifah halının yaxşılaşdırılmasına, infrastruktur obyektlərinin yaradılmasına, o cümlədən sosial infrastrukturla bağlı işlərin aparılmasına mühüm önəm verib. Bu isə həm regionların ümumi inkişafını gerçəkləşdirib, əhalinin sosial şəraitinə müsbət təsir göstərib, həm də ölkəmizi gücləndirib. Biznes mühitinin yaxşılaşdırılması və qeyri-neft sektorunda sahibkarlığın inkişafı sahəsində görülən tədbirlər nəticəsində isə regionlarda iqtisadi fəallıq getdikcə artıb. Belə şərait isə özəl bölmədə yeni iş yerlərinin davamlı artımını şərtləndirib. Nəticədə iqtisadiyyatda qeyri-neft-qaz sektoru üzrə vergi daxilolmalarının payı 74 faizi ötüb.
İqtisadi artım işgüzar fəallığın və sahibkarların sayının da ildən-ilə artmasına səbəb olub. Belə ki, əgər 2002-ci ildə ölkədə cəmi 180 minə yaxın sahibkarlıq subyekti var idisə, cari ilin əvvəlinə qeydiyyatda olan vergi ödəyicilərinin sayı 1,4 milyonu keçib, aktiv vergi ödəyicilərinin sayı isə 712 min nəfərə çatıb. Sahibkarlığın inkişafına dövlət dəstəyi də diqqətdə saxlanılıb. Bu məqsədlə Sahibkarlığın İnkişafı Fondu tərəfindən güzəştli kreditlərin ayrılmasına mühüm önəm verilib. Dövlət büdcəsinə əlavə yük yaratmadan güzəştli kreditlərin reallaşdırılması kreditləşdirmədən geri qaytarılan vəsaitlər hesabına təmin edilib. Belə ki, son 20 il ərzində İqtisadiyyat Nazirliyi yanında Sahibkarlığın İnkişafı Fondu tərəfindən iqtisadiyyata güzəştli kredit dəstəyi çərçivəsində sahibkarlıq subyektlərinin 42,7 min investisiya layihəsinin maliyyələşdirilməsinə yönəldilən 2,8 milyard manat güzəştli kreditlərin 75 faizi regionlara ayrılıb. Bunun nəticəsində açılan 178 mindən çox yeni iş yerinın 80 faizdən çoxu regionlarda fəaliyyətə başlayıb.
Azərbaycanda sahibkarlığın inkişafı bu gün regional iqtisadi siyasətin ən mühüm elementlərindən biridir. Bu məsələdə 2004-cüildən indiyədək ölkədə həyata keçirilən regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramlarının icrası mühüm əhəmiyyət kəsb edir. Son 20 il ərzində 4 dövlət proqramı üzrə bölgələrə yatırılan investisiyaların həcminin 104 milyard manat təşkil etməsi də bunun bariz ifadəsidir.
Regionların dinamik inkişafında sənaye parkları və zonalarının yaradılması ilə yeni mərhələ başlanıb. İqtisadi Zonaların İnkişafı Agentliyi (İZİA) İdarə Heyətinin sədri Elşad Nuriyevin məlumatına əsasən, hazırda Azərbaycanın iqtisadi zonalarında 7 milyard manatdan çox investisiya layihəsi ilə 138 sahibkarlıq subyekti rezident statusu alıb. Ölkəmizdə 7 sənaye parkının (Sumqayıt, Mingəçevir, Pirallahı, Qaradağ, Ağdam, Balaxanı və “Araz Vadisi İqtisadi Zonası”) və 5 sənaye rayonunun (Hacıqabul, Nefçala, Masallı, Sabirabad və Şərur) uğurlu fəaliyyəti təmin edilıib. Respublikanın 6 sənaye zonasında indiyədək 6 milyard manat investisiya qoyulub və 11 mindən çox daimi iş yeri açılıb. Növbəti mərhələdə sənaye zonalarındakı mövcud layihələrə 864 milyon manat sərmayə yatırılacağı və 6 min 700-dən çox daimi iş yerinin fəaliyyətə başlayacağı planlaşdırılıb. E.Nuriyevin sözlərinə görə, bugünədək sənaye zonalarında 11,1 milyard manat dəyərində məhsul istehsal olunub ki, onun 3,6 milyard manat hissəsi isə ixrac edilib.
Cari ilin 9 ayı ərzində sənaye zonalarında fəaliyyət göstərən şirkətlər tərəfindən 2,3 milyard manat dəyərində məhsul satılıb, bunların 31 faizi (dəyəri 722 milyon manatdan çox) dünyanın 60-dan çox ölkəsinə ixrac edilib. Bu dövrdə sənaye zonalarının ölkə sənayesinin qeyri-neft sektorunda xüsusi çəkisi 17,9 faizə çatmaqla qeyri-xammal məhsullarının ixracında payı 17,9 faiz olub. Bütün bunlar isə sənaye zonalarının qeyri-neft sektorunun inkişafında mühüm rol oynadığını təsdiqləyib.
Bu gün işğaldan azad edilmiş ərazilərin ölkənin ümumi iqtisadiyyatına inteqrasiyası uğurla həyata keçirilir. Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının bərpa-quruculuq prosesinə infrastruktur layihələrindən başlanılıb. Prezident İlham Əliyev çıxışlarının birində bu barədə deyib: “Bu gün Qarabağın və Şərqi Zəngəzurun bərpa edilməsi məsələsi bizim üçün əsas prioritetdir və mənim bölgələrə səfərlərimin əksəriyyəti məhz o bölgələrə olan səfərlərdir. Halbuki mən ölkəmizin digər yerlərinə də müntəzəm olaraq gedirəm. Qarabağ və Şərqi Zəngəzurda görülmüş işlər bir daha onu göstərir ki, biz bu torpaqların sahibləri öz doğma dədə-baba torpaqlarımıza qayıtmışıq. Otuz il ərzində Ermənistan bu torpaqları viran qoyub, daş-daş üstə qoymayıb, talançılıq və soyğunçuluqla məşğul olub, barbarlıqla məşğul olub. Biz– bu torpaqların sahibləri isə gəlmişik qurmaq üçün, yaratmaq üçün...”.
Hazırda düşməndən təmizlənən ərazilərdə infrastruktur layihələri uğurla icra edilir. Dəmir və avtomobil yollarının çəkilişi, elektrik enerjisi, su təchizatı məsələləri, meliorativ tədbirlərlə bağlı layihələr reallaşdırılır. Qısa müddətdə salınan “ağıllı yaşayış sahələri”ndə–Ağalı, Talış, Zabux kəndlərində, Laçın və Füzuli şəhərlərində məskunlaşdırma davam etdirilir. İki hava limanı artıq fəaliyyətdədir, üçüncü isə tikilir. Müasir beynəlxalq standartlar əsasında istifadəyə verilən aeroportlar nəinki iqtisadi, həm də geosiyasi və geoiqtisadi baxımdan region ölkələri arasında Azərbaycanın nüfuzunu daha da gücləndirir. Ən diqqətçəkən məqam isə Azərbaycan dövlətinin bütün bu və ya digər layihələrin həyata keçirilməsinə çəkdiyi xərcləri daxili imkanlar hesabına reallaşdırmasıdır.
Yeri gəlmişkən, Vətən müharibəsindəki tarixi qələbədən sonrakı üç il müddətində Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında bərpa-quruculuq işlərinə dövlət büdcəsindən 7 milyard dollar vəsait ayrılıb. Böyük Qayıdışa dair I Dövlət Proqramı qəbul edilib və uğurla icrasına başlanılıb. Beləliklə, işğaldan azad olunan ərazilərin ölkənin ümumi iqtisadiyyatına reinteqrasiyasından, yeni beynəlxalq və regional nəqliyyat-logistika dəhlizlərinin imkanlarından faydalanmaq Azərbaycanın inkişafına böyük təkan verəcək. Bu çərçivədə regionda təhlükəsizliyin, sabitliyin, rifahın və qarşılıqlı faydalı əməkdaşlığın formalaşması, eləcə də iqtisadi və ticarət əlaqələrinin inkişaf etməsi Cənubi Qafqazın lider dövləti olan Azərbaycanın region iqtisadiyyatının ümumi arxitekturasının müəyyən olunmasında rolunu daha da möhkəmləndirəcək.
Vaqif BAYRAMOV
XQ