Qərbi Azərbaycandakı yer adları bu torpaqların milli pasportudur

post-img

Dünən Milli Məclisdə Regional məsələlər komitəsinin təşkilatçılığı ilə “Qərbi Azərbaycan toponimləri: tarixin təhrif olunmasından ədalətin bərpa edilməsinədək” mövzusunda ictimai dinləmə keçirilib. 

Tədbirdə Milli Məclisin deputatları, Prezident Administrasiyasının, AMEA-nın, Ədliyyə Nazirliyinin məsul işçiləri, Milli Məclis yanında Toponimiya Komis­siyasının, Qərbi Azərbaycan İcmasının üzvləri, hüquqşünaslar və tədqiqatçılar, bələdiyyələrin, vətəndaş cəmiyyətinin təmsilçiləri və ekspertlər iştirak ediblər.

Müzakirəni giriş sözü ilə açan Regi­onal məsələlər komitəsinin sədri Siya­vuş Novruzov Vətən müharibəsində əldə edilmiş Qələbənin Qərbi Azərbaycandan olan soydaşlarımızın öz tarixi torpaqları­na qayıdışı üçün yaratdığı imkanlardan danışaraq qeyd edib ki, Ümummilli lider Heydər Əliyevin və Prezident İlham Əliye­vin Ermənistan hökumətinin Qərbi Azər­baycan torpaqlarında milli irsimizə qarşı törətdiyi cinayətlərlə bağlı kəskin mövqe bizim üçün yol xəritəsidir.

AMEA-nın prezidenti, Milli Məclis ya­nında Toponimiya Komissiyasının sədri, deputat İsa Həbibbəyli “Qərbi Azərbaycan toponimlərinin Ermənistan tərəfindən sax­ta yollarla təhrif edilməsi və ədalətin bər­pası yolları” mövzusunda məruzə ilə çıxış edib. Qərbi Azərbaycan İcmasının İdarə Heyətinin sədri, Milli Məclisin deputatı Əziz Ələkbərov “Qərbi Azərbaycana Qa­yıdış Konsepsiyası və müasir mərhələdə zorakılıqla dəyişdirilmiş toponimlərin bər­pa edilməsi çalışmaları” mövzusunda mə­ruzəsində doğma yurda qayıdış tələbinin insan hüquq və azadlıqlarına, beynəlxalq hüquqa tam uyğun olduğunu bildirib. 

Çıxış edənlər Qərbi Azərbaycanda mədəni irsimizin planlı şəkildə məhv edil­məsindən və mənimsənilməsindən söz açıblar. Onlar tarixi torpaqlarımızdakı to­ponimlərin və digər coğrafi adların, milli irsimizin bərpası, xalqımızın öz yurduna qayıdışının təmin edilməsi barədə qeyd və təkliflərini irəli sürüblər. 

Əliqismət BƏDƏLOV
XQ

Siyasət