Azərbaycan “enerji inqilabı”nın önündə gedir

post-img

Ölkəmiz “mavi qaz”la yanaşı, elektrik enerjisi də nəql edəcək

Beynəlxalq Enerji Agentliyinin son hesabatında 2030-cu ilə qədər dünyada elektrik enerjisinin yarısının bərpaolunan mənbələr hesabına təmin ediləcəyi proqnozlaşdırılıb. Son illər dünyada bu sahədə inqilabi bir proses gedir. Artıq bəzi Avropa ölkələrində ölkənin enerji tələbatının 50 faizə yaxını bərpaolunan enerji mənbələri hesabına təmin edilir. 

2022-ci ildə qlobal enerji komp­leksində bərpaolunan enerji mən­bələrinin payı bir il öncə ilə müqa­yisədə 1,5 bənd artaraq 30 faizə yüksəlib. Bu rəqəm 2010-cu il səviy­yəsindən 10 bənd yuxarıdır. Enerji balansında bərpaolunan enerji mən­bələrinin payı əvvəlki kimi Braziliya, Kolumbiya, Kanada, Yeni Zelandiya, İsveç və Norveç kimi böyük su eh­tiyatlarına malik ölkələrdə xüsusilə yüksək olub. Bu gün həmin ölkələr­də istehsal olunan elektrik enerjisinin 2/3 hissəsi bərpaolunan mənbələr hesabına əldə edilir.

Avropada 2010-cu ildən indiyədək bərpaolunan mənbələr hesabına enerji istehsalı 18 bənd artaraq 43 faizə yük­səlib. Müqayisə olunan dövrdə bərpaolu­nan mənbələr hesabına enerji istehsalı­nın payı Böyük Britaniyada 36 faizdən 43 faizə, Hollandiyada 30 faizdən 40 faizə, Almaniyada 27 faizdən 44 faizə, Avstra­liyada 22 faizdən 31faizə, Çilidə 14 faiz­dən 55 faizə, ABŞ-da 12 faizdən 22 faizə qədər arta bilib. Türkiyədə bu dövrdə ən yüksək artım qeydə alınıb. Belə ki, qar­daş ölkədə göstərilən dövrdə bərpaolu­nan mənbələr hesabına istehsal olunan enerjinin xüsusi çəkisi 15 faizdən 42 faizə qədər yüksəlib. 

Avropa İttifaqı bərpaolunan enerji mənbələrinin ümumi elektrik enerjisi is­tehlakında payını bu onilliyin sonuna qə­dər əvvəllər nəzərdə tutulan 32 faizdən 45 faizə çatdırmaq qərarına gəlib. 

Beynəlxalq Enerji Agentliyinin verdi­yi məlumatlara görə, dünyada elektriklə işləyən avtomobillərin payı son 3 ildə 5 dəfə artıb. Əgər 2020-ci ildə dünyada satılan hər 25 avtomobildən yalnız biri elektrik mühərriki ilə təchiz edilmişdisə, 2023-cü ildə satılan hər 5 avromobildən birinin elektrik mühərriki ilə təchiz edilə­cəyi gözlənilir. 

Son üç il ərzində qlobal miqyasda elektriklə işləyən avtomobillərə tələbat 5 dəfə artıb. 2022-ci ildə bütün dünya­da hərəkət edən elektromobillərin sayı 60 faiz artaraq 26 milyona çatıb. Əgər 2022-ci ildə dünyada satılan avtomobil­lərin ümumi sayında elektromobillərin xüsusi çəkisi 14 faiz təşkil etmişdisə, bu il həmin rəqəmin 18 faizə yüksələcə­yi gözlənilir. Müqaisə üçün bu göstərici 2020-ci ildə cəmisi 4 faiz təşkil etmişdı. 

Neft-qaz ölkəsi olan Azərbaycan dün­yanın enerji balansında baş verən bu proseslərin ciddi fərqindədir. Prezident İlham Əliyevin yürütdüyü enerji siyasətin­də “yaşıl enerji” istehsalı xüsusi yer tutur. Son illərdə Azərbaycanda bu istiqamətdə çox işlər görülüb. 

Bütövlükdə, bu gün Azərbaycan­da elektrik enerjisi istehsalının və onun ixracının sürətli artımı baş verir. Biz ar­tıq regionun ən etibarlı elektrik enerjisi təchizatçılarından birinə çevrilə bilmişik. Azərbaycan Respublikası Energetika Nazirliynin məlumatlarına nəzər salmaq yetərlidir ki, son 14 ildə elektrik enerjisi ixracı sahəsində hansı inqilabi dəyişik­liklərin baş verdiyini əyani şəkildə görə bilək. Belə ki, 2022-ci ildə Azərbaycan 121 milyon 598,37 min dollar dəyərində 1 milyard 711 milyon 432,88 min kVt.saat elektrik enerjisi ixrac edib. 

Bununla da, 2022-ci ildə Rusiyaya 3 milyon 644,23 min dollar dəyərində 91 milyon 529,56 min kVt.saat, Gürcüstana 33 milyon 213,97 min dollar dəyərində 551 milyon 878,8 min kVt.saat, Türkiyəyə 79 milyon 267 min dollar dəyərində 964 milyon 453,7 min kVt.saat, İrana 5 mil­yon 473 min dollar dəyərində 103 milyon 571,21 min kVt.saat elektrik enerjisi ixrac olunub. 

Cari ilin yanvar–iyul aylarında Azər­baycan ümumi dəyəri 314 milyon dollar­dan çox olan 2 milyard 829 milyon kVt/saat elektrik enerjisi ixrac edib. Bu isə 2022-ci ilin eyni dövrü ilə müqayisədə müvafiq olaraq 4,1 dəfə və 8,9 dəfə artım deməkdir. Ötən 7 ayda elektrik enerjisi ixracının Azərbaycanın ümumi ixracında xüsusi çəkisi 1,5 faiz, qeyri-neft sektoru ixracında isə 15,7 faiz təşkil edib.

Azərbaycan artıq elektrik enerjisi ix­racının yeni müstəvisinə keçid edir. Bər­paolunan enerji resurslarının yetərincə geniş olduğu ölkəmiz “yaşıl enerji” isteh­salını və onun ixracını sürətlə artırmaq kimi hədəflər müəyyənləşdirib. 

Bu istiqamətdə atılan ən real addım­lardan biri 2022-ci ilin dekabr ayında Azərbaycan, Gürcüstan, Rumıniya və Macarıstan hökumətləri arasında “yaşıl enerji”nin inkişafı və ötürülməsi ilə bağlı Strateji Tərəfdaşlıq sazişinin imzalanma­sı olub. Saziş Azərbaycan və Rumıniya arasında “yaşıl enerji”nin ötürülməsi məqsədilə Gürcüstan və Qara dənizdən keçəcək sualtı elektrik enerjisi kabelinin çəkilməsi layihəsinin reallaşdırılmasını təmin etməyi nəzərdə tutub. Bu kabel­lə ötürülən elektrik enerjisi daha sonra Macarıstana və Avropa nəqletmə sistemi vasitəsilə qitənin qalan hissəsinə nəql ediləcək.

Azərbaycan bu istiqamətdə xarici in­vestisiyaları cəlb etməklə ciddi addımlar atmağa başlayıb. Oktyabrın 26-da 230 MVt gücündə Qaradağ Günəş Elekt­rik Stansiyasının rəsmi açılış mərasimi keçirilib. Bu layihənin təməli 2021-ci il aprelin 6-da Azərbaycanın Energetika Nazirliyi, “AzərEnerji” ASC və Birləş­miş Ərəb Əmirliklərinin “Masdar” şirkəti arasında investisiya, enerji alqı-satqısı və ötürücü şəbəkəyə qoşulma ilə bağlı müqavilələrin imzalanması ilə qoyulub. 

Təməli 2022-ci il martın 15-də qoyu­lan, ümumi dəyəri 262 milyon ABŞ dolları olan stansiyanın tikintisi 1 il 7 ay ərzində başa çatdırıldı. Xarici sərmayə hesabına tikilən bu stansiya hər il 500 milyon kilo­vat-saat elektrik enerjisi istehsal edilmək­lə 110 milyon kubmetr həcmində təbii qaza qənaət etməyə imkan verəcək. 

Ölkəmizin ərazisi, xüsusən də Abşe­ron yarımadası, Vətən müharibəsində işğaldan azad edilmiş ərazilər bərpao­lunan enerji mənbələri ilə kifayət qədər zəngindir. Ölkə Prezidenti artıq işğaldan azad olunmuş ərazilərimizi “yaşıl enerji” zonası elan edib. Bütövlükdə, Azərbay­canın quruda külək və günəş enerjisinin həcmi 27 qiqavatdan çoxdur, Xəzər də­nizinin Azərbaycan sektorunda isə külək enerjisi bütövlükdə 157 qiqavat təşkil edir. Azərbaycan ərazisindəki dağ çayla­rının potensialı enerji istehsal gücü 520 MVt həcmində qiymətləndirilir.

Bu sahədə dövlətin qarşıya qoyduğu əsas hədəf isə 2030-cu ilədək ölkənin elektrik enerjisinin istehsalının ümumi həcmində bərpaolunan enerji mənbələri­nin payını 30 faizə çatdırmaqdan ibarət­dir. Bu hədəfə çatmaqla Azərbaycan öz enerji təhlükəsizliyini tam təmin etməklə yanaşı, xarici ölkələrə, ilk növbədə, Av­ropa ölkələrinə enerji ixracının həcmini əhəmiyyətli dərəcədə artıracaq.

Beləliklə, Azərbaycan Avropanın təkcə “mavi qaz” deyil, həm də elektrik enerjisi təchizatında layiqli yer alacaq. Bu isə ölkəmizə böyük iqtisadi və siyasi dividendlər qazandıracaq. 

 

Fikrət YUSİFOV,
iqtisad elmləri doktoru, professor



İqtisadiyyat