Prezident İlham Əliyevin diplomatiyası işğalçını döyüş meydanında tək qoydu
Geridə qalan 20 il respublikamızda sürətli inkişafın təmin edilməsi, hərtərəfli islahatlara rəvac verilməsi, sosial rifahın yaxşılaşdırılması, cəmiyyətin daha da demokratikləşdirilməsi, regionların sosial-iqtisadi inkişafına nail olunması, müstəqil siyasət yeritməkdə nümunə xarakterli nəticələr qazanılması, Azərbaycanın BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilməsi, ölkəmizin kosmik ailədə öz yerini tapması və möhkəmləndirməsi, hərbi əməliyyatları beynəlxalq aləmdə dərsliklərə salınan güclü ordu yaradılması, gənc müstəqil dövlətimizin beynəlxalq aləmdə mühüm aktorlardan birinə çevrilməsi və nəhayət, 30 il düşmən tapdağında qalan ərazilərimizin işğaldan azad olunması ilə yaddaşlara yazılmışdır.
Fikrimizcə, bunların hər biri ayrılıqda bir qürur mənbəyi sayılacaq uğur, nailiyyətdir. Bu da faktdır ki, dövlətimizin son 20 ildə yeritdiyi xarici siyasət xalqımıza daha böyük üzağlığı, başucalığı gətirmiş, düşmənimizi beynəlxalq aləmdə təkləmişdir. Cənab Prezident 2003-cü ildəki çıxışlarında dönə-dönə deyirdi ki, bizim xarici siyasətimizin əsas məqsədi işğal altında olan torpaqlarımızın azad edilməsi və ərazi bütövlüyümüzün bərpasına nail olmaqdır. Bu isə o demək idi ki, Azərbaycan öz ərazilərini hərbi yolla deyil, məhz siyasət, diplomatiya və danışıqlar yolu ilə geri qaytarmaq istəyirdi. Bu qətiyyət, gənc müstəqil dövlətin olduqca böyük miqyaslı humanizm nümayişi idi.
Çox təəssüf ki, Ermənistan da, onun havadarları da, üstəlik, beynəlxalq təşkilatlar da Azərbaycan dövlətinin sivil yanaşmasından nəticə çıxara bilmədilər. Ona görə də, İlham Əliyev 2008-ci ildə keçirilmiş prezident seçkilərindən sonra bəyan etdi ki, biz öz ərazilərimizi istənilən yolla qaytaracağıq. Yəni artıq hərbi yol da istisna olunmurdu. Çünki həm Ermənistan getdikcə daha da həyasızlaşırdı, həm beynəlxalq aləmdə mövcud olan ikili standartlar münaqişənin həllinin uzanmasına “xidmət edirdi”, həm də bəzi dövlətlər Cənubi Qafqaza sülh və əmin-amanlıq gətirilməsini istəmirdilər.
2013-cü ildə keçirilmiş prezident seçkilərindən sonra isə Prezident İlham Əliyev beynəlxalq aləmə xitabən dedi ki, BMT Təhlükəsizlik Şurasının Ermənistan – Azərbaycan münaqişəsinin həllinə dair qəbul etdiyi məlum qətnamələri özümüz icra etmək məcburiyyətindəyik. Çünki baynəlxalq aləmdəki söz sahiblərində ədalət yoxdur, qəlbində, fikrində ədalət olanların isə sözü, səsi eşidilmir. Dövlət başçımız üçüncü dəfə and içəndən iki il yarım sonra ermənilərə və onların havadarlarına Aprel “dərsləri” verdi. O zaman türkiyəli ekspertlər yazmışdılar ki, Aprel döyüşləri hərbi əməliyyatdan daha çox siyasi-diplomatik xəbərdarlıq kimi xarakterizə olunmalıdır. Zaman sübut etdi ki, onlar haqlı idilər.
Biz dayanıqlı və qətiyyətli xarici siyasətlə dünya ölkələri ilə bərbabərhüquqlu və qarşılıqlı münasibətlərin qurulması, beynəlxalq təşkilatlarla səmərəli əlaqələrin yaradılması, yeni tərəfdaşların tapılması və yüksək səviyyəli əməkdaşlığın həyata keçirilməsi, mehriban qonşuluq siyasətinin formalaşdırılması və beynəlxalq ədalətin təmin olunmasını istəyirdik. Bu istiqamətlərin bir çoxunda istədiyimizə nail olsaq da, münaqişənin ədalətli şəkildə həllinin işartıları belə görünmürdü.
Fəxrlə deyə bilərik ki, Prezident İlham Əliyevin yürütdüyü xarici siyasət nəticəsində son 20 ildə dostlarımızın sayı daim çoxalıb, bizimlə müttəfiqlik etmək istəyən ölkələrin sırasına yeniləri əlavə olunub. Azərbaycan son iki onillikdə 155 ölkənin dəstəyi ilə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü seçilib, 120 dövlətin təmsil olunduğu Qoşulmama Hərəkatına sədrlik edib və onun beynəlxalq miqyasda siyasi nüfuzunun artırılmasına əvəzsiz xidmətlər göstərib. Ölkəmiz Avropa İttifaqının 10 üzv ölkəsi ilə strateji tərəfdaşlıq əlaqələri qurub, regionda mehriban qonşuluq siyasətini təşviq etməklə Cənubi Qafqazın sülh məkanına çevrilməsinə töhfə verib və sair. Ancaq münaqişə həll edilməmiş qalırdı.
Bizim xarici siyasətimizin əsas uğurlarından biri də “Bakı prosesi”ndən başlayaraq, müntəzəm şəkildə sivilizasiyalararası dialoqa töhfələr verilməsi idi. Hamını gözünün qabağındadır ki, Azərbaycan hər il müxtəlif beynəlxalq tədbirlərə evsahibliyi edir. Ekspertlərin fikrincə, Beynəlxalq Humanitar Forum, Mədəniyyətlərarası Dialoq Forumu, Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin təşkilatçılığı ilə keçirilən Qlobal Bakı Forumu və digər tədbirlərin təyinat məntəqəsi ona görə Bakıdır ki, Azərbaycan heç bir hərbi təşkilatın üzvü deyil. Ölkəmizin güclü beynəlxalq nüfuzu var. O, bütün qonşuları və müttəfiqləri ilə qarşılıqlı etimad əsasında əməkdaşlıq edir. Artıq hamı etiraf edir ki, Azərbaycan regionda və dünyada əsas sabitləşdirici faktordur.
Yeri gəlmişkən, 2017-ci ilin fevral ayında Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, general Valeri Gerasimov ilə ABŞ Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin rəhbəri, general Cozef Danfordun, həmin ilin sentyabr ayında general Valeri Gerasimovla NATO Hərbi Komitəsinin rəhbəri, general Peti Pavelin, 2018-ci ilin aprel və dekabr aylarıda yenə general Gerasimovla NATO-nun Avropadakı Birləşmiş Hərbi Qüvvələrinin Baş Komandanı Kertis Skaparatti , 2019-cu ilin iyul ayında Rusiyanın eyni ali hərbi rəhbərliyi ilə NATO-nun Avropadakı Müttəfiq Qüvvələrinin Ali Baş Komandanı Tod Uolters arasında və nəhayət, 2019-cu ilin noyabr ayında Rusiya Müdafiə nazirinin birinci müavini, ordu generalı Valeri Gerasimovla NATO Hərbi Komitəsinin sədri, Aviasiya Baş Marşalı ser Stüart Piç arasında görüşlərin Bakıda keçirilməsi bizim xarici siyasətimizin uğurlarından idi. Ancaq, bütün bunlar günün reallıqları olsa da, çox təəssüf ki, məlum münaqişə həll edilməmiş qalırdı.
Son 20 ildəki xarici siyasətimiz milli dövlətçilik maraqlarının müdafiə edilməsi üçün həm ikitərəfli, həm də çoxtərəfli formatda həyata keçirilmişdir. Ekspertlərin fikrincə, həmin siyasətin uğurunu təmin edən çoxsaylı parametrlər sırasında birinci mövqedə dayanan amil Prezident İlham Əliyevin beynəlxalq siyasətin aktoru statusuna yüksəlməsi reallığı ilə bağlıdır. Mütəxəssislər xatırladırlar ki, Prezident İlham Əliyev “siyasi şahmat lövhəsi”ndə “siyasət qrossmeysteri” olaraq daim rəqibini “mat” etməyi bacarır.
Təbii ki, 2003-cü ildən bəri davam edən xarici siyasətimizdə uğurlar da çox olub, heç zaman unudulmayacaq əlamətdar günlər də. Ancaq mən bu yazını Prezident İlham Əliyevin əksər həmkarlarına nəsib olmayan qətiyyətli ( həm də riskli) bir addımı haqqında söz açmaqla yekunlaşdırmaq istəyirəm. Hamının yadındadır ki, 2009-cu ildə ABŞ başda olmaqla Qərb dövlətlərinin təzyiqi nəticəsində Türkiyə–Ermənistan sərhədlərinin açılması prosesi kritik mərhələyə daxil olmuşdu. Hətta iş o yerə çatmışdı ki, Qərb siyasi dairələri həmin il aprelin 6-7-də İstanbul şəhərində “Sivilizasiyalar alyansı” adlanan bir tədbir təşkil edərək, orada ABŞ-ın yeni prezidenti Barak Obamanın və Dövlət katibi Hillari Klintonun Prezident İlham Əliyev ilə görüşünü keçirməyi planlaşdırmışdılar.
Təbii ki, məqsəd bu görüş çərçivəsində Azərbaycanın dövlət başçısının məlum məsələdə tutduğu güzəştsiz mövqeyinə təsir edərək, onu prinsiplərindən daşındırmaqdan ibarət idi. Azərbaycan Prezidenti isə dünyanın fövqəldövlətinin rəhbəri ilə görüşdən unikal diplomatik manevr hesabına faktiki olaraq imtina etmişdi. Dövlət başçımız bununla da sübut etmişdi ki, Azərbaycan ərazicə o qədər də böyük dövlət olmasa belə, sözünün mənası, liderinin qətiyəti və iradəsi böyükdür. Bütün bunların nəticəsidir ki, İstanbulda bizə tələ qurmaq istəyən böyük dövlətlər Azərbaycan Prezidentinin siyasi iradəsini nəzərə almaq məcburiyyətində qaldılar.
Dövlət başçımız nə üçün həmin riskli addımı atmışdı? Çünki rəsmi Ankara Türkiyə–Ermənistan sərhədlərini bilavasitə Azərbaycan ərazilərinin Ermənistan tərəfindən işğal edildiyinə görə bağlamış və bu fakt İrəvana sarsıdıcı iqtisadi zərbə olmuşdu. Qərb dövlətləri isə Azərbaycan ərazilərinin işğaldan azad edilməsini uzaq gələcəyə saxlamaqla Türkiyə – Ermənistan sərhədinin açılmasına nail olmaq istəyirdilər. Ancaq məlum oldu ki, Prezident İlham Əliyev onların fikirlərinə təsir göstərə biləcəyi diplomat deyilmiş. Həmin sərhədlər hələ də bağlıdır.
Amma, artıq həmin sərhədlər açıla bilər. Çünki Azərbaycan son üç ildə işğaldakı torpaqlarının düşmən tapdağından azad edilməsinə də nail oldu, ərazi bütövlüyünün bərpasına da, suverenliyinə də. Bütün bunlar isə hərbi qüdrətimizlə yanaşı, bizim “Əsrə bərabər 20 il” adlandırdığımız dövrdə həyata keçirilən xarici siyasətin, mükəmməl diplomatiyanın nəticəsidir. İnanırıq ki, əldə olunmuş nailiyyətlər dövlətimizin daha böyük uğurlarına zəmin yaradır.
İttifaq MİRZƏBƏYLİ
XQ

