Neftin qiymət artımı və ixracatçıların valyuta gəlirlərinin artması fonunda rubl dollar və avroya qarşı möhkəmlənir. Moskva birjasında saat 10:35-ə olan məlumata görə, dolların məzənnəsi 0,67 faiz və ya 0,61 rubl ucuzlaşaraq 89,99 rubla düşüb. ABŞ valyutası 27 iyul 2023-cü ildən bəri, ilk dəfə 90 rubldan aşağı ticarət olunub. Eyni zamanda, avronun məzənnəsi 0,33 faiz (0,32 rubl) azalaraq 97,79 rubl olub.
Rublun möhkəmlənməsinə qlobal neft tələbi ilə bağlı artan proqnozlar fonunda neft bazarında son üç gündəki müsbət dinamika təsir edib. İqtisadçı Sofiya Kirsanovanın sözlərinə görə, rublun möhkəmlənməsinə yüksək faiz dərəcəsi şəklində strateji amillər də kömək edir. Nəticədə idxala tələbin azalması və rubl aktivlərinin gəlirliliyinin artması baş verir. Habelə Rusiya prezidentinin ixracatçıların valyuta gəlirlərinin satışı haqqında fərmanı da bazara təsir edir.
P.ƏFƏNDİ