Simonyan Moskvaya “diş qıcatmaq”dan çəkinmir

post-img

Erməni spiker İrəvanın anti-Rusiya ovqatını körükləməkdədir

Ermənistan parlamentinin sədri Alen Simonyan ötən həftəsonu iki diqqətçəkən açıqlama ilə yadda qaldı. Bu açıqlamalardan biri Simonyanın son vaxtlar özünü daha qabarıq göstərən anti-Rusiya mövqeyinin bilavasitə ifadəsi baxımından idi. Digəri nə barədədir, onu yazının ikinci bölümünə saxlayaq.

Bəli, fikirləri ilə Ermənistanda anti-Rusiya xəttinin qatı təbliğatçısı olan A.Simonyan bildirib ki, Kremlin həlledici rol oynadığı, İrəvanın da üzv kimi təmsil olunduğu Kollektiv Təhlükəsizlik Müqa­viləsi Təşkilatı Ermənistanın suveren ərazilərini qorumayıb. Maraqlıdır ki, erməni spiker düşüncələrini jurnalistlə­rin KTMT qoşunlarının Ermənistandan çıxarılması kontekstində ifadə edib. Ancaq məsələni bir qədər fərqli qoyub. Simonyanın sözlərindən belə çıxıb ki, qurum Ermənistanda qalmaq istəmir və buna görə də ölkənin maraqlarından irəli gələn addımlar atmır. 

Qeyd edək ki, KTMT-nin baş kati­bi İmanqali Tasmaqambetov İrəvanda səfərdə idi. Jurnalistlərin suallarından biri də bu olmuşdu ki, belə səfərlərdən sonra Ermənistanla qurum arasında münasibətlər rəvan müstəviyə keçə bilərmi? Lakin A.Simonyanın cavabları onu göstərir ki, İrəvan KTMT kitabını ta­mamilə bağlayıb. O, deyib ki, baş katib İ.Tasmaqambetovun nə üçün ölkəyə gəlməsinin məqsədini anlaya bilmir... 

Bu yerdə erməni spiker fikrini daha aydın tərzdə bildirib və vurğulayıb ki, KTMT Azərbaycan Silahlı Qüvvələrinin Ermənistan Respublikasının suveren ərazisində mövcudluğunu bəyan edər­sə, təşkilata qarşı İrəvanın mövqeyi dəyişəcək. “KTMT ölkələri birlikdə bu silahlı qüvvələrin Ermənistanın suveren ərazisini tərk etmələrini tələb etməlidir. Belarus və Qazaxıstan əsgərlərinin bu­raya gəlmələrinə və onları zorla geri çəkmələrinə ehtiyac yoxdur”, – deyən A.Simonyanın sözlərinə görə, belə bir tələb səslənməyincə, deməli, KTMT iş­ləmir. 

Göründüyü kimi, Ermənistanın par­lament sədri aşkar təxribat yolu tutmaq­la məşğuldur. Yəni, bu şəxsi proses maraqlandırır, nəticə yox. O, KTMT-ni sanki tam lazımsız qurum olaraq təq­dim etməklə, əlbəttə, eyni zamanda, anti-Rusiya ab-havası yaradır. Yeri gəl­mişkən, KTMT-nin mövqeyi budur ki, Azərbaycan və Ermənistan arasında sərhəd müəyyənləşmədiyindən, qurum ikincinin ərazisinə təcavüzün gerçək­ləşdiyini bildirmək və müvafiq addımlar atmaq imkanına malik deyil. Bunu Er­mənistan rəsmiləri də yaxşı anlayırlar. Ancaq yenə öz əvvəlki “amplualarına” sadiqdirlər. 

Məlumdur ki, Ermənistanın anti-KTMT, ümumən anti-Rusiya xətti, eyni zamanda, anti-Azərbaycan xətti ilə bə­rabər tutulmaqdadır. İrəvan, bir qayda olaraq, Moskvanı ölkəmizin hərəkət­lərinə göz yummaqda günahlandırır. Simonyan da eyni məntiqlə çıxış et­məkdədir. Konkret olaraq, onun in­diki məqamda Ermənistan ərazisinin Azərbaycan tərəfindən işğalı məsələ­sini gündəmə gətirməsi, heç şübhə­siz, İrəvanın Bakı ilə sülh mövzusunda manipulyasiyaya yol verməsi deməkdir və belə davranışlar əlbəttə ki, çox va­cib olan qarşılıqlı etimad mühitini zə­dələməkdədir. O da şübhə doğrumur ki, Simonyan durumun fərqindədir. Sa­dəcə tipik inkarçı xətdən uzaqlaşmaq niyyətindən daşınmır. Nəzərə alaq ki, mövcud vəziyyət sülh prosesinə yeni reallıqlar gətirmək cəhdindən başqa bir şey deyil. 

Ancaq Simonyanın anti-Rusiya xəttində son zamanlar üçün xarakterik olan daha bir məqam da var. Məsələn, Rusiyanın Ermənistandakı səfiri Ser­gey Kopırkin bildirir ki, Moskva və İrəvan hərbi-texniki əməkdaşlıq sahə­sində yeni sazişləri müzakirə edirlər, Simonyanın buna qarşılıq söylədikləri isə fərqli təəssürat yaradır. Belə çıxır ki, Kopırkin fikirlərini ya yuxusunda görüb, ya da havadan götürüb. Əlqərəz, ermə­ni spikerin sözlərinə görə, Rusiya Er­mənistana silah satmaq bir yana, bunu ümumiyyətlə edə bilməyəcəyini deyib. 

Ümumən, Ermənistanın sülh mani­pulyasiyaları barədə söhbət düşəndə, belə təmayüllərin qlobal kənar maraq­lardan irəli gəldiyini də söyləmək şərtdir. İrəvan indiki situasiyada, faktiki olaraq, alət rolunda çıxış etməkdə, Qərbin an­ti-Rusiya oyununa dəstək verməkdədir. Hazırkı durumda Ermənistan Azərbay­canla sülh gündəliyini də Qərbin Cənu­bi Qafqaz maraqlarının əsirinə çevirib. Elə isə A.Simonyanın açıqlamasının ikinci hissəsinə keçid alaq.

***

Erməni spiker deyib ki, ölkəsi heç vaxt indiki qədər müstəqil siyasət xətti yeritməyib. O, mövcud xüsusda Ermə­nistanın əvvəlki prezidentləri Robert Koçaryanı və Serj Sarkisyanı günahlan­dırıb. Deyib ki, bu şəxslərin hakimiyyəti dövründə xarici oyunçular ölkəyə istə­dikləri qədər diktə edirdilər. Maraqlıdır ki, Simonyan xarici oyunçular dedikdə heç də yalnız Rusiyanı nəzərdə tutmayıb. 

Əvvəla, Koçaryan-Sarkisyan ikili­si birmənalı şəkildə Rusiyadan idarə olunurdu. Yəni, bu adamlar nəzəri baxımdan da olsa, Moskvanın orbitin­dən kənar addım atmırdılar. Ancaq, məsələn, həmin Koçaryanın dövrün­də Ermənistanın müstəqillik dövründə ən böyük təchizat layihəsi olan İran–Ermənistan qaz layihəsi işə salındı. Nəinki bu layihəyə, heç ona bənzər bir şeyə də ölkənin hazırkı iqtidarı yaxın düşə bilməyib. Bəli, Rusiya sözügedən məsələnin reallaşmasına icazə vermiş­di. Bəlkə Qərb dövlətləri diktə etmişdilər ki, İran–Ermənistan qaz kəməri olsun?

Bir məqamı da vurğulayaq ki, A.Si­monyan açıqlamasını Ermənistanın baş naziri Nikol Paşinyanın Rusiya­ya səfəri əsnasında verir. N.Paşinyan 25-26 dekabr tarixlərində Avrasiya Ali İqtisadi Şurasının iclasında və MDB-nin qeyri-rəsmi sammitində iştirak et­mək üçün Sankt-Peterburqa yollanıb. Bundan əvvəl, dəqiq desək, noyabrda o, Bişkekdə MDB dövlət başçılarının iclasında və Minskdə KTMT liderlərinin sammitində iştirak etməmişdi. İrəvan, həmçinin, Moskvada MDB Hökumət Başçıları Şurasının toplantısında da təmsil olunmamışdı.

Paşinyanın Rusiyaya səfərindən söz düşmüşkən, MDB-nin qeyri-rəs­mi sammitində iştirak prinsipcə, rəmzi məna daşıyır. Avrasiya Ali İqtisadi Şu­rasının iclasına gəlincə, təxminən, bir ay öncə həmin bu A.Simonyan Ermə­nistanın toplantıda iştirak edəcəyinin anonsunu vermişdi. O zaman onun mövcud xüsusdakı açıqlaması İrəvanın anti-Rusiya ovqatı fonunda bir qədər təəccüblü qarşılanmışdı. Çünki Avrasi­ya İqtisadi İttifaqı da Moskvanın hakim rol oynadığı təşkilatdır. 

Ancaq təəccüblənməyə əsas yox­dur. Məsələ burasındadır ki, Ermənis­tan özünün də təmsil olunduğu Rusi­yanın orbitinə daxil olan qurumların işini iflic etməklə məşğuldur. Yuxarıda Simonyanın KTMT-ni fəaliyyətsizlikdə günahlandırdığını vurğuladıq. Bunun kökü 2022-ci ilin noyabrından qoyu­lub. Həmin vaxt dövlət başçılarının sammiti rotasiya qaydasında KTMT-yə sədrlik edən Ermənistanda keçirilirdi. Paşinyan indi Simonyanın qaldırdığı məsələni gündəmə gətirmişdi və quru­mun üzvlərindən Azərbaycanı işğalçı adlandırmalarını istəmişdi. İstək təmin olunmayanda, Nikol, belə demək müm­künsə, siyasi isteriyaya güc vermişdi. 

Ən başlıca məqam isə bundan ibarətdir ki, hazırda Avrasiya İqtisadi İttifaqına sədrlik də Ermənistana ke­çir. Nəzərə alsaq ki, İrəvan KTMT-yə sədrliyi özünün anti-Azərbaycan rito­rikasına alət etməyə çalışmışdı, eyni hərəkəti Aİİ müstəvisində də davam etdirə, mövcud platformada avantürist istəklərə baş vura bilər. Necə deyərlər, qatığın tutma ehtimalı yoxdur, amma ayran almaq həmişə mümkündür. Odur ki, məsələn, İrəvanın sədrlikdən “isti­fadə edib” Aİİ-dən Azərbaycana qarşı hansısa qərarın çıxarılması məsələsini qaldıracağını, müvafiq olaraq, rədd ca­vabı aldıqdan sonra bu qurumu da mə­nasız kimi qələmə verəcəyini ehtimal etmək olar. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət