Hər bir dövlətin beynəlxalq aləmdə öz siması mövcuddur. Dövlətin siması isə onun tarixindən qaynaqlanır. Politoloqlar və tarixçilər üçün dövlət qurmağa tarixi aborigen xalqlara qarşı kütləvi qətliam törətməklə başlayan ölkələrin dünya üçün konstruktiv və sülhpərvər rol oynayıb-oynamaması məsələsini araşdırmaq, təbii ki, aktualdır. Bununla yanaşı, siyasi-diplomatik fəaliyyətin konkret faktları da həmin suala cavab axtarışlarında müəyyən nəticə verə bilər. Nümunə kimi, son illər Kanada rəsmi dairələrinin Cənubi Qafqaz istiqamətində apardıqları siyasətin faktlarını göstərə bilərik.
Öncə deyək ki, rəsmi Ottava diqqətini daha çox Qarabağa yönəltmişdir. II Qarabağ savaşı zamanı Kanada “Bayraktar”ların Azərbayan tərəfindən istifadəsinə görə Türkiyəyə sansksiya tətbiq etdi. Lakin qısa müddət sonra aydın oldu ki, Ottava xülya içindədir. Belə ki, hətta Fransa Türkiyəyə hərbi ləvazimatlar verməklə bağlı yeni saziş imzaladı. Bununla Kanada çıxılmaz və gülünc vəziyyətdə qaldı. Aydın oldu ki, bu dövlətin ardıcıl, düşünülmüş və məntiqi siyasəti yoxdur.
Lakin məsələ bununla məhdudlaşmadı. İndi yeni faktlar özünü göstərir. Kanadanın xarici işlər naziri Melani Coli oktyabrın 25-27-də Ermənistana səfəri zamanı baş-ayaq danışmış və reallığa uyğun olmayan bəyanatlar səsləndirmişdir. O, konkret olaraq Azərbaycanı ittiham etmişdir. M.Coli bildirmişdir ki, rəsmi Bakı Qarabağdakı ermənilərin hüquqlarını pozur və həmin regionu tərk etmiş ermənilərin geri qaytarlıması vacibdir. Guya, Azərbaycan “Dağlıq Qarabağa qarşı aqressiya nümayiş etdirmişdir”. Bundan başqa, rəsmi Bakı Ermənistanın ərazi bütövlüyünə hörmət etməsə, ona qarşı sanksiyalar “masanın üstündədir”.
M.Coli Kanadanın Avropanın “mülki missiyası”na qoşulduğunu xüsusi vurğulamışdır. Sən demə, Ermənistan Cənubi Qafqazda sabitliyin təmin edilməsi üçün əlindən gələni edirmiş və Kanada özünə mənəvi borc bilir ki, İrəvana bu prosesdə dəstək versin. Bunun belə olmadığını hər kəs bilir, lakin sual yaranır ki, nə üçün rəsmi Ottava bu cür ağ yalan danışır?
Bir qədər Kanadanın və Ermənistanın dövlət kimi yaradılması prosesinə baxsaq, görərik ki, onların anatomiyası oxşardır. Kanada aborigen hindularına qarşı soyqırımı etməklə başqalarının dəstəyi ilə dövlət olmuşdur. Ermənistan isə aborigen türklərə qarşı soyqırımları törətməklə başqaları tərəfindən “dövlət oldu”. Kanada özünün kimliyini yaxşı bildiyinə görə, Ermənistanın 30 il azərbaycanlılara qarşı nə faşist davranışlarını, nə də mədəni abidələri məhv etməklə bəşəriyyətə zərər verdiyini dilinə gətirmədi. O mərhələdə Kanada rəsmilərinin dili tutulmuşdu. Ancaq Azərbaycan öz ərazi bütövlüyünü təmin edəndə dilləri açıldı. Başladılar demokratiyadan, insan haqlarından əzbərlədikləri nağılları erməni dığalarına danışmağa.
Lakin bir məqamı da Kanada rəhbərliyinə xatırlatmaq yerinə düşərdi. COVID-19 pandemiyası dövründə kasıb ölkələrin payına düşən peyvəndləri qanunsuz mənimsəyən “inkişaf etmiş ölkələr” arasında Kanada ilk pillələrdə idi. Bu barədə Azərbaycan Prezidentinin “ədalətli olmaq lazımdır” çağırışına rəsmi Ottavadan bir reaksiya olmadı. Çünki onların duyğularının ədalət aspekti hələ hindulara qarşı soyqırımı törədəndə itirilmişdi. İndi də ermənilər kimi ədalətsiz, haqsız bir icmanın yanındadırsa, o mərəzdən qurtulmaları mümkün görünmür.
Bütün bunların fonunda nə Colinin İrəvanda Kanada səfirliyinin açılışında təntənəli iştirakı, nə binoklla diplomat etiketinə uyğun olmayan formada Azərbaycan ərazilərini izləməsi, nə Cermuxa gedib ermənilər qarşısında kanadalı primitivliyi ilə nitqində süni improvizələr etməsi, nə sanksiyalar barədə sərsəm fikirlər söyləməsi elə də ciddi görünmür. Bu cür artistlik Ermənistanın baş naziri və xarici işlər naziri kimi siyasətçilərin aşağı səviyyəli siyasi təfəkkürünə sığal çəkə bilər ki, onlar da növbəti uydurmalar və yalanlardan “siyasi anlamda feyzyab” olarlar.
Lakin müasir mərhələdə Kanada nümunəsində dövlətin idarəedilməsi fəlsəfəsinin mahiyyəti baxımından maraqlı məqamlar üzərində düşünmək olar. Fransalı tarixçi Maksim Quen Kanadanın xarici işlər naziri Melani Colinin Ermənistana səfəri çərçivəsində Azərbaycana qarşı səsləndirdiyi əsassız ittihamlara münasibət bildirərkən demişdir ki, Kanada problemli ölkədir və onun probleminin “böyük bir hissəsi dövlət idarəçiliyindəki çatışmazlıqlarla bağlıdır”.
Doğrudan da, faktlar tarixçinin haqlı olduğunu göstərir. Belə ki, Kanada “təsadüfən seçilən liderlər” kimi adlandırılan cəfəng bir lideroloji təlimi öz idarəetməsində tətbiq etməyə cəhd göstərmişdir. Bu, lider seçmək üsuluna görə, idarəetmə üçün kadrlar 8-9 nəfər arasından təsadüfi seçmə, daha doğrusu, püşkatma yolu ilə müəyyənləşmə üsuludur. Yəni burada püşk kimin üzünə gülsə, lider də o olur.
Belə görünür ki, M.Coli həmin yanaşmanın misallarından biridir. Hər halda Cənubi Qafqaz kimi mürəkkəb bir geosiyasi məkanda haqsıza “haqlı” demək, təcavüzkarı “sülhpərvər” adlandırmaq, bir dövlətin öz ərazi bütövlüyünü təmin etməsini kimlərinsə hüquqlarının pozulması kimi tədqim etməyin başqa izahını vermək mümkün olmur. Lakin bunlar Kanadanın öz problemləridir!
Füzuli QURBANOV,
“XQ”nin analitiki


