Qarabağda şəhərsalmanın yeni modeli

post-img

Bu konsepsiyada “ağıllı” layihələr aparıcı yer tutur

30 illik işğal dövründə düşmənin viran qoyduğu torpaqlarımızda həyat tədricən əvvəlki məcrasına qayıdır. Hazırda “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində Qarabağ və Şərqi Zəngəzurda yeni yaşayış massivləri salınır, yerlə-yeksan edilmiş şəhərlərimiz bərpa olunur, bütün zəruri infrastrukturlar yaradılır, yollar çəkilir, həmin ərazilərin fasiləsiz elektrik enerjisi ilə təminatı həyata keçirilir. 

Məlum olduğu kimi, dövlətimizin iq­tisadi strategiyasının əsas hədəflərində biri də işğaldan azad edilmiş ərazilərin çoxsahəli potensialına uyğun olaraq böl­gədə iqtisadi fəallığın təmin olunması ilə bağlıdır. Bu məqsədlə Qarabağ və “Araz Vadisi İqtisadi Zonası” sənaye parkları­nın, yeni istehsal sahələrinin yaradılması və fəaliyyətinin təşkili, minalardan təmiz­lənmiş torpaqların əkin dövriyyəsinə cəlb edilməsi istiqamətində mühüm addımlar atılır. 

44 günlük Vətən müharibəsində əldə olunmuş tarixi Zəfərimizin memarı, Ali Baş Komandan, ölkə Prezidenti İlham Əliyev, həm də işğaldan azad edilmiş ərazilərimizin yeni quruculuq salnaməsi­nin əsas yaradıcısıdır. Təsadüfi deyil ki, ölkə başçısı bu ərazilərə hər səfəri zama­nı yeni hədəflər müəyyənləşdirilir, böyük layihələrin icrasına start verilir. Bir məqa­mı da qeyd edək ki, işğaldan azad olun­muş ərazilərimizdə reallaşdırılan nəhəng tikinti layihələri heç bir beynəlxalq ma­liyyə qurumunun yardımı olmadan ölkə­mizin öz gücü ilə həyata keçirilir. Bütöv­lükdə isə, nəzərdə tutulmuş investisiya proqramı əsasında Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarında həyata keçirilən bərpa-quruculuq işlərinə indiyə­dək 12 milyard manat vəsait ayrılıb. 

Hazırda Qarabağ və Şərqi Zəngə­zurda həyata keçirilən bərpa-quruculuq işlərinin timsalında dünya şəhərsalma təcrübəsinin yeni, Azərbaycan modeli yaradılır. Bütün bunlar dünya ictimaiyyəti tərəfindən müsbət amil kimi dəyərləndi­rilir. Heç şübhəsiz, Azərbaycan paytaxtı­nın 2026-cı ildə keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiya­sına ev sahibi olaraq seçilməsində bu amilın böyük rolu olub. Yeri gəlmişkən, bu mötəbər beynəlxalq tədbir üçün “Sülh şəraitində davamlı inkişaf edən şəhərlər və qəsəbələr” adlı mövzunun seçilməsi təsadüfi deyil. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Qu­liyevin fikirləri də bu baxımdan maraq doğurur. Belə ki, Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı arasında Bakının Ümumdünya Şəhərsalma Fo­rumunun 13-cü sessiyasına ev sahibliyi etməsinə dair Sazişin imzalanma məra­simindən sonra keçirilən mətbuat kon­fransında komitə sədri Azərbaycanın postmünaqişə dövrü ilə bağlı çox böyük təcrübə əldə etdiyini diqqətə çatdırıb. “Biz dağılmış evləri təmir etməklə yana­şı, sıfırdan yeni, müasir şəhərlər inşa edi­rik. Artıq o şəhərlərə insanlar köçməyə başlayıb. Ona görə də Azərbaycanın bu təcrübəsi bir çox ölkələrə maraqlıdır”, – deyə o əlavə edib.

Komitə sədri bildirib ki, “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı” çərçivəsində, ümumilikdə, 100 yaşayış məntəqəsinin planlaşdırılması və yenidən qurulması nəzərdə tutulur. Bunların 9-u şəhər, 91-i isə, əsasən, qəsəbə və kəndləri əhatə edir. Onun söz­lərinə görə, birinci proqram çərçivəsində 140 minə yaxın insanın köçməsi nəzərdə tutulubsa, artıq növbəti illərdə daha çox insan evlərinə qayıda biləcək. Ümumi­likdə isə, Qarabağ və Şərqi Zəngəzurda bərpa-quruculuq və planlaşdırma ilə bağ­lı işlərin 2024-2025-ci illərdə başa çatdı­rılması nəzərdə tutulur.

Yeri gəlmişkən, BMT-nin Məskunlaş­ma Proqramı olan UN-Habitat Azərbay­canın işğaldan azad edilmiş ərazilərində olan kəndlərdən ikisinin lahiyələndirilmə­sində iştirak edəcək. Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin sədri Anar Quliyev bildirb ki, UN-Habitat tərəfindən layihələndiriləcək kəndlərin biri dağlıq, digəri isə düzənlik ərazidə yerləşir. Onun sözlərinə görə, UN-Habitat-ın təşəbbüsü ilə insanyönümlü “ağıllı şəhər”lər üzrə beynəlxalq təlimat hazırlanmasına baş­lanılıb və bunun üçün Azərbaycanın da 2 nümayəndəsinin daxil olduğu geniş tər­kibli ekspertlər qrupu formalaşdırılıb.

Elnur FƏRZƏLİYEV,
əmlak məsələləri üzrə ekspert

Son illər mötəbər beynəlxalq təd­birlərin keçirildiyi məkana çevrilmiş Bakının daha bir mühüm konfransa evsahibliyi edəcəyi dəqiqləşib. Bu, 2026-cı ildə paytaxtımızda keçiriləcək Ümumdünya Şəhərsalma Forumunun 13-cü sessiyasıdır. Məlum olduğu kimi, ötən həftə Azərbaycan Hökuməti və Birləşmiş Millətlər Təşkilatı arasında bu barədə saziş imzalanıb. Bu da təsa­düfi deyil. Çünki ötən müddətdə Azər­baycanda şəhərsalma ilə bağlı ge­nişmiqyaslı layihələr həyata keçirilib, ölkəmizin paytaxtı müasir meqapolisə çevrilib. Xüsusən də son illər işğaldan azad olunmuş ərazilərdə həyata keçi­rilən nəhəng tikinti işləri, müasir yaşa­yış massivlərinin salınması beynəlxalq arenada geniş əks-səda doğurub. 

Ötən müddətdə Azərbaycan işğal­dan azad olunmuş ərazilərdə tikinti-qu­ruculuq işlərinin təmin edilməsi məqsə­dilə düşmənin basdırdığı minaların və partlamamış hərbi sursatların zərərsiz­ləşdirilməsi istiqamətində misilsiz işlər görüb. Bunun da nəticəsində Qarabağ və Şərqi Zəngəzurda rayon mərkəz­lərinin, kənd və qəsəbələrin bərpası, yeni yaşayış massivlərinin salınması sürətlə davam etdirilir. Ötən illər ərzin­də işğaldan azad olunmuş ərazilərin bərpası məntiqi ardıcıllıqla həyata ke­çirilib. Qeyd etdiyim kimi, ilkin olaraq torpaqlar minalardan təmizləndikdən sonra tikinti işləri aparılacaq ərazilərə yeni avtomobil yolları, vacib kommuni­kasiya xətləri çəkilib. Bütün bunlar in­şaat sektoru üçün rekord sayıla biləcək qısa müddət ərzində görülüb. Hazırda isə həmin ərazilərdə yeni qəsəbələrin təməli qoyulur, eləcə də şəhərlərimizin bərpası üçün çoxmərtəbəli binalardan ibarət yaşayış kompleksləri salınır. Ar­tıq Füzuli şəhərində inşası başa çatdı­rılan binalar ilk sakinlərini qəbul edir. 

Heç şübhəsiz, bu işlər bütün dün­yada şəhərsalma üçün böyük təcrübə, əsl örnək sayıla bilər. Müqayisə üçün deyim ki, dünyanın bir çox ölkələrində, xüsusən də Yaxın Şərqdə baş ver­miş müharibələr nəticəsində dağılan şəhərlər hələ də bərpa olunmayıb. Azad olunmuş ərazilərimizin bərpa­sı üçün hazırlanmış yeni baş planlar əsasında aparılan sürətli tikinti işləri, eləcə də düşmənin viran qoyduğu ki­çik kəndlərin birləşdirilərək əvəzində iri qəsəbələrin və yeni yaşayış massivlə­rinin yaradılması müasir şəhərsalma üçün nümunə sayılır. Onu da qeyd et­mək istəyirəm ki, düşmənin 30 il ərzin­də daşı daş üstdə qoymadığı kəndlərin ayrı-ayrılıqda bərpası üçün infrastruk­turun yaradılmasına və sosial obyekt­lərin inşasına zərurət yaranacaqdı ki, bu da həm vaxt itkisinə, həm də külli miqdarda vəsaitin xərclənməsinə sə­bəb olacaqdı... 

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat