Pambıq ixracından gəlir azalıb

post-img

Dövlət Gömrük Komitəsindən verilən məlumata görə, ölkənin pambıq ixracından qazancı ötən ilin eyni dövrü ilə müqayisədə 68 milyon dollar və ya 34,1% azalıb.

Hesabat dövründə pambıq ixracı Azərbaycanın ümumi ixracının 0,45%-ni təşkil edib. Ötən ilin eyni dövründə ölkənin pambıq ixracının dəyəri isə 180,9 milyon dollar təşkil edib.

Bəs bu azalmanı ümumi pambıq qıtlığı kimi qiymətləndirmək olarmı? Ötən ilə nisbətən bu il pambıq yığımında dəyişiklik ola bilərmi?

Mövzu ilə bağlı XQ-ya açıqlamasında iqtisadçı-ekspert Eldəniz Əmirov bildirib ki, pambıq kifayət qədər su tələb edən məhsuldur, buna görə də, bu baxımdan gəlirliyə görə digər sahələrdən fərqlənir.

İstehsal həcmlərinin azalmasında da su problemlərinin rolu çox böyükdür:
”Ötən ilin 9 ayı ilə bu ilin 9 ayı arasında pambıq ixracında olan fərq hesab edirəm ki, kifayət qədər ciddidir. Çünki pambıq ixracının təxminən üçdə birindən də artıq azalma dəyər ifadəsində 70 milyon dollara yaxın pambıq istehsal sahəsində ciddi bir mənfi tendensiyadır.

Pambıq ixracının azalma səbəblərinə gəldikdə isə qeyd etmək istəyirəm ki, birinci faktor pambıq islahat həcminin azalması ilə əlaqədardır.

Biləvasitə pambığın azalması, ixracata da öz təsirini göstərir, yəni pambıq yığımı ixracı azaldığı üçün eyni dövrün rəqəmlərinə baxsaq, görərik ki, məhz bu ilin yanvar- sentyabr aylarında pambıq yığımında 63% azalma göstərilib. Bu qədər azalma qarşılığı 34% ixracın azalması onu deməyə əsas verir ki, bu il ötən ilə müqayisədə yığılmış pambığın daha çox hissəsi ixraca ünvanlanıb, pambıq yığımının azalmasından ixracın azalması daha az baş verib.

Pambığa çəkilən xərcin, su ehtiyatının və torpaq resuslarının istifadə etməklə daha önəmli kənd təsərrüfatı sahələrini inkişaf etdirmək mümkün olar. Pambıq, sadəcə, məşğulluğun təmin olunmasında ölkədə daha çox əhəmiyyətə malikdir, amma gəlirlilik baxımından və gəlir daxilində insanlara bölgüsündə digər sahələrdən çox geridədir”. 

Ayşən AZADOVA
XQ



İqtisadiyyat