Zamanın dəhlizində azanlar

post-img

Azərbaycana qarşı “səlib yürüşü”nə qoşulanlar XXI əsrdə yaşadıqlarını unudublar

Keçən əsrdən qalmış dini-siyasi təzyiq metodları ilə “silahlanan” Qərbin ermənipərəst gücləri, eləcə də Şimali Amerika qitəsinin iki dövləti Cənubi Qafqazın kandarındakı sülhə hər vəchlə əngəl olmağa çalışırlar. Eyni mərkəzdən idarə olunduğu, bir dirijorun çubuğu ilə hərəkət etdiyi şübhə doğurmayan “xor kapellası” son vaxtlar anti-Azərbaycan notlarını daha ucadan ifa etməyə başlayıb. Bu ansamblın tərkibində “peşəkarlarla” yanaşı, xaric səslər çıxaran, necə deyərlər, ifasında “xoruz buraxan” diletantlar da az deyil.

Fransanın dominantlıq etdiyi bu qaragüruhun məqsədi sülh danışıqla­rında, eləcə də, regionla bağlı bir sıra məsələlərdə Azərbaycanı Ermənistana güzəştə getməyə, ədalət prinsipinə və beynəlxalq hüquqa söykənən mövqeyin­dən geri çəkilməyə məcbur etməkdir. Bu cəhdlərin heç biri alınmayacaq. 

Sülhə qənim kəsilənlərin “birliyi” 

Sözdə ABŞ da, Qərb də Cənubi Qafqazda sabitliyin tezliklə bərqərar olmasını, Ermənistan və Azərbaycan arasında sülh sazişinin imzalanmasını dəstəklədiklərini deyirlər. Onlar özlərini regiona sülhü gətirəcək bitərəf vasitəçilər kimi göstərməyə çalışırlar. Fəqət reallıq­da isə son vaxtlar hər iki cəbhənin siya­si kluarlarında sülh prosesinə əngəl ola biləcək hərəkətlərə meylin artması müşa­hidə olunur. Bu isə Qərbin ermənipərəst dairələrinin, ABŞ-ın oxşar mövqeli sena­tor və konqresmenlərinin Azərbaycana, bütövlükdə, Cənubi Qafqaza münasibət­də ikili standartlı oyun vərdişlərindən hələ əl çəkmədiklərini göstərir. 

Avropa Birliyi Bakını və İrəvanı 2023-cü ilin sonuna qədər yekun sülh sa­zişinə imza atmağa çağırır. İlk baxışdan bu çağırışlar xoş niyyətdən, sağlam ya­naşmadan xəbər verir. Doğrudan da ilin sonunadək Azərbaycan və Ermənistan arasında yekun sülh sazişinin bağlan­ması üçün münbit şəraitin yarandığı hiss olunur. İntəhası, Aİ özünün ikibaşlı dav­ranışına, qurumun üzvü olan bəzi ölkələ­rin açıq pozuculuq fəaliyyətinə həssas və diqqətli yanaşsa, bölgəyə sülh daha tez gələr. Bəli, Fransa və onunla eyni məxrəcdən çıxış edən Qərbin bir çox ölkələri indiki məqamda Cənubi Qafqaz­da sülh prosesinə ciddi əngəl törədir və Aİ özündə cəsarət tapıb bunu etiraf et­məli, üzərindəki basqını yenməyi bacar­malıdır. Məhz bu prizmadan baxanda, Parisin “çətirinə” sığınan Ermənistan ha­kimiyyətinin “böyük bacının” xeyir-duası olmadan Azərbaycanla sülh müqaviləsini imzalayacağı o qədər də ağlabatan deyil. 

Ermənistanı silahlandırmağa girişən Makron Fransasının sülh prosesindən tamamilə kənara çəkilməsi indi vacib amillərdən biridir. Elə Aİ-nin Bakı və İrə­vanı ilin sonunadək yekun sülh sazişini imzalamağa çağırması uzun müddət prosesə manelər yaradan əsas günahka­rı – Fransanı səhnə arxasına keçirməyə hesablanıb. 

Ağ ev müttəfiqlərin “səlib yürüşü”nə qoşulurmu?

Bu il sentyabr ayında birgə təlim­lər çərçivəsində amerikalı iki general, ardınca senator Cerri Pitersin başçılıq etdiyi Konqresin nümayəndə heyəti İrə­vana səfər etdi. Sentyabrın sonlarında isə ABŞ Beynəlxalq İnkişaf Agentliyinin direktoru Samanta Pauer Ermənistanın suverenliyinə, müstəqilliyinə, ərazi bü­tövlüyünə və demokratiyasına dəstəyini təsdiqləmək və Qarabağda “son zorakı­lıqdan” irəli gələn humanitar ehtiyacları həll etmək üçün Ermənistana təşrif bu­yurdu. Son günlər isə ABŞ-ın bu ölkədəki səfiri Kristina Quinn Ermənistan–Azər­baycan sərhədinə, xüsusilə Qafana tez-tez səfərlərə çıxır. Burada səfir Quinn Qarabağdan köçən ermənilərlə görüşür, onlarla söhbət edir, Ermənistan hökumə­tinin “qaçqınlara” yaşayış yeri tapmaq səylərini dəstəklədiyini açıqlayır.

“ABŞ Avropa İttifaqının Ermənis­tandakı mülki müşahidə missiyasını dəstəkləyir”. Bu açaqlamanı “Azadlıq” radiostansiyasına Vaşinqtonun İrəvanda­kı səfirliyindən veriblər. Aİ missiyasının genişlənəcəyi barədə dəqiq informasi­yanın olduğunu nəzərə alaraq, Ağ evin də müşahidə missiyasına qoşulmasının mümkünlüyü barədə “Azadlığ”ın sualını səfirlikdəki mənbə cavabsız buraxıb. Sə­firlikdən, sadəcə olaraq, onu qeyd ediblər ki, Vaşinqton regionda qarşılıqlı etimadın qurulması, Ermənistan və Azərbaycan arasında birbaşa dialoq üçün səmərəli atmosferin təmin edilməsi istiqamətində tərəfdaşların, o cümlədən Aİ-nin səylərini alqışlayır.

“Amerika Birləşmiş Ştatları Ermənis­tanın suverenliyini və ərazi bütövlüyünü qətiyyətlə dəstəkləyir” – səfirliyin cava­bında xüsusi olaraq vurğulanıb.

Məgər Bakı Ermənistanın ərazi bütöv­lüyünü tanımır? Azərbaycan Prezidenti İlham Əliyev bunu bir neçə dəfə təkrar­layıb. Hər iki ölkənin ərazi bütövlüyünün qarşılıqlı şəkildə tanınması sülh danışıq­larının həm Moskva, həm Brüssel, həm də Vaşinqton platformalarında öz təsdiqi­ni tapıb. Bəs, Fransanın, Almaniyanın, Serbiyanın, Kanadanın, indi də ABŞ-ın bu məsələnin üstünə israrla gəlməsinin səbəbi nədir? Onlar İrəvanın Bakıya qarşı siyasi qarayaxma kampaniyasına dəstək verməklə nəyə nail olmağa çalı­şırlar? Bəlkə Ağ ev ermənipərəst koalisi­yanın “səlib yürüşü”nə qoşulmaqla Qərb­dəki müttəfiqlərinin yanında durduğunu nümayiş etdirir? Yoxsa, respublikaçılar gələn il keçiriləcək prezident seçkilərində ABŞ-dakı güclü erməni diasporunun – yarım milyonluq elektoratın səsini qazan­mağın qeydinə indidən qalırlar? 

Özünə umac ova bilməyən Kanada...

Müttəfiqlərin “xor kopellası”nda ən azı bek-vokalistliyə iddia edən Kanada da birdən-birə ermənilərin təəssübkeşinə çevrilib. Ölkəsinin İrəvanda səfirliyinin açılışına gələn Kanadanın xarici işlər naziri Melani Colinin bölgədəki vəziyyət barədə yarımçıq təsəvvürə malik olması onun verdiyi bəyanatlardan, Azərbayca­na qarşı nümayiş etdirdiyi qərəzli mövqe­yindən aydın görünür. Fransız əsilli ka­nadalı nazirin bölgədə heç bir humanitar böhranın olmadığı bir vəziyyətdə bunun tamamilə əksini iddia etməsi suyu kimin dəyirmanına tökməsinin bariz nümunə­sidir. Rəsmi Bakı Azərbaycana qarşı addımlardan biri kimi sanksiya variantını istisna etməyən həmin Melani Coliyə xa­tırlatdı ki, bizimlə təhdid dilində danışmaq kökündən yanlışdır və bu ritorika heç bir tərəfə uğur gətirə bilməz. Yəni, xanım nazirin erməni yalanlarına bürünmüş təxribatçı və avantürist bəyanatları bey­nəlxalq hüquq prinsiplərinə ziddir. Gö­rünən budur ki, diplomatik cəbhədə tam püxtələşməmiş Kanadanın xarici işlər naziri belə məsuliyyətsiz açıqlamaları ilə bölgənin sabitliyinə və tərəqqisinə mane­çilik törətdiyini özü də dərk eləmir. 

Rəsmi Bakı İrəvanı vasitəçilərsiz sül­hə, regional əməkdaşlığa və səmimiy­yətin hakim kəsiləcəyi “Qafqaz evi”nə dəvət edir. Dünyaya səpələnmiş erməni daşnakları və onların qərbli, amerika­lı “züy tutanları” isə Azərbaycana qarşı şər-böhtan kampaniyasından, uydurma ittihamlardan əl çəkmək istəmirlər. Hətta bəzən baş nazirlərinin açıqlama və eti­raflarına daban-dabana zidd mövqe sər­giləyirlər. Paşinyana beyinləri “miatsum”­la zəhərlənmiş bu pasiyentlərin əlində naçar qalmış həkim obrazında baxanda, düzü, adamın ona yazığı gəlir.

Deyəsən, qocalıb taqətdən düşmüş “köhnə qitə” dövrün, zamanın yerini də səhv salıb. Hazırda Qərbin Azərbayca­na qarşı bir koalisiyada birləşmiş ermə­nipərəst qüvvələrə məqsədinə çatmaq­dan ötrü yararlandığı metod və taktikanın artıq işə yaramadığını, onların keçən əsrdə qaldığını anlatmağın vaxtı çatıb. Deyəsən, onlar zamanın dəhlizlərini də səhv salıblar. Daha çox geosiyasi maraq­larını güdən, dini təəssübkeşlik nümayiş etdirən bu koalisiyanın heç nəyə nail ola bilməyəcəyi hər kəsə yaxşı bəllidir. 

 

İmran BƏDİRXANLI
XQ



Siyasət