UNESKO ekspert missiyasının bölgəyə gəlişinə kim etiraz edib?
Keşişi də yalan danışır, diplomatı da. Rəsmisi də dünən dediyi sözü bu gün danır, siyasətçisi də. Onlar üçün yaşın da fərqi yoxdur. Otuz yaşlı nazir müavini səksən yaşlı Oskanyandan heç nə ilə fərqlənmir.
Dünən Tehranda UNESCO-nun Qədim Sivilizasiyalar Forumuna üzv ölkələrin nazirlərinin 7-ci görüşü keçirilib. Bu mötəbər beynəlxalq toplantıda Ermənistan adından xarici işlər nazirinin müavini Vaqe Gevorkyan iştirak və çıxış edib. Dünyanın müxtəlif nöqtələrində silahlı münaqişələrin mədəni və dini abidələrə dağıdıcı təsir göstərdiyini nəzərə çatdıran, qədim irsin qorunub saxlanılması üzrə etibarlı monitorinq mexanizmlərinin və qiymətləndirmənin tətbiqini, informasiya mübadiləsini, rəqəmsal və peyk texnologiyasından faydalanmanı və mədəni vandalizmin qarşısının alınmasının vacibliyini önə çəkən V.Gevorkyan sonra sözünün “mustafasını” ərz edib:
“Təəssüf ki, hazırda Dağlıq Qarabağdakı (?) erməni mədəni irsi daim dağıdılmaya, təhqirə və mənimsənilməyə məruz qalır. 2023-cü ilin sentyabrında Azərbaycanın güc tətbiq etməsi Dağlıq Qarabağın (?) bütün yerli əhalisini etnik təmizləməyə məruz qoyub. Bu isə erməni mədəni irsini daha böyük təhlükə altına salıb”.
Çıxışında daha sonra beynəlxalq ictimaiyyəti təcili səylər göstərməyə çağıran V.Gevorkyan UNESCO-nun müstəqil ekspert missiyasının Dağlıq Qarabağda (?) yerləşdirilməsini dəstəklədiyi söyləyib. Hayastan xarici diplomatiya idarəsinin rəis müavini Azərbaycanın, guya, buna hər vasitə ilə mane olduğunu iddia edib. Bununla kifayətlənməyən Gevorkyan bir az da irəli gedərək, Ermənistanın UNESCO Forumunda və başqa çoxtərəfli platformalarda birgə təşəbbüslərin realizəsində yaxından iştiraka hazır olduğunu bəyan edib.
Necə deyərlər, adımı sənə qoyum, səni də yana-yana. Tehranda özünü “doğma divarlar arasındakı kimi” hiss edən V.Gevorkyanın beynəlxalq tribunadan üfürdüyü ağ yalanların birincisi odur ki, Azərbaycan UNESCO-nun bölgəyə missiyasını göndərməyə nəinki mane olmayıb, əksinə, BMT-nin bu nüfuzlu beynəlxalq qurumunun müstəqil ekspertlərini Qarabağa özü dəvət edib. Bu səfərin alınmamasının səbəbini həmin Gevorkyanın özündən soruşmaq gərəkir. Yaxşı axtarılsa, yəqin bu məsələdə də ABŞ-dakı erməni diasporunun barmağı görünəcək. Axı, Bakı bölgəyə gəlməyi arzulayan monitorinq qruplarına həm ermənilərin, həm də azərbaycanlıların mədəni, dini, tarixi irsinin daşıyıcılarına baş çəkməyi təklif edir. Gevorkyanın ikinci yalanı isə saman altdan su yeritməyə oxşayır. Nədənsə, bölgəyə təşrif buyuran bəzi “müstəqil ekspertlər” yalnız erməni “abidələrinə” baş çəkməyi arzuladıqlarını bildirirlər. Belə hal bir neçə dəfə baş verib.
Məgər UNESCO-nun ingilis, yaxud ispan mənşəli beynəlxalq monitorinqçisi Xankəndiyə, yaxud Ağdərəyə gedərkən, Ağdamdan keçə bilməzmi? Axı oraya ən yaxın yol da budur. Yoxsa, onlar burada erməni vandallarının Ağdam məscidinə tutduqları “divanı” görmək istəmirlər? Bəlkə Qarabağda dağıdılmaya, təhqirə, mənimsəməyə məruq qalan Azərbaycanın mədəni irsi UNESCO-nun məlum qorunma siyahısına düşməsi kimlərəsə sərf eləmir?
Əlqərəz, biz yenə də humanistlik göstərib, UNESCO-nun bölgəyə göndəriləcək monitorinq qrupuna ekspert kimi hətta Vaqe Gevorkyanın da salınmasına etiraz etmirik. Amma bir şərtlə ki, qrupa bələdçiliyi azərbaycanlı, həm də qarabağlı mütəxəssis eləsin.
İ.HƏSƏNQALA
XQ