Politoloq Artur Xaçikyan hansı məqamları fərqləndirir?
Məlum olduğu kimi, müxtəlif xarici qüvvələr özlərinin, loru dildə desək, yağlı vədləri ilə Ermənistanı illüziya bataqlığına çəkməklə məşğuldurlar. Bu meyil ölkənin siyasi dairələrinə də yaxşı məlumdur. Elə baş nazir Nikol Paşinyanın tərəfdarlarına da. Sadəcə, ikincilərdən fərqli olaraq, birincilər bu barədə susmamağa, danışmağa üstünlük verirlər. Susmayıb danışanlardan biri də ABŞ-ın Stenford Universitetinin erməni əsilli siyasi elmlər doktoru, politoloq Artur Xaçikyandır. A.Xaçikyan özünün də bildirdiyi kimi, Ermənistanda bir qrup qrant yeyən təşviqatçının son bir neçə ildə yaydığı yalan vədlərin və nağılların siyahısını tərtib edib. Beləliklə, diqqət yetirək görək, amerikalı erməni professor nələri önə çəkib:
Birinci. A.Xaçikyan ABŞ Konqresinin Nümayəndələr Palatasının spikeri Nensi Pelosinin Ermənistana səfərindən bəhs edir. Yada salaq ki, səfər 2022-ci ilin sentyabrında baş tutmuşdu. Bir çox siyasi ekspertlər Pelosinin İrəvana gəlişini ölkəyə dəstək kimi qiymətləndirmişdilər. Lakin ABŞ-dakı erməni lobbi və diaspor təşkilatlarının partonajlığı ilə gerçəkləşmiş dəstəyin heç bir faydası olmadı. Xaçikyanı əsəbləşdirən də elə budur.
İkinci. Politoloq Fransa Prezidenti Emmanuel Makronun ermənilərə dəstək məqsədi daşıyan və erməni dilində yayımlanmış açıqlamalarını və təsirli yazılarını xatırlayır. Ancaq Xaçikyan buna qarşılıq Makronun Ermənistana görə Azərbaycana heç bir sanksiyanın tətbiq edilməyəcəyini bildirməsinə diqqət çəkməkdədir. Qeyd edək ki, rəsmi İrəvanın, ümumən erməni ictimai rəyinin ən böyük xəyal qırıqlığı da elə bu olmuşdu. Xaçikyan bütün gəlişigözəl fikirlərinə rəğmən, Makronun “çətin günlərdə” Ermənistana səfər etməməsinə də diqqət çəkməkdədir.
Üçüncü. Məlumdur ki, istər baş nazir Nikol Paşinyan, istərsə də ölkənin digər rəsmiləri müxtəlif beynəlxalq tribunalardakı çıxışlarında Ermənistanı Qafqazda, bir növ, demokratiyanın qalası kimi təsəvvürə gətirirlər. Onlar mövcud xüsusda elə görüntü yaradırlar ki, guya, Azərbaycandan üstündürlər və bu üstünlük Bakı ilə mübarizədə dünyanın İrəvanı müdafiə edəcəyi ilə bağlı yüksək təminatdır. Xaçikyanın fikrincə, belə düşüncələrin müqabilindəki xəyal qırıqlığı ondan ibarət oldu ki, Qərb Azərbaycanı özünün etibarlı tərəfdaşı elan etdi.
Dördüncü. Ermənistan hakimiyyətinin təmsilçiləri bu fikirdə idilər ki, Beynəlxalq Ədalət Məhkəməsinin Laçın yolunun açılması ilə bağlı qərarı və beynəlxalq ictimaiyyətin təzyiqləri onlara kömək edəcək. Bildirək ki, yol humanitar yüklər üçün açıq idi. Bölgəyə silah-sursat və hərbi texnikanın keçirilməsinə gəlincə, Ermənistanın bununla əlaqədar istəyi təmin olunmadı ki, Xaçikyan məsələyə sırf bu aspektdən deyil, erməni avantürizmi nöqteyi-nəzərdən yanaşır və qəzəbini bildirir.
Beşinci. Ermənistanda belə düşünənlər də var – əgər biz Rusiyanın müttəfiqi olmasaq və Kollektiv Təhülkəsizlik Müqaviləsi Təşkilatından çıxsaq, Qərb ölkəyə kömək göstərəcək. Bu fikirlərin də sabun köpüyü mahiyyəti daşıdığını vurğulayan A.Xaçikyan bildirir ki, Fransa Ermənistana yalnız simvolik yardımla kifayətlənir. Azərbaycan isə Rusiyanın rəsmi tərəfdaşıdır. Lakin ABŞ-dan hərbi yardım alır.
Altıncı. İrəvanın siyasi dairələrində belə düşüncə formalaşmışdı ki, Qərb Ukraynaya göstərdiyi köməyi Ermənistana da göstərəcək. A.Xaçikyan vurğulayır ki, Qərb Ukraynaya ciddi yardım etdi, 250 milyard dollar ayırdı və ən müasir silahlar verdi, amma indi ölkəni tərk edir, onu Rusiya ilə baş-başa qoyur, artıq pulun bitdiyini də deyir. Belə bir durumda Ermənistanın nə isə gözləməsi sadəlövhlükdür.
Yeddinci yalan Avropa İttifaqının Ermənistandakı mülki müşahidə missiyası ilə bağlıdır. Məlum olduğu kimi, Azərbaycan-Ermənistan şərti sərhədinin Ermənistan tərəfində “lövbər salmış” missiya indiyədək heç bir faydalı iş görməyib. Ona görə də ölkədə avropalı müşahidəçilərin varlığı əvvəllərdə olduğu kimi, təhlükəsizliyin təminatı prizmasında dəyərləndirilmir.
Səkkizinci. A.Xaçikyan Ermənistan hakimiyətinin Türkiyədə baş vermiş zəlzələ zamanı bu ölkəyə yardım göndərməsi məsələsinə toxunur. O bildirir ki, Paşinyan iqtidarına yaxın dairələr məsələni Ankara-İrəvan münasibətlərinin yaxşılaşmasına töhfə kimi qiymətləndirirdilər. Lakin “Türkiyə yardımı qəbul etdi, sonra da Azərbaycanın erməniləri Qarabağdan qovmasını dəstəklədi”.
Doqquzuncu. Ermənistanın hakimiyyət nümayəndələri zamanda bildirirdilər ki, Qərb Azərbaycanın Qarabağa sahiblənməsinə imkan tanımayacaq. Əlbəttə, Xaçikyan məsələni Qərbin Qarabağda etnik təmizləməyə imkan verməməsi şəklində ifadə edir. O, mövcud xüsusda ABŞ Dövlət Deparatmentindən və Avropa Parlamentindən eşidilən bəyanatları yada salır. Bildirir ki, Qərb hökumətləri Azərbaycanın Qarabağa sahiblənməsinin qarşısını ala bilmədilər, üstəlik Qarabağ ermənilərinin bölgədən çıxmasını etnik təmizləmə kimi qiymətləndirmədilər.
Onuncu. A.Xaçikyan erməni rəsmilərinin daha bir yalanını da sanksiya məntiqi ilə izah edir. O yazır ki, Paşinyan administrasiyasına daxil olan şəxslər, eləcədə də hakimiyyət yönümlü siyasilər Qarabağın ermənisizləşdirilməsinin Azərbaycana sanksiya tətbiqinə səbəb olacağını vurğulayırdılar. Amma bu da baş vermədi.
On birinci. Erməni əsilli amerikalı politoloq bildirir ki, Paşinyanın çevrəsi belə bir fikir yayırdı ki, qonşu ölkələrlə dinc yaşamaq üçün Qarabağ Azərbaycana təhfil verilməlidir. Onun sözlərinə görə, indi Qarabağ verilib, ancaq Azərbaycan anklavları da geri istəyir, üstəlik, Ermənistan ərazisindən keçərək, Naxçıvana asan yol tələb edir.
Ə.RÜSTƏMOV
XQ