Azərbaycan İnsan Orqanları Alverinə qarşı Konvensiyaya qoşulub

post-img

DTX-nın mətbuat xidməti bildirir ki, oktyabrın 30-da Avropa Şurasının Strasburq şəhərində yerləşən mənzil-qərargahında Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinin rəisi, general-polkovnik Əli Nağıyevlə AŞ-nin baş katibi xanım Mariya Peyçinoviç Buriç arasında görüş keçirilmiş və Azərbaycan tərəfi Avropa Şurasının İnsan Orqanlarının Alverinə qarşı Konvensiyasını imzalamışdır. Baş katib Azərbaycanın bu konvensiyaya qoşulmasını çox vacib hadisə kimi dəyərləndirmiş və uzun illərdir formalaşmış ikitərəfli münasibətlərə toxunaraq əməkdaşlığın bundan sonra da uğurla davam etdiriləcəyinə inamını bildirmişdir.

General-polkovnik Əli Nağıyev regi­onda təhlükəsizlik baxımından yaran­mış mövcud vəziyyət barədə məlumat verərək ölkəmizin hər zaman bölgədə davamlı sülhün yaradılmasında maraqlı olduğunu vurğulamışdır. O, Azərbayca­nın Qarabağ ərazisindəki erməni əsilli vətəndaşların əmin-amanlıq şəraitində yaşamasına hərtərəfli təminat vermə­sindən, onların hüquq və azadlıqlarının qorunması üçün dövlətimizin gördüyü işlərdən, regionda rifahın, əsaslı və eti­barlı sabitliyin təmin olunması naminə dövlətimizin göstərdiyi səylərdən, Er­mənistanla münasibətlərin normallaş­dırılmasının və tezliklə sülh müqaviləsi­nin imzalanmasının vacibliyindən ətraflı söhbət açmışdır.

Baş katib M. Buriç Avropa Şurasının Cənubi Qafqazda hər zaman sülhün qorunub saxlanılmasına önəm verdiyini və təşkilatın bu prosesə lazımi dəstək göstərə biləcəyini qeyd etmişdir.

Söhbət əsnasında Ermənistanın Azərbaycan vətəndaşlarına qarşı hə­yata keçirdiyi etnik təmizləmə və mina terroru barədə danışan Əli Nağıyev Av­ropa Şurasının baş katibinin təşkilatın əhatə etdiyi ölkələrdə yaşayan şəxs­lərin Avropa İnsan Hüquqları Konven­siyasında təsbit olunmuş bütün hüquq və azadlıqlarından tam istifadə etmək hüququna malik olması fikrinə münasi­bət bildirərək, qeyd olunan beynəlxalq hüquqi sənədin müddəalarının Azər­baycanın xeyli zaman ərzində qaçqın və məcburi köçkün halında yaşamış, itkin düşmüş, əsir-girov götürülmüş, həmçinin Ermənistan tərəfindən basdı­rılmış minalardan sağlamlıqlarını itirmiş vətəndaşlarının hüquqlarının müdafiə­si məsələsində də tətbiq ediləcəyinə ümidvar olduğunu demişdir.

Görüşdə qarşılıqlı maraq doğuran digər məsələlər ətrafında da geniş fikir mübadiləsi aparılmışdır.

XQ

Son xəbərlər