Bakı – İrəvan sülh gündəliyi

post-img

Ziddiyyətlərə və mövqe yaxınlıqlarına baxış

Azərbaycan və Ermənistan liderlərinin bu il oktyabrın sonunda Brüsseldə Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişelin vasitəçiliyi ilə keçirilməsi nəzərdə tutulan görüşünün baş tutmamasından sonra rəsmi Bakıdan İrəvanla sülh müqaviləsinin imzalanması perspektivinə dair mesaj var. 

Azərbaycanın Xarici işlər nazirinin müavini Elnur Məm­mədov bildirib ki, bununla bağlı layihənin əksər bəndləri üzrə razılığa gəlinib. “Hesab edirik ki, Azərbaycan Qarabağda beynəlxalq səviyyədə tanınmış əraziləri üzərində suverenli­yini tam bərpa etdikdən sonra sülh sazişinin əldə olunması prosesi asanlaşıb və onun imzalanması ehtimalı daha yük­sək olmalıdır”, – deyən E.Məmmədov əlavə edib ki, ölkəmiz mövcud istiqamətdə Ermənistandan hərəkət gözləyir. Bakı­nın sülh gündəminə sadiqliyini vurğulayan nazir müavini, eyni zamanda, bildirib ki, Azərbaycanın bununla əlaqədar təklifi qüvvədədir. Yəni, əsas məsələ Ermənistanın adekvat dav­ranmasıdır. Bəs, İrəvan adekvat davranacaqmı?

Təbii ki, E.Məmmədov Bakının İrəvandan konkret hansı addımları gözlədiyini deməyib. Ancaq ondan fərqli olaraq, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycanla sülh müqaviləsi üzrə üç əsas saydığı prinsipi açıqlayıb. Nikolun sözlərinə görə, tərəflər bu prinsiplərə sadiq qalarlarsa, sülh və münasibətlərin tənzimlənməsinə dair sazişin imzalanması reallaşacaq. Söhbət, birincisi, Ermənistanın 29,8 min, Azər­baycanın isə 86,6 min kvadratkilometr ərazidə suveren haq­larının qarşılıqlı şəkildə tanınmasından gedir: “Deməliyəm ki, bu rəqəmlər Sovet İttifaqının son ensiklopediyalarında qeyd olunanlardan götürülüb. Orada Ermənistan SSR-in və Azərbaycan SSR-in ərazisinə dair qeydlər var - Ermənistan Respublikası 29800, Azərbaycan Respublikası 86600 kvad­ratkilometr yazılıb”.

N.Paşinyan bildirib, növbəti prinsip Alma-Ata Bəyannaməsi əsasında deli­mitasiyanın həyata keçirilməsidir. Onun sözlərinə görə, belə olan halda da Sovet İttifaqının sərhədləri əsas götürülür: “Bu, o deməkdir ki, Ermənistanla Azərbaycan arasında Sovet İttifaqı dövründə mövcud olan inzibati sərhədlər dövlət sərhədlə­rinə çevrilib və onun toxunulmazlığını tərəflər Alma-Ata Bəyannaməsi ilə tanı­yıb və tanıyır”.

Qeyd edək ki, delimitasiya prosesin­də Alma-Ata Bəyannaməsinin imzalan­masınadək mövcud vəziyyəti əks etdirən xəritələrin olması da müstəsna əhəmiy­yət daşıyır. Göründüyü kimi, tərəflərdə xəritələr var və onların siyasi iradəsi ilə bu proses kifayət qədər tez və effektiv şəkildə irəliləyə bilər. Paşinyanın haqqın­da söz açdığı üçüncü prinsipə əsasən isə regional kommunikasiyalar suveren yurisdiksiyalar əsasında açılmalıdır: “Tərəflərin hər biri öz ərazisində, öz sər­hədində sərhəd gömrük nəzarətini təmin edir. Bundan əlavə, onlar öz daxillərində ümumilikdə kommunikasiyaların təhlükə­sizliyini təmin edirlər. Söhbət magistral və dəmir yollarından gedir”.

N.Paşinyan onu da bildirib ki, Er­mənistan Milli Təhlükəsizlik Xidmətinin tərkibində xüsusi bölmə yaradılacaq və həmin bölmə kommunikasiyaların təh­lükəsizliyini təmin edəcək. Amma bu məntiq 10 noyabr 2020-ci il tarixli üçtərəf­li Bəyanatın doqquzuncu bəndini inkar edir. Çünki orada təhlükəsizliyə nəzarə­tin Rusiya Federal Təhlükəsizlik Xidmə­ti tərəfindən gerçəkləşdirilməsi yazılıb. Həm bu məqama görə, həm də ümumən onu da demək lazımdır ki, heç də hər şey Paşinyanın bildirdiyi qədər sadə deyil. Çox güman ki, onun özü də bunu bilir. Nikol üç əsas prinsipə fokuslanır, ancaq məlumdur ki, o, oktyabrın 5-də keçirilmiş Qranada sammiti zamanı imzalanmış sənədləri də əsas götürmək yolunu tutur. Azərbaycan Prezidenti İlham Əliyevin qol çəkmədiyi, Paşinyanın, Fransa prezidenti Emmanuel Makronun, Almaniya Kansleri Olaf Şoltsun və Aİ Şurasının prezidenti Şarl Mişelin təsdiqlədikləri həmin sənəd­lər faktiki olaraq Qarabağ avantürasının davamıdır. Onlarda Qarabağ erməniləri­nin bölgəyə qayıtmaları üçün beynəlxalq təminatlar məntiqi əsas götürülür ki, bu, Azərbaycanın suveren hüquqularına ziddir. Yəni, Azərbaycanın konstitusion əsasda Qarabağın erməni sakinləri üçün verdiyi hüquq və təhlükəsizlik təminatları heçə sayılır. Elə isə Nikolun yuxarıdakı üç prinsipi və reallıq necə dəyərləndiril­sin?

Digər tərəfdən, Ermənistanın siyasi kluarlarında gərginlik var ki, Azərbaycan Prezidenti Ermənistanın 29800 kvad­ratkilometrlik ərazidə suveren hüquqla­rını tanıdığını açıq şəkildə bildirməyib. Belədə sual yaranır: hazırda Paşinyanın ölkəmizin ərazi bütövlüyünü tanıdığını bildirməyinin önəmi varmı? Nəzərə alaq ki, o, bir yandan Azərbaycanın suveren­liyi ilə qəbullandığını vurğulayır, başqa bir yandan isə Qarabağ erməniləri üçün beynəlxalq təminatdan dəm vurur. Hələ beynəlxalq miqyasda ölkəmizə qarşı aparılan anti-təbliğat da var. Aydındır ki, bu ritorika sülh məntiqinə ziddir. 

Bir məsələ də vurğulanmalıdır ki, Er­mənistanın baş naziri sərhədlərin delimi­tasiyası dedikdə 1975-ci il xəritəsini əsas götürməkdən danışır. Nəyə görə məhz bu xəritə, aydın deyil. Üstəlik, Azərbay­can tərəfi Nikolun barəsində danışdığı xəritədən söz açmır. Daha bir məqam isə ondan ibarətdir ki, Rusiyanın Xarici işlər naziri Sergey Lavrov bu günlərdə bir qədər atmacalı şəkildə bildirmişdi ki, tərəflər Brüsseldə bəxtini sınaya bilərlər, ancaq SSRİ-nin ən son xəritələri Rusiya­dadır. Bu deyimin nəyə hesablandığını söyləmək çətindir. Çünki istər Azərbay­canda, istərsə də Ermənistanda Lavro­vun haqqında danışdığı xəritələr qalmaq­dadır... 

Üstəlik, İrəvanın siyasi kluarlarında delimitasiya və demarkasiya prosesinə avropalı mütəxəssisləri cəlb etmək ça­ğırışları özünü göstərməkdədir. Mövcud xüsusda Litva və Belarus təcrübələrini özündə birləşdirən ATƏT-in təlimatının da demarkasiya üçün əsas rolu oynamalı ol­duğunu söyləyənlərin səsi gəlməkdədir. Ermənistanda, həmçinin sülh müqavilə­sində mübahisəli məsələləri həll edəcək beynəlxalq arbitr təyin etməyin vacibliyini vurğulayanlar da önə çıxmaqdadır. Möv­cud xüsusda, hətta, ərazi məsələlərinə dair rəy bildirmək təcrübəsi olan BMT-nin Ədalət Məhkəməsinin uyğun seçim ola biləcəyi bildirilməkdədir. Əlbəttə, bütün bunları təsadüf saymaq olmaz. Məlum­dur ki, Paşinyan iqtidarı, necə deyərlər, gündəm yaratmaq şakərindən qalmır...

Başlıca məqamlardan biri də Paşinya­nın bir qədər əvvəl diqqətə çatdırdığımız sözləridir. Erməni baş nazirin ölkəsinin Təhlükəsizlik Xidmətində xüsusi bölmə­nin yaradılmasından və həmin bölmənin Azərbaycanın digər ərazilərini Naxçı­vanla birləşdirən yolda təhlükəsizliyi icra etməsindən danışırsa da, məlumdur ki, Azərbaycan həmin yolun Ermənistan deyil, İran ərazisindən keçməsi üzərində dayanır. Bu, o deməkdir ki, ölkəmiz İrə­vanın təhlükəsizlik zəmanətinə etibar et­mir. Ancaq hazırkı məqamda Paşinyanın inadından görünən budur ki, Ermənistan sözügedən yolun açılmasında çox ma­raqlıdır. Hətta məsələyə ad da tapıb – “Dünyanın kəsişməsi”. 

Bəli, Ermənistan yaxşı anlayır ki, Naxçıvana yol onun üçün həyati əhəmiy­yət daşıyır. Bu səbəbdən məsələni Azər­baycanla sülh danışıqları müstəvisinə gətirməyə ciddi cəhd göstərir. Paşinyan iqtidarı yaxşı dərk edir ki, bu yolun ol­maması Ermənistanın təcriddə qalması deməkdir. 

Əslində, paradoksal durum yara­nır. Vaxtilə Azərbaycan tərəfi deyirdi ki, sülh müqaviləsinə kompleks yanaş­maq lazımdır, Ermənistan rəsmiləri isə Qarabağı ayrıca tuturdular. İndi İrəvan regional kommunikasiyaların açılması müstəvisində müəyyən mənada komp­leks yanaşma irəli sürməkdədir. Bu ya­naşmanın üçtərəfli bəyanat məntiqinə zidd olduğu aşkardır. Görünür, elə ona görə də Azərbaycan Naxçıvana gedən yolun İrandan keçməsini təklif edir. Əl­bəttə, Ermənistanın iddiası səbəbindən Rusiyanı kənara qoymamağın prinsi­pial xətt kimi seçilməsi labüddür. Digər məsələni isə vurğuladıq – Azərbaycana qlobal əhəmiyyət daşıyacaq layihə üçün Ermənistanın təhlükəsizlik təminatları yetərli sayıla bilməz. Deməli, İrəvanın razılaşmaqdan başqa əlacı yoxdur. Ra­zılaşmayacağı təqdirdə isə kommunika­siyaların açılması sülh müqaviləsində yer almayacaq. 

Əlbəttə, Azərbaycan – Ermənistan münasibətləri və sülh müqaviləsi ilə bağ­lı bir çox substantiv suallar var. Ancaq hazırda əsas sual birdir: Ermənistan və Azərbaycan liderləri, habelə ölkələrin xa­rici işlər nazirləri danışıqlar üçün nə vaxt və harada görüşəcəklər? Azərbaycan Rusiyada və Tbilisidə görüşlər keçirməyi təklif edib. Ermənistan hakimiyyəti hər iki formatı özü üçün riskli sayır. Hesab edir ki, belə olduqda Rusiya münaqişə tərə­finə çevriləcək. İrəvanda onu da düşü­nürlər ki, Tbilisidə və Moskvada baş tuta­caq görüşlər ABŞ-ı və Aİ-ni Azərbaycana təsir göstərməkdən uzaqlaşdıracaq. 

Ümumən, Ermənistan ikitərəfli da­nışıqlar formatından kənar dayanmağa çalışır. Ancaq Azərbaycan XİN rəhbərinin müavini Elnur Məmmədovun açıqlama­sındakı müsbət paradiqma onu deməyə əsas verir ki, harada keçirilməsindən ası­lı olmayaraq, Azərbaycan və Ermənis­tan liderlərinin, o cümlədən rəsmilərinin ikitərəfli görüşü tezliklə baş tuta bilər. 

Ə.CAHANGİROĞLU
XQ

Siyasət