Ticarət dövriyyəsi 100 milyon dollara yaxınlaşır
Macarıstanın xarici işlər və ticarət naziri Peter Siyarto mediaya müsahibəsində Azərbaycan–Macarıstan iqtisadi-ticari əməkdaşlığının sürətlə inkişaf etdiyini, cari ilin 8 ayında iki ölkə arasında ticarət dövriyyəsinin 100 milyon dollara yaxınlaşdığını, bu göstəricinin əvvəlki dövrlərlə müqayisədə daha çox olduğunu bildirib.
P.Siyarto daha sonra ölkəsinin Azərbaycana investisiya qoyuluşuna daim maraq göstərdiyini də vurğulayaraq enerji içkiləri istehsalçısı “Hell” şirkətinin respublikamıza 211 milyon dollar sərmayə yatırdığını, bundan başqa, Macarıstanın ən böyük əczaçılıq müəssisələrindən biri olan “Richter”in Azərbaycanla imzaladığı istehsal müqaviləsinə əsasən, gələcəkdə respublikamızda istifadəyə veriləcək zavodda tibbi və əczaçılıq məhsullarının hazırlanacağını da diqqətə çatdırıb.
Yeri gəlmişkən, bu gün ölkələrimiz arasında iqtisadi əlaqələrdə davamlı inkişaf özünü qabarıq büruzə verir. Azərbaycanda 21 Macarıstan investisiyalı şirkətin fəaliyyət göstərməsi, bu ölkənin respublikamıza 1,1 milyard dollar məbləğində, Azərbaycanın isə dost ölkəyə 18,1 milyon dollar həcmində investisiya yatırması bunun məntiqi nəticəsidir.
Bu faktlar Azərbaycanla Macarıstan arasında iqtisadi-ticarı əlaqələrin yeni inkişaf mərhələsində uğurla inkişafını göstərir. Bu, özünü tərəflər arasında əmtəə dövriyyəsinin həcminin dinamik şəkildə artmasında daha qabarıq biruzə verir. Bundan başqa, nəqliyyat, tranzit və logistika sahələrində də əməkdaşlıq daim diqqətdə saxlanılır. Ələt Azad İqtisadi Zonası və Macarıstan İxracın Təşviqi Agentliyi arasında Anlaşma Memorandumu imzalanması, həmçinin dəmir yolları vasitəsilə artıq Macarıstandan Azərbaycana, eyni zamanda, əks istiqamətə yüklərin ötürülməsinə başlanılması, dost ölkənin “Wizz Air” şirkətinin Bakı və Budapeşt şəhərləri arasında birbaşa aviareyslərin həyata keçirməsinə başlaması bunun bariz ifadəsidir.
Macarıstan şirkətləri Azərbaycanın işğaldan azad edilən ərazilərində reallaşdırılan bərpa-quruculuq prosesinə də ciddi maraq göstərir, bununla əlaqədar ölkəmizə müvafiq layihələr təqdim edir. Döst dövlət düşməndən azad olunan torpaqlarımızda minatəmizləmə əməliyyatında da dəstəyini əsirgəmir. Macarıstanın bu məqsədlə Azərbaycana 25 min avro ianə etməsi də bunun əyani nümunəsidir.
İkitərəfli iqtisadi əməkdaşlıqda enerji ixracına daha çox üstünlük verilir. Dost ölkənin “MVM CEEnergy”, respublikamızın isə SOCAR şirkətləri arasında imzalanan müqaviləyə əsasən, cari ilin sonunadək Macarıstana 100 milyon kubmetr qaz tədarük etmək nəzərdə tutulur. Ümumiyyətlə, bu ölkə respublikamızdan ildə 2 milyard kubmetr qaz idxal etməyi planlaşdırır. Yunanıstan-Bolqarıstan İnterkonnektoru (IGB) istifadəyə verildikdən sonra isə daha 5 Avropa ölkəsinin, o cümlədən Macarıstanın da Azərbaycan qazını idxal etmək imkanlarının genişlənməsi həmin göstəricinin reallaşacağına əminlik yaradır.
Xatırladaq ki, Cənubi Qaz Dəhlizinin (CQD) bu gün ən əhəmiyyətli hissəsinə çevrilən IGB-nin ötürmə gücünün 3,5 milyard kubmetrdən 5 milyard kubmetrədək artırılması Macarıstan, Serbiya, Slovakiya, Ruminiya, Şimalı Makedoniya kimi ölkələrin də Azərbaycandan daha çox qaz almasına və ya yeni enerji əməkdaşlığına başlamasına imkan yaradır. Qeyd edək ki, dost dövlət CQD-nin təşəbbüsünü daim dəstəkləyir və bu layihəyə qoşulmaqla bağlı marağını daim diqqətə çatdırır. Məhz elə buna görədir ki, qarşı tərəf CQD-nin Məşvərət Şurasının illik Nazirlər görüşlərində bir qayda olaraq nazir səviyyəsində təmsil olunur.
Ölkələrimiz arasında enerji sahəsində əməkdaşlıqda ötən il dekabrın 17-də Buxarestdə imzalanan Azərbaycan, Macarıstan, Rumıniya və Gürcüstan Hökumətləri arasında “yaşıl enerji” sahəsində strateji tərəfdaşlığa dair müvafiq saziş xüsusi yer tutur. Həmin tarixi sənədə əsaslanılaraq adları çəkilən ölkələr arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi ilə bağlı layihənin icrası istiqamətində səylər hazırda uğurla davam etdirilir. Bununla da 1200 kilometr uzunluğunda dünyanın ən uzun sualtı kəmərinin tikintisi planlaşdırılır.
Hazırda Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan arasında “yaşıl enerji” layihəsinin həyata keçirilməsinə məsul Birgə Müəssisənin tezliklə yaradılması, tezliklə texniki-iqtisadi əsaslandırma prosesinin yekunlaşdırılması nəzərdə tutulur. Həmçinin bu enerji dəhlizi ilə Mərkəzi Asiyadan elektrik enerjisinin ötürülməsi üzrə Azərbaycan, Qazaxıstan və Özbəkistan arasında da əməkdaşlığa başlanılması planlaşdırılır. Bir sözlə, “yaşıl enerji” dəhlizinin genişləndirilməsi və bərpaolunan enerjinin bu nəhəng infrastrukturla nəqlinin Avropanın enerji təchizatının diversifikasiyasını reallaşdırmaqla enerji təhlükəsizliyinə töhfə verməsi qarşıya önəmli vəzifə kimi qoyulur.
Bu gün bir neçə ölkəni, iki dənizi birləşdirən marşrutlarla Xəzərin “yaşıl enerji” potensialını Avropada enerji təhlükəsizliyinin gücləndirilməsinə və təmiz enerji keçidinə yönəldən strateji layihənin icrasının sürətləndirilməsi xüsusi diqqətdə saxlanılır. Bütövlükdə bu layihə Azərbaycanın “yaşıl enerji”nin təchizatçısına çevrilmək planlarının tərkib hissədir.
Bu dəhlizlə 4 QVt həcmində “yaşıl enerji”nin ixracı məqsədilə dənizdə sektorlar müəyyənləşdirilib, quruda ərazilər ayrılıb və növbəti proseslərə start verilib. Hazırda isə bu məqsədə çatmaq üçün bərpaolunan mənbələrdən enerji istehsalı, bu enerjinin ötürülməsi və satışı istiqamətlərində sıx koordinasiya olunmuş fəaliyyətin gerçəkləşdirilməsi istiqamətində tədbirlər həyata keçirilir.
“Yaşıl enerji” layihəsinin gerçəkləşməsi isə region və Avropa bazarları arasında elektrik enerjisinin ixracı imkanlarını genişləndirəcək, eyni zamanda, Xəzər dənizinin respublikamıza aid sektorundakı zəngin külək enerjisi potensialı Avropanın enerji təhlükəsizliyinin şaxələndirilməsini gerçəkləşdirəcək.
Bütün bu deyilənlərdən belə bir qənaət hasil olur ki, Azərbaycanla Macarıstan arasında əməkdaşlıq təkcə qaz tədarükü, eləcə də “yaşıl enerji”nin inkişafı və təchizatı ilə məhdudlaşmır. Hər iki ölkədə sənaye, nəqliyyat, informasiya texnologiyaları, kənd təsərrüfatı, ticarət və s. sahələrdə də əlaqələrin gücləndirilməsi üçün əlverişli şərait var və bu potensialın reallaşdırılması məqsədilə zəruri tədbirlər görülür. Bu isə Azərbaycan–Macarıstan əlaqələrinin getdikcə genişlənməsini, iqtisadi sahədə yüksək nəticələrin əldə edilməsini şərtləndirir.
Vaqif BAYRAMOV
XQ