Qarabağ ermənilərinə Avropa Şurasından “bədbəxtlik paketi”

post-img

BMT kimi, Avropa Şurasının miqrasiya və qaçqınlar üzrə xüsusi nümayəndəsi (SRSG) var imiş və onun adı Leyla Kayacıkmış. Leyla xanım Ermənistana 2023-cü il oktyabrın 11-dən 13-dək olan səfərindən sonra ölkəyə qaçqın axınına cavab vermək üçün kompleks tədbirlər paketi hazırlayıbmış. Bununla bağlı məlumat isə Avropa Şurasının rəsmi saytında yer alıb. Məlumata görə, sözügedən paket Qarabağı tərk etməyə məcbur olmuş 100 mindən çox bölgə ermənisinin, o cümlədən 30 minə yaxın uşağın yerləşdirilməsi ilə bağlı məsələlərin həllində Ermənistana dəstək məqsədi daşıyır. 

Əlqərəz, Leyla Kayacık xa­nım və başının dəstəsi, yəni SRSG təmsilçiləri Ermənis­tana səfərləri zamanı ölkə­nin aidiyyəti dövlət qurumla­rı, beynəlxalq tərəfdaşlar və qeyri-hökumət təşkilatları ilə qarşılıqlı əlaqədə olub, Qa­rabağ ermənilərinin məskun­laşdıqları bir neçə sığınacağa baş çəkiblər. Nəticədə Avropa Şurasının Ermənistan üçün Fəaliyyət Planına (2023-2026) və Miqrasiya və Sığınacaq Kontekstində Həssas Şəxslə­rin Müdafiəsi üzrə Fəaliyyət Planına (2021-25) daxil edil­miş xüsusi dəstək sahələrini müəyyənləşdiriblər. Guya ki, bu sadalananları Ermənistana səfər etmədən reallaşdırmaq mümkün deyildi... 

Leyla xanımın paketi çox böyük imiş. Orada həssas vəziyyətdə olan qaçqınla­rın hüquqlarının müdafiəsinin gücləndi­rilməsi, xüsusi həssaslığın qiymətləndi­rilməsi, xidmətlərə çıxış və qaçqınların öz hüquqları barədə məlumatlılığının artırılması, psixoloji dəstək daxil olmaqla, səhiyyə və psixi sağlamlıq xidmətlərinə çıxışın asanlaşdırılması, həssas insan­larla işləyən mütəxəssislərin potensia­lının gücləndirilməsi, təhsilin inklüzivli­yi məsələlərinin həlli və peşə hazırlığı proqramlarına yenidən baxılması, habelə uşaq hüquqlarının müdafiəsi, yerli haki­miyyət orqanlarının dayanıqlığının artırıl­ması və sair məsələlər əksini tapıb.

Avropa Şurasının baş katibi Mariya Peyçinoviç-Buriç isə deyib ki, rəhbərlik etdiyi qurum belə bir məqsədyönlü və diqqət mərkəzində olan paketlə üzv Er­mənistanı və onun xalqını misli görün­məmiş çağırışlar şəraitində dəstəkləməyi nəzərdə tutur. 

Göründüyü kimi, Avropa Şurası Qa­rabağ erməniləri ilə bağlı məsələni dra­matikləşdirmək yolunu tutur və bu yol ümumən Qərbin Ermənistana dəstək ritorikasından irəli gəlməkdədir. Bu ri­torikada iki məqsəd var: birincisi, baş nazir Nikol Paşinyan iqtidarına maliyyə ayrılmasını leqallaşdırmaq, ikincisi, İrə­vanın Azərbaycanla sülh gündəliyinə tə­sir göstərmək və nəticə etibarilə Bakıya Qarabağ erməniləri müstəvisində təzyiq yollarını gücləndirmək. 

Təxminən belə bir ssenari nəzərdə tutulur ki, bölgənin erməni əhalisi ilə bağ­lı durum şişirdiləcək və bu, yekun nəti­cədə Azərbaycanın güzəştə getməsinə gətirəcək. Güzəşt deyilərkən isə nələrin nəzərdə tutulduğu məlumdur – Qarabağ ermənilərinin bölgəyə ayrıca statusda qa­yıtmaları, onlar üçün xüsusi beynəlxalq təminatlar və s. Bir sözlə, Azərbaycanın konstitusion əsasdakı təminatlarını heçə saymaq, əvvəlki separatizmi leqallaşdır­maq, ən başlıcası Ermənistanın gələcək­də Qarabağla bağlı iddialar səsləndirmə­si üçün zəmin hazırlamaq. 

Avropa Şurasının Ermənistanla bağlı canıyananlığına başqa aspektdən də ya­naşmaq mümkündür. Sual yaranır: Qu­rum Azərbaycanın Ermənistanın işğalı nəticəsində öz ev-eşiyini, yurd-yuvasını tərk etmiş vətəndaşlarının taleyinə nə üçün belə həssas yanaşmamışdı? AŞ azərbaycanlı qaçqın və məcburi köç­künlərin hüquqlarının qorunmasına nəyə görə bu cür kompleks münasibət ortaya qoymamışdı? 

Əlbəttə, biz heç vaxt demirik ki, Qa­rabağ ermənilərinin problemləri yoxdur. Onlar onsuz da bədbəxtdirlər. Bəxtsiz­dirlər ki, erməni avantürasının qurbanı olublar. Bədbəxtdirlər ki, Qarabağda otuz ildən də artıq müddətdə mövcud olmuş separatçı rejimin alətinə çevriliblər. Çox şanssızdırlar ki, müharibə cəlladlarının, idarəçiliyə quldarlıq dövrü qaydaları baxı­mından yanaşan təfəkkür sahiblərinin oyuncaqları olublar. Yəni, onlara kömək hər bir halda lazımdır. İndi Paşinyan ad­ministrasiyası bir qədər ədalətli davransa, dünyadan gələn maliyyə axınını azacıq da olsa, Qarabağ ermənilərinə çatdırsa, bu şəxslər əvvəlki illərlə müqayisədə xeyli yaxşı yaşayacaq, necə deyərlər, bir gün görəcəklər. Ancaq məlumdur ki, bu, ümumən yanaşma sayıla bilməz. Axı, nə vaxtadək Ermənistan Qarabağ qaçqınları kimi ayrıca təbəqə halına gətirilən şəxs­ləri xaricdən gələn maliyyə yardımları ilə bəsləyəcək? Nəzərə alaq ki, avropalılar pulu boşuna xərcləməzlər. Onlar bir müd­dətdən sonra nəticə hasil olmadıqda, geri çəkiləcəklər və Paşinyan iqtidarı qaçqın­larla üz-üzə qalacaq. Görəsən, onda nə edəcək?

***

Əslində, istər, Avropa Şurası, istərsə də, digər beynəlxalq təsisatlar ədalətli davransaydılar, ikili standartlar məntiqin­dən çıxış etməsəydilər, erməni avan­türizminin davamına qol qoymaz, ərazi bütövlüyü və suverenlik prinsiplərinə əsasən, Qarabağ ermənilərinin Azərbay­canın yurisdiksiyası altında yaşamaları məntiqini rəhbər tutardılar. Görünür, bu məqam heç kəsi düşündürmür. Yekun nəticədə bölgənin erməni əhalisi yenə də alətə çevrilir. Onlar əvvəllər girov həyatı yaşayırdılarsa, indi isə qaçqınlığa məh­kum duruma düşüblər. Avropalıların belə proqram, paket təklifləri isə onu göstərir ki, heç kəs onların geri qayıtmalarını əsla düşünmür. 

 

Ə.RÜSTƏMOV
XQ

Siyasət