Deportasiyaya uğrayan kimdir: ermənilər, yoxsa azərbaycanlılar?

post-img

Azərbaycan Ermənistan tərəfi ilə uzun illər sülh danışıqları adı altında keçirilən görüşlərin səmərəsiz və yorucu proses olduğu qənaətinə gəldikdən, həmçinin rəsmi İrəvanın təxribatlarının sayının xeyli artdığını gördükdən sonra 44 günlük Vətən müharibəsi aparmaq məcburiyyətində qaldı. Müharibə ölkəmizin qələbəsi ilə başa çatdı. Torpaqlarımız işğaldan azad olundu. Bundan sonra Azərbaycan üçün məsələnin siyasi tənzimlənməsi mərhələsi başlandı.

Müharibənin başa çatmasını rəs­miləşdirən 2020-ci il 10 noyabr tarixli üçtərəfli Bəyanatdan sonra Qarabağ iqtisadi rayonunda yaşayan ermə­nilərin ölkəmizin ictimai-siyasi və sosial-iqtisadi həyatına reinteqrasi­yası istiqamətində işlərə start verildi. Ancaq Qarabağdakı erməni azlığını girovluqda saxlayan xunta rejimi hər cür təşəbbüslərə qarşı çıxdı, onla­ra uzanan barışıq əlini geri qaytar­dı. Onlar nəinki barışıq istəmədilər, həmçinin ərazilərimizi minalarla çirkləndirməkdə davam etdilər. Yeni təmas xətti yaratmağa çalışdılar, fortifikasiya qurğuları qurdular. Hət­ta, Qarabağ üzərindən uçan mülki təyyarələrimizə belə radiomaneələr tətbiq etdilər. Bütün bunlar Azərbay­canın, necə deyərlər, səbr kasasının daşmasına gətirib çıxardı. Nəticədə ordumuz sentyabrın 19-da ərazi bü­tövlüyümüzün və suverenliyimizin tam təmin olunması istiqamətində tədbirlərə başladı. Lokal xarakterli antiterror tədbirləri bir sutkadan az davam etdi.

Müdrik atalarımız “ilan ulduz gör­məzsə, ölməz!” deyiblər. Separatçı rejimin “qlavarları” da qüvvələr nis­bətinin qeyri-bərabər olduğunu başa düşərək, tədbirlərin başlanmasından az sonra danışıqlar aparmağa ha­zır olduqlarını bildirdilər. Beləliklə, Azərbaycan öz məqsədinə nail oldu. Ölkəmizin ərazi bütövlüyü və suve­renliyi tam təmin edildi.

Antiterror tədbirləri başa çatdıq­dan dərhal sonra Qarabağ bölgəsində yaşayan insanların zəruri humanitar ehtiyaclarının ödənilməsinə başlandı. Müxtəlif ərzaq məhsulları yüklənmiş yardım karvanları, habelə yanacaq daşıyan maşınlar bölgəyə göndəril­di. Elə həmin günlərdə reinteqrasiya planı açıqlandı. Bütün bunlara bax­mayaraq, küyə düşən erməni əhali Qarabağı tərk etdi. Onlar hazırda Er­mənistanın 10 vilayətində məskunla­şıblar və düşdükləri vəziyyətdən heç də məmnun deyillər. Bu yaxınlarda Ermənistanın müstəqil mediasında Qarabağdan olan uşaqların məktəb­lərin bədən tərbiyəsi məşğələsi zal­larında gecələməyə davam etdikləri barədə reportaj yayımlanmışdı.

Ermənistan və Qərbin bir sıra ermənipərəst dairələri Qarabağ­dan erməni əhalinin köçünü hazırda Azərbaycana qarşı təzyiq alətinə çevirməyə çalışırlar. Onlar bütün platformalarda keçirilən tədbirlərdə, görüşlərdə bu məsələni qaldırırlar. Əslində isə onların istəyi erməni az­lığın Qarabağa qayıdışı deyil. Bu məsələdən qeyd etdiyimiz kimi təsir vasitəsi kimi yararlanmağa cəhdlər edirlər. Birmənalı şəkildə qeyd etmək lazımdır ki, Azərbaycan erməni əha­linin gedişində maraqlı olmayıb. Elə həmin günlərdə – sentyabrın 28-də Xarici İşlər Nazirliyinin yaydığı mə­lumatda bu barədə deyilirdi: “Ermə­nistan baş naziri Nikol Paşinyanın Azərbaycanın Qarabağ bölgəsində yaşayan erməni sakinlərin, guya, “etnik təmizləmə”yə məruz qaldığı barədə verdiyi bəyanatı qətiyyətlə pisləyir və rədd edirik. Azərbaycanın Qarabağ bölgəsində yaşayan ermə­ni sakinlərin gedişinin onların şəxsi və fərdi qərarı olduğu, bunun məc­buri yerdəyişmə ilə heç bir əlaqəsi olmadığı baş nazir Paşinyana yaxşı məlumdur. Əgər erməni sakinlərin hansısa hissəsi Azərbaycan qanun­vericiliyi və hakimiyyəti çərçivəsində yaşamaq və ona tabe olmaq istəmir­sə, onları buna məcbur edə bilmərik. Bunun əksinə, biz erməni sakinləri öz yaşayış yerlərini tərk etməməyə və multietnik Azərbaycan cəmiyyətinin bir hissəsi olmağa çağırırıq”.

Erməni əhalinin Qarabağdan ge­dişi ərəfəsində yayılan saysız-hesab­sız videolarda onların öz evlərini tərk etməyə məcbur edildikləri görünmür. Əksinə, ermənilərə qalmaq təklifi edi­lib. Bunun bir nümunəsini “Azadlıq Radiosu”nun erməni xidmətinin (“Ra­dio Azatutyun”) hazırladığı reportajda da görmək mümkündür. “Azərbay­canlılar bizi saxladıb deyirdilər ki, getməyin, qalın!” sərlövhəli reportaj­da dörd uşaq anası Məryəm Şekyan deyib ki, azərbaycanlılar “Laçın” sər­həd nəzarət-buraxılış məntəqəsində bizi maşından düşürüb dilə tuturdular ki, getməyin: “Bizi saxladıb deyirdilər ki, hara tələsirsiniz, getməyin, qalın, inteqrasiya edin. Sizə dəyməyəcəyik. Biz onlara cavab vermirdik, sadəcə, tez bir zamanda həmin məntəqə­dən keçib getmək istəyirdik. Onlara bir kəlmə belə demədik. Onlar da sənədlərimizə baxmadı. Sadəcə, maşınımızı yoxlayıb buraxdılar”.

Radionun erməni xidməti yazır ki, bir çox gedənlər kimi Məryəm də Qarabağa qayıdıb orada yaşamaq istəyir. Lakin təhlükəsizliyinə təminat istəyir.

Azərbaycan isə ölkə vətəndaş­lığını qəbul edərək Qarabağda ya­şamaq istəyən erməni sakinlərin təhlükəsizliyinə təminat verdiyini ən müxtəlif səviyyələrdə bəyan edib. Sonuncu dəfə bu istiqamətdə fikirlə­rini Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyev açıqlayıb. Oktyabrın 30-da Avropa Şurasının Strasburq şəhərində yer­ləşən mənzil qərargahında təşkilatın baş katibi xanım Mariya Peyçinoviç Buriçlə görüş zamanı Ə.Nağıyev re­gionda təhlükəsizlik baxımından ya­ranmış mövcud vəziyyət barədə mə­lumat verərək ölkəmizin hər zaman bölgədə davamlı sülhün bərqərar olmasında maraqlı olduğunu vurğu­layıb. Xidmət rəisi Qarabağ iqtisa­di rayonunda yaşayan erməni əsilli vətəndaşların əmin-amanlıq şəraitin­də yaşamasına Azərbaycan hökumə­tinin hərtərəfli təminat verməsindən, onların hüquq və azadlıqlarının qo­runması üçün dövlətimizin gördüyü işlərdən, regionda rifahın, əsaslı və etibarlı sabitliyin təmin olunması na­minə Azərbaycanın göstərdiyi səy­lərdən, Ermənistanla münasibətlərin normallaşdırılmasının və tezliklə sülh müqaviləsinin imzalanmasının vacib­liyindən ətraflı söhbət açıb.

***

Bütün bunlar Azərbaycanın, id­dia olunduğu kimi, Qarabağdan erməniləri deportasiya etmədiyini, hansısa etnik təmizləməyə məruz qoymadığını sübut edən məlumat­lardır. Məsələnin digər tərəfi isə azərbaycanlıların özlərinin XX əsrdə deportasiyadan, etnik təmizləmə və ya soyqırımından əziyyət çəkdikləri ilə bağlıdır. 1918-ci ildə İrəvan şəhə­ri ermənilərə güzəştə gedilib. İrəvanı özlərinə paytaxt seçən haylar digər tarixi torpaqlarımızda özlərinə dövlət qurublar. 1920-ci il avqustun 10-da Rusiya K(b)P-nin Qafqaz Bürosu Azərbaycan rəhbərliyinin razılığı ol­madan Naxçıvanın Şərur-Dərələyəz bölgəsini Ermənistana vermək bərə­də qərar çıxarıb, Qarabağ və Zən­gəzur isə Azərbaycanla Ermənistan arasında “mübahisəli ərazi” elan olunub. 1920-ci il noyabrın 29-da Ermənistanda sovet hakimiyyətinin qurulduğu elan edilib. Hərçənd ki, daşnak hökuməti bölgələrdə hələ tam süqut etməmişdi.

Bir gün sonra – noyabrın 30-da Azərbaycan K(b)P Mərkəzi Komitə­sinin siyasi və təşkilat bürolarının birgə iclasının qəbul etdiyi qərarla Zəngəzurun taleyi həll olunub. Zən­gəzur qəzasının 6742 kvadratverst­lik ərazisindən 3105 kvadratversti Azərbaycan SSR tərkibində qalıb, 3637 kvadratverstlik hissəsi isə Er­mənistana verilib. Zəngəzur mahalı hazırda Ermənistanın tərkibində olan Qafan, Gorus, Qarakilsə (Sisian), Meğri (Mehri) rayonlarını, habelə hazırda Şərqi Zəngəzur iqtisadi ra­yonuna daxil olan Zəngilan, Qubadlı və Laçın rayonlarını əhatə edirdi. XX əsrin əvvəllərində Zəngəzur maha­lında 149 azərbaycanlı kəndi var idi. Ancaq başqa xalqlara və konfessiya­lara dözümsüz münasibəti ilə dünya­da məşhur olan haylar tədricən tarixi torpaqlarında yaşayan azərbaycanlı­ları sıxışdırıb çıxarmağa başlayıblar. Nəticədə Qərbi Azərbaycandan azər­baycanlılar, ümumiyyətlə, müsəlman əhali XX əsrdə üç dəfə deportasiyaya məruz qalıblar.

Birinci mərhələ 1905-1907-ci, ikinci mərhələ 1948-1953-cü, üçüncü mərhələ isə 1988-1991-ci illərdə baş verib. Bu proseslər zamanı ermə­nilər Qərbi Azərbaycanda yaşayan azərbaycanlıların yüzlərlə yaşayış məntəqəsini yerlə-yeksan edib, 30 minə yaxın evi dağıdıb və ya yan­dırıb, ahıllar, uşaq və qadınlar da daxil olmaqla 140 min insanı vəhşi­cəsinə qətlə yetirib, 750 mindən çox azərbaycanlı Qərbi Azərbaycandan didərgin salınıb. Sonuncu depor­tasiyada isə 250 mindən çox azər­baycanlı doğma yurd-yuvasını tərk edib. Bundan sonra ermənilər böl­gədən azərbaycanlıların izini itirmək məqsədilə buradakı qəbiristanlıqları, tarixi, mədəni, dini abidələri darma­dağın ediblər. Təkcə 1988-ci ildən sonra Qərbi Azərbaycanda vandallar azərbaycanlılara məxsus 2000-dən artıq qəbirstanlığı dağıdıblar. Bundan əlavə, ərazinin toponimləri dəyişdi­rilib. Qərbi Azərbaycan ərazisindəki Azərbaycan mənşəli toponimlər XX əsr boyunca dəyişdirilərək ermə­niləşdirilib.

Göründüyü kimi, ermənilər Qara­bağdan könüllü şəkildə çıxıb getdiklə­ri halda azərbaycanlılar deportasiya­ya, etnik təmizləməyə məruz qalıblar. Bu gün Ermənistan tərəfi ermənilərin Qarabağa qayıdışı məsələsini qaldır­dığı kimi, Azərbaycan da haqlı olaraq azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını tələb edir. Sentyabrın 13-də BMT İnsan Haqları Şurasının 54-cü sessiyasında çıxışı zamanı Xarici işlər naziri Ceyhun Bayramov bildirib ki, 1988-ci ildən 1991-ci ilə qədər yüz minlərlə azərbaycanlı Ermənistanda­kı dədə-baba yurdlarından zorla qo­vulub. XİN rəhbəri, bunu beynəlxalq hüququn kobud şəkildə pozulması kimi qiymətləndirib. C.Bayramov Ermənistan hökumətinin qovulmuş azərbaycanlıların həqiqi dialoqa başlamaq və vətənə təhlükəsiz və ləyaqətli qayıdışını təmin etmək üçün çağırışlarını israrla rədd etdiyi­ni diqqətə çatdırıb. Nazir vurğulayıb ki, beləliklə, Ermənistan qaçqınların statusu və digər mühüm beynəlxalq aktları pozur.

Ceyhun Bayramovun da vurğula­dığı kimi, Azərbaycan beynəlxalq təş­kilatlardan, BMT-nin insan hüquqları üzrə ali komissarından və BMT-nin digər ixtisaslaşmış qurumlarından Ermənistandakı evlərindən qovul­muş azərbaycanlıların hüquqlarına toxunmasını gözləyir. Azərbaycan­lılara qarşı beynəlxalq insan haqları qanunlarını kobud şəkildə pozdu­ğuna görə Ermənistanın beynəlxalq arenada məsuliyyətə cəlb edilməsi çox vacibdir. Bu, belə cinayətlərin qurbanları üçün ədalətin əldə edilmə­si istiqamətində əhəmiyyətli addım olacaq.

Əziz ƏLƏKBƏRLİ, 
Milli Məclisin deputatı, Qərbi Azərbaycan İcması İdarə Heyətinin sədri

– Qərbi azərbaycanlıla­rın doğma yurdlarına qayıdı­şı ədalətin bərpası, onların təməl hüquqlarının təmin edilməsi demək olacaq. Hər kəsin öz əzəli vətənində yaşa­maq hüququ var və bu hüquq beynəlxalq konvensiyalarda təsbit edilib. Bu gün qeyd edilən istiqamətdə hərtərəfli işlər görülür. Prezident İlham Əliyev ötən il dekabrın 24-də Qərbi Azərbaycandan olan bir qrup ziyalı ilə görüşündə bu məsələ ilə bağlı yol xəritəsini müəyyən etdi. Dövlətimizin başçısı bildirdi ki, gün gələ­cək Qərbi Azərbaycandan olan soydaşlarımız, onların yaxınları, uşaqları, nəvələri ta­rixi diyarımız olan Qərbi Azər­baycana qayıdacaqlar.

Qeyd etdiyim kimi, insan­ların öz tarixi vətənlərinə, tor­paqlarına qayıdışı beynəlxalq hüquqda, konvensiyalarda təsbit olunub. Soydaşları­mızın Qərbi Azərbaycandan çıxarılmasına, etnik təmiz­ləməyə, soyqırıma məruz qalmasına dair çoxlu tarixi sənədlər və faktlar mövcud­dur. Ona görə də Azərbaycan monoetnik dövlətə çevrilən Ermənistanın bu məsələdə hər hansı manipulyasiyası­na imkan verə bilməz. İkinci­si, ölkəmiz qayıdışa, təbii ki, dinc yolla nail olmaq istəyir. Bununla bağlı dövlət başçı­sımız da öz mövqeyini bəyan edib. Qərbi azərbaycanlıların qayıdış tələbi haqlı, ədalətli olduğu qədər də beynəlxalq hüquqa tam uyğundur. Azər­baycanlıların öz tarixi torpaq­larına qayıdışı həm də iki ölkə arasında sülhə, etimada bö­yük töhfə verə bilər.

 

Səxavət HƏMİD
XQ



Siyasət