Qarabağda zəfərimiz dünyanı mat qoydu

post-img

Diaspor fəallarımız

 

Sənətindən, peşəsindən asılı olmayaraq, bu Vətən hamımızındır və hər kəs öz sahəsində Azərbaycan adının ucalığını qorumağa çalışır. Bu təəssübkeşliyimiz müzəffər Ali Baş Komandan, Prezidenti İlham Əliyevin rəhbərliyi ilə işğalçı düşmən üzərində tam və qəti qələbəmizdən sonra daha da artıb. İkinci Qarabağ müharibəsindəki Zəfərimiz dünyaya səs salandan sonra Azərbaycandan kənarda yaşayan soydaşlarımızın da fəallığı, Vətənə gəliş-gedişi intensivləşib. Qürbətdəki soydaşlarımızla qürur duyduğumuz bu məqamlarda Vətənimizdə görüşüb ünsiyyətdə olmaq da son uğurlarımıza çox maraqlı və fərqli baxışlarını eşidib bilməyə imkan verir. Müsahibimiz Kanadada yaşayan türkoloq, Yaxın Şərq ölkələri üzrə şərqşünas alim Xoşqədəm Qaramandır.

– Xoşqədəm xanım, hələ sovet dönəmində Sankt-Peterburq Universi­tetinin şərqşünasdlıq fakültəsini Yaxın Şərq ölkələri üzrə mütəxəssis olaraq bitirmisiniz. Bu ixtisası necə seçdiniz?

– Bu ixtisası necə seçdim, sualını­za iftixarla və minnətdarlıqla ümummilli liderimiz Heydər Əliyevin sayəsində,- deyə cavab verirəm. Yəqin ki, bilirsiniz, Heydər Əliyev respublikamıza rəhbər­lik etdiyi illərdə müxtəlif sahələr üzrə mütəxəssislərin respublikamızdan kə­narda, nüfuzlu universitetlərdə təhsil al­masına xüsusi diqqət göstərib və şərait yaradıb. Həmin kadrlar, mütəxəssislər sonralar ölkəmizin inkişafında da,sər­hədlərimizdən kənarda tanınmasın­da da mühüm rol oynayıblar. Ölkədə hansı bir nailiyyət varsa, orada Heydər Əliyevin adı və apardığı uzaqgörən si­yasət nəticəsində formalaşan yüksək səriştəli mütəxəssislərin rolu var. 

Azərbaycandan kənarda nüfuzlu bir universitetdə əsaslı oxumaqla mən də özümü Ulu öndərin təhsil sahəsində göstərdiyi fəaliyyətdən bəhrələnən kad­rlardan biri hesab edirəm. Universiteti bitirəndən sonra 25 ilə yaxın bir vaxtda AMEA-nın Şərqşünaslıq İnstitutunda çalışmışam. Sonra tale elə gətirib ki, Ka­nadaya köçmüşəm və orda fəaliyyətimi davam etdirirəm. Kanadada ixtisasım üzrə treninqlər keçirir, tez-tez müxtə­lif ölkələrdə düzənlənən elm məclislə­rinə dəvət olunur, konfranslarda Yaxın Şərq üzrə mütəxəssis kimi çıxış edirəm. Yaxın Şərq ölkələrinin tarixinin, inkişa­fınnın gedişatı üzrə müzakirələrdə Azər­baycanımızın tanınması və dünyadakı proseslərdə mövqeyi haqqında səhih məlumatlar verib, dürüst təsəvvür for­malaşdırmağa çalışıram. 

– Qürbətdə Azərbaycanımızın qələbələrini necə yaşadınız? 

– Öncə qeyd etmək istərdim ki, Azərbaycandan kənarda yaşayanla­rın böyük əksəriyyətinin qəlbi həmişə Vətənlə döyünür. Bunu yaşadığım Ka­nadada və əksər ölkələrdə elmi konf­ranslarda, tədbirlərdə olarkən daim mü­şahidə etmişəm. Ərazilərimizin azadlığı uğrunda müharibədə Qələbəmizsə ha­mımızın ürəyini dağa döndərdi, belə demək mümkünsə, qürbətdə yaşayan azərbaycanlıları digər xalqların içində bir boy ucaltdı. Dünyanın hansı nöqtə­sində olursa-olsun, bu günlər soydaş­larımız Vətən müharibəsindəki böyük Qələbənin, son uğurların qürurunu yaşayırlar və bu, onların ictimai-siyasi baxımdan fəallaşmasına stimul verib. Mən özüm Kanadadakı təhsil ocaqla­rına azərbaycanlı gənclərin cəlb olun­ması ilə bağlı fəaliyyətimdə bunu aydın hiss edirəm. Eləcə də dünyanın aparıcı ölkələrində son illər iştirak etdiyim təd­birlərdə bizə münasibətin əsaslı şəkildə müsbət istiqamətdə dəyişdiyinin şahi­diyəm. Azərbaycana marağın qat-qat artması ilə qürbətdə yaşayan soydaş­larımızın da məsuliyyət hissi, Vətəni­mizi layiqincə təmsil etmək məsuliyyəti yüksəlib. 

– Uzun illər Yaxın Şərq ölkələrini araşdıran alim kimi, bu gün həmin regionda gedən proseslərlə bağlı fi­kirlərinizi bilmək istərdik.

– Mən uzun müddət AMEA-nın Şərqşünaslıq İnstitutunda “Türkiyə ta­rixi və iqtisadiyyatı” şöbəsində çalış­mışam. Bu gün o sahənin mütəxəssisi olaraq baxanda görürəm ki, Türkiyə dünya siyasəti və iqtisadiyyatında sözü keçən bir ölkə kimi tanınır. Qar­daş ölkənin hərbi sənayedə, iqtisadıy­yatın ayrı-ayrı sahələrində əldə etdiyi uğurlar dünya siyasətində söz sahibi səviyyəsinə yüksələn Cumhurbaşqanı R.T. Ərdoğanın adı ilə bağlıdır. 

Ümumiyyətlə, dünya düzənindən, bəşəri tərəqqidən danışarkən, öncə bu proseslərdə prezidentlərin rolunu xüsusi vurğulamaq istərdim. Onu da deyim ki, prezidentlərin fəaliyyətinə siyasi xadimlər, dünya siyasətini izlə­yib araşdıran mütəxəssislər danışıb dürüst qiymət verə bilərlər. Dünya­nın gərdişindən az-çox xəbərdar olan şərqşünas kimi əminliklə deyə bilərəm ki, bu regionun gələcəyi iki uzaqgörən siyasi xadim, münasibətlərin inkişafı­na, tərəqqisinə töhfələr verən Türkiyə Prezidenti Rəcəb Tayib Ərdoğandan və Azərbaycan Respublikasının Preziden­ti İlham Əliyevdən çox asılıdır. Müşahi­də edirik ki, dünyada və Yaxın Şərqdə onlarsız heç bir məsələ həll olunmur. Tarix sübut edir və yaşadığımız zaman, gedən proseslər də onu göstərir ki, bu iki şəxsiyyətin atacağı addımlar regio­nun gələcək inkişafını təmin edə bilər.

– Söhbətimizin əsas ruhunu təşkil edən qələbəmizin ölkəmizin gələcək inkişafına, sizcə, töhfəsi nə olacaq?

– Azərbaycanımızdakı bugünkü vətənpərvərlik ruhu bütün dünyaya ör­nək ola bilər. Vətən müharibəsində biz torpaqlarımızı, sözün əsil mənasında, ANA deyib sevən, təəssübkeş, mərd cəsur gənclərimizin olduğuna şahidlik etdik. Qarşıya qoyulan müqəddəs bir məqsədə doğru, torpaqlarımızı azad etmək yolunda inamla irəlilədilər. Mü­haribə meydanında inadla mübarizə aparan, Azərbaycanımızın gələcəyi olan gənclərimiz elmi potensialımızın yüksəlməsində də böyük rol oyna­yacaqlar. Vətənpərvər gənclərimizin dünya elminə töhfə verərək, Azərbay­canın elmi potensialını da müasir sə­viyyəyə uyğun təmsil edəcəklərinə ümidim böyükdür. 

 

Söhbəti apardı:
Rahib QƏRİB
XQ

Müsahibə