Turist olmaq istəmirəm

post-img

Əvəz RÜSTƏMOV
[email protected]

 

Sultan Əhməddə su satan uşaqdan örnək götürməli çox şey var

Üzləşdiyim səhnə heç yadımdan çıxmaz. Türkiyədə, dəqiq desəm, İstanbulda səfərdəydim. Türk lirəsinin ucuzlaşmağa doğru getdiyi dönəm yenicə başlamışdı. Hiss olunurdu ki, insanlarda bununla bağlı narazılıq var. Hər kəsdən giley-güzar eşidirdik. Havanın istiliyi də bir yandan. Bu mənzərəni Sultan Əhməd meydanında var-gəl edən balaca uşaqlar tamamlayırdı. Onlar yarım litrlik qablarda su satırdılar. Birinə yaxınlaşıb suyun qiymətini soruşmağımla “iki lirə” cavabını almağım bir oldu. Tam pulu ona uzadırdım ki, uşaq başını qaldırıb mənalı nəzərlərlə baxdı. Türkcə danışdığımın fərqinə varmışdı. Biləndə ki, Azərbaycandanam “abi, su sana 50 kuruş” – dedi. 

Əlbəttə, bu gi­rişlə məqsədim heç də su satan uşağın özünəməxsus nə­zakətini diqqətə çat­dırmaq deyildi. Hər­çənd onun hərəkəti çox xoşuma gəlmiş­di. Məşhur Azərbay­can filmində deyil­diyi kimi, söhbət iki kilo sosiskada deyil, diqqətdədir. Ən əsası isə uşaq Azərbaycan türkü olaraq məni başqalarından fərqləndirdi. Yəni, turist kimi yanaşmadı. 

İstər-istəməz Türkiyəyə ilk səfər etdiyim çağları xatırladım. O zaman da Azərbaycana münasibətdə yaxşı mənada fərqlilik var idi. Ancaq indiki qədər de­yildi. Fikrimcə, ötən illərdə Türkiyə və Azərbaycan cə­miyyətləri çox yaxınlaşıblar. Nəinki Türkiyə və Azər­baycan, ümumən türk dünyasının bu mənada xeyli məsafə qət etdiyi düşüncəsindəyəm. 

Bəli, yaşadığımız dövrdə Türk dünyasının kon­solidasiyası artıq qlobal faktora çevrilib. Prosesi sə­ciyyələndirən ən müxtəlif səviyyəli işlər görülüb. Bu fəaliyyət məmnunluq, qürur və fəxarət hissi doğur­maqdadır. Mətləbə keçməzdən əvvəl isə bir müsbət məqamı da diqqətə çatdırım. Məlum olduğu kimi, artıq bir neçə ildir ki, Azərbaycan vətəndaşları Tür­kiyəyə şəxsiyyət vəsiqəsi ilə gedib-gələ bilmək imka­nına malikdirlər. Əlbəttə, bu da “Bir millət, iki dövlət” deyiminin əməldəki təzahür formasıdır. Ancaq bizim bu deyimdən daha böyük gözləntilərimiz və həm də umacaqlarımız var. Güman edirəm ki, bu yazı vasitə­silə qaldırdığım məsələ də arzu və istək kimi qiymət­ləndiriləcək, tezliklə həllini tapacaq. 

Əlqərəz, Türkiyədən gələn övladım Efes və Pa­mukkale kimi tarixi abidələrə baş çəkib. Dediyinə görə, qardaş ölkənin vətəndaşları bu yerlərə qiyməti 60 lirəyə olan muzey kartı ilə daxil olurlar. Vətəndaş­lığı olmayan şəxslər isə ora ilə tanışlıq üçün 700 lirə ödəməlidirlər. Açığı bunu eşidəndə qəribə hisslər ke­çirdim. Amma tez də özümə toxtaxlıq verərək düşün­düm ki, dünyanın hər yerində eyni vəziyyətdir. Əcnə­bilər üçün tarixi abidələrə, muzeylərə girişdə fərqli qiymət tətbiq edilməkdədir. Türkiyə də necə deyərlər, bu trenddən geri qalmalı deyil. O an Azərbaycanda­kı durumu da düşündüm. Böyük ehtimalla bizdə də xarici ölkə vətəndaşlarından, məsələn, Qız qalasına daxil olmaq üçün fərqli rüsum alınır. 

Bir anlıq Türkiyə vətəndaşının gəlib Tarix muze­yinə və ya Qobustan arxeoloji muzeyinə baş çək­mək istəməsini düşündüm. Yəqin, əcnəbi vətəndaş olduğu üçün onunla tutaq ki, Danimarka, Fransa, Hollandiya, Almaniya vətəndaşı arasında fərq qoyul­mayacaq. Ağlımdan bunu keçirdim. Böyük çoşğu ilə söylənilən “Bir millət, iki dövlət” deyimini də həmçi­nin. Üstəlik, Türk Dövlətləri Təşkilatının və digər belə genişmiqyaslı birliklərin toplantılarında səslənən və ortaq türk birliyini, mədəniyyətini təbliğ edən ideya və fikirləri yada saldım. Bu istiqamətdə görülmüş işlərin böyüklüyü fonunda övladımın söylədikləri əhvalımda­kı qəribəlik notlarını daha da dərinləşdirdi. 

Görəsən, vəziyyətə necəsə təsir etmək olar­mı, – deyə düşündüm. Amma çox da düşünmədən öz-özümə qərara gəldim ki, mümkündür. Bir halda ki, Azərbaycan vətəndaşları Türkiyəyə şəxsiyyət və­siqəsi ilə səfər edə bilirlər, muzeydə ekskursiya bu­nun yanında nədir axı? Yaxşı olar ki, Azərbaycanın və Türkiyənin müvafiq qurumları mövcud istiqamət­də iş aparsınlar. Həm qardaş ölkənin, həm də bizim vətəndaşlarımız ölkələrimizdəki görməli yerlərə, mu­zeylərə, tarixi abidələrə turist kimi yox, vətəndaş kimi baş çəkmək imkanı əldə etsinlər. 

Bir qədər geniş götürsək, məsələni bütövlükdə Türk dünyası müstəvisində qaldırmağa da ehtiyac var. Yəni, yeddi türk dövlətinin vətəndaşlığını daşıyan şəxslər türk dövlətinə səfər etdiklərini əməli iş müstə­visində duysunlar. Fikrimcə, bu cəhət onları bir-birinə daha çox bağlayar. Əlbəttə, heç də hesab etmirəm ki, tutalım, Türkiyə dövlətinin öz vətəndaşlarına şamil etdiyi bütün imtiyazların Azərbaycan, yaxud Qazaxıs­tan, Qırğızıstan, Özbəkistan və Türkmənistan vətən­daşlarına da şamil edilməsi mümkündür. 

Ancaq tarixin və mədəniyyətin, birgəyaşamın, adət-ənənələrin yaşadılmasının, çatdırılmasının vacibliyi baxımından bu dəyərləri təbliğ edən mə­kanlara fərqli yanaşmaq çox yerinə düşər. Eləcə də bütün türk dövlətlərinin də bir-birinə münasibətdə analoji addımı atmasına ehtiyac var. Yeri gəlmişkən, övladım artıq belə bir addımın Türkiyə ilə Şimali Kipr Türk Cümhuriyyəti arasında atıldığını öyrənib. Bunu ona Efesdəki bələdçi deyib. Deməli, artıq təcrübə var. Nə gözəl! 

Sonda yenə də Sultan Əhməd meydanındakı uşaqdan danışım. Birilirsinizmi, o, başqalarına iki lirəyə satdığı suyu mənə 50 kuruşa verəndə başqa nə dedi? Dedi ki, abi, sən bu ətrafdakı ingilis, fransız, alman deyilsən. Sən mənimsən.

Sosial həyat