Qarabağ və Naxçıvan – dünyaya “yaşıl enerji” nümunəsi

post-img

Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonları işğaldan azad ediləndən sonra bu ərazilərdə “yaşıl texnologiya”ların tətbiqi ilə bağlı layihələrin həyata keçirilməsi diqqət mərkəzində saxlanılıb. Bununla əlaqədar Nazirlər Kabinetinin 2022-ci il 21 iyun tarixli sərəncamı ilə təsdiqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində 2022–2026-cı illərdə “yaşıl enerji” zonasının yaradılması üzrə Tədbirlər Planı”na əsasən, genişhəcmli işlərin icrasına başlanılıb. 

Azərbaycan Prezidentinin 2022-ci il 16 noyabr tarixli sərəncamı ilə təs­diqlənən “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərinə Böyük Qayıdışa dair I Dövlət Proqramı”nda da Qarabağ və Şərqi Zəngəzurda “yaşıl enerji” layihələrinin həyata keçirilmə­sinə mühüm önəm verilib. Dövlətimizin başçısı tərəfindən bu məqsədin ger­çəkləşməsi üçün 2021-ci il mayın 3-də “Azərbaycan Respublikasının işğaldan azad edilmiş ərazilərində “yaşıl enerji” zonasının yaradılması ilə bağlı tədbirlər haqqında” sərəncam da imzalanıb.

Adları çəkilən iqtisadi rayonlarda bərpaolunan enerji potensialının gerçək­ləşməsini bu ərazilərin əlverişli coğrafi şəraiti və iqlim xüsusiyyətləri, həmçinin “yaşıl enerji” mənbələrindən, o cümlə­dən günəş, külək və su resurslarından geniş istifadəyə münbit zəmin şərtləndi­rir. Prezident İlham Əliyevin düşməndən təmizlənən torpaqlarımızın bərpaolunan zəngin enerji potensialını nəzərə alaraq o əraziləri “yaşıl enerji” zonası elan etməsi də məhz həmin amillə bağlıdır. 

Mütəxəssislərin araşdırmalarına görə, Qarabağ və Şərqi Zəngəzurda 4 min meqavatdan artıq günəş və 500 meqavatadək külək enerjisi potensia­lı mövcuddur. Artıq həmin potensialın hərəkətə gətirilməsi istiqamətində konk­ret tədbirlər həyata keçirilir, aparılan bər­pa-quruculuq işlərində “yaşıl texnologi­ya”ların tətbiqinə üstünlük verilir. 

Qarabağ və Şərqi Zəngəzurun zən­gin bərpaolunan enerji potensialı haqqın­da aydın təsəvvür yaratmaq üçün bəzi göstəriciləri diqqətə çatdıraq. Əvvəlcə qeyd edək ki, Yer səthinə düşən günəş radiasiyasının miqdarına görə, Füzuli, Cəbrayıl, Zəngilan rayonları Naxçıvan Muxtar Respublikası ərazisindən sonra ikinci yerdə dayanır. Burada bir kvad­ratmetr üfüqi səthə düşən günəş radia­siyası ildə 1600–1700 kilovat/saat təşkil edir. Bu torpaqların ümumi günəş enerjisi potensialı 3–4 min meqavatdır. Ərazidə ölçü müşahidə stansiyalarının quraşdırıl­ması yolu ilə potensialın daha dəqiq he­sablanması da nəzərdə tutulur. 

Aparılan araşdırmalara əsasən, 6 rayonda (Füzuli, Cəbrayıl, Zəngilan, Qu­badlı, Laçın və Kəlbəcər) günəş elekt­rik stansiyalarının tikintisi üçün ümumi sahəsi 14 min 427 hektar və güc qoyu­luşu potensialı 7 min 214 meqavat olan 8 perspektiv ərazi müəyyənləşdirilib. Hər bir ərazi üzrə düşən günəş radiasiyasının miqdarına görə gözlənilən enerji istehsalı dəqiqləşdirilib.

Qarabağda külək enerjisinin isteh­salı da planlaşdırılır. Belə ki, regionun dağlıq hissəsində 100 metr hündürlükdə küləyin orta illik sürətinin saniyədə 7-8 metr olduğu geniş ərazilər mövcuddur. Kəlbəcər və Laçın rayonlarının Ermənis­tanla sərhəd ərazilərində küləyin orta illik sürəti saniyədə 10 metrə çatır. Ümumilik­də, Qarabağın dağlıq ərazilərində külək enerjisinin potensialı 300–500 meqavat həddində qiymətləndirilir. Ölçü müşahidə stansiyalarının quraşdırılması yolu ilə bu sahənin də dəqiq potensialının hesabla­nacağı nəzərdə tutulur.

Bütün bunlardan başqa, Kəlbəcər və Şuşada termal su ehtiyatları var. Qar­şıda duran vəzifələrdən biri də həmin mənbələrdən enerji məqsədli istifadənin mümkünlüyünü tədqiq etməkdir. Qara­bağ bölgəsində, həmçinin daş kömür ya­taqları mövcuddur. Məsələn, Tərtər rayo­nunun Çardaqlı kəndi 8,5 milyon ton daş kömür ehtiyatına malikdir.

İşğaldan azad olunan ərazilər su eh­tiyatlarının zənginliyi ilə də seçilir. Ümu­milikdə, Azərbaycanın yerli su ehtiyat­larının 25 faizi məhz həmin sahələrdə formalaşır. Bununla yanşı, sözügedən torpaqlarda 14 çay və 9 su anbarı yerlə­şir. Mütəxəssislərin fikrincə, bu ərazilərin yerüstü və yeraltı su ehtiyatlarından həm içməli, həm də aqrar sahədə suvarma suyu kimi istifadə etmək üçün zəngin po­tensial var. 

İşğaldan azad edilən torpaqların möv­cud su ehtiyatları burada alternativ, tə­miz elektrik enerjisinin istehsalı üçün də yaxşı imkanlar yaradıb. Ötən müddətdə həmin ərazilərdə 30-a yaxın su elektrik stansiyası bərpa edilib. Yaxın gələcəkdə isə Qarabağ və Şərqi Zəngəzur iqtisadi rayonlarının ərazilərində 237 meqavat gücündə 38 yeni su elektrik stansiyasının tikintisi ilə bağlı layihələrin işlənib hazır­lanması nəzərdə tutulub. 

Cəbrayıl rayonu ərazisində, Araz çayı üzərində hazırda inşası davam etdirilən və qoyuluş gücü 200 meqavat olan “Xu­dafərin” və 80 meqavatlıq “Qız Qalası” su elektrik stansiyaları da regionun mühüm enerji obyektləri sırasındadır. Həmin ob­yektlərin isə 2–2,5 il müddətində istifa­dəyə verilməsi nəzərdə tutulur. Bundan əlavə, regionun Tərtərçay, Bərgüşadçay, Həkəri çayları və bu çayların qollarında kifayət qədər böyük enerji istehsal güc­lərinin yaradılması mümkündür. Artıq 30 meqavatlıq Bərgüşadçay və 43 meqa­vatlıq Həkəriçay kiçik SES-lərin inşası ilə bu çayların hidroenerji potensialından da istifadə edilməsi nəzərdə tutulur.

Üç il əvvəl–2020-ci il oktyabrın 3-də Tərtər rayonunun Suqovuşan kəndi iş­ğaldan azad edildikdən sonra burada quruculuq, təmir-bərpa işlərinə start ve­rildi. Qısa vaxtda Tərtər çayı üzərində derivasiya tipli “Suqovuşan-1” və “Suqo­vuşan-2” kiçik su elektrik stansiyaları ye­nidən qurularaq istismara buraxıldı.

Xatırladaq ki, “Suqovuşan-1” stansiya­sı ümumi gücü 4,8 MVt olmaqla, hər biri 1,6 MVt gücündə olan 3 ədəd hidroaq­reqatdan, “Suqovuşan-2” isə ümumi gücü 3 MVt olmaqla, hər biri 1,0 MVt gücündə olan 3 ədəd hidroaqreqatdan ibarətdir. Hər iki stansiya yenidən fəaliyyətə başla­dığı dövrdən indiyədək 21,8 milyon kVt/st elektrik enerjisi istehsal edib.

Bütün bu ehtiyatlar işğaldan azad olunan rayonlarımızda yeni enerji la­yihələrini gerçəkləşdirməyə imkan verir. Həmin istiqamətdə nəzərdə tutulan ge­nişmiqyaslı işlər ardıcıllıqla həyata keçiri­lir. “Yaşıl enerji” layihələrinə xarici inves­torların cəlb edilməsi üçün də müəyyən əməli addımlar atılır.

Qarabağ və Şərqi Zəngəzurla yanaşı, Naxçıvan Muxtar Respublikası da “yaşıl enerji” marafonuna qoşulub. Qədim di­yarımızda “yaşıl enerji zonası”nın inkişa­fı üçün müvafiq konsepsiya hazırlanıb. Prezident İlham Əliyev tərəfindən Nax­çıvanın da Qarabağ və Şərqi Zəngəzur kimi “yaşıl enerji” zonasına çevrilməsi məsələsi qarşıya mühüm vəzifə kimi qo­yulub. Bir neçə gün bundan əvvəl Naxçı­vanda Azərbaycan–Türkiyə III Enerji Fo­rumunda da bu barədə ətraflı danışılıb. 

Müzakirələrdə külək və günəş enerjisi üzrə 1500 MVt-lıq istehsal güclərinin ya­radılması və onun, ən azı, 1000 MVt-nın ixrac edilməsi planları çərçivəsində bey­nəlxalq enerji şirkətləri ilə əməkdaşlığın Naxçıvanı “yaşıl enerji”nin istehsal – ix­racı mənbəyi və marşrutuna çevirəcəyi qeyd edilib. Həmçinin “TotalEnergies” və “Nobel Energy” şirkətləri ilə ümumi gücü 650 MVt olan günəş elektrik stansiyala­rının inşası və istehsal ediləcək elektrik enerjisinin Türkiyəyə ixracı üzrə əmək­daşlıq edildiyi bildirilib. “Masdar” şirkəti ilə ilkin mərhələdə gücü 150 MVt olan günəş elektrik stansiyası, “Czech Engineering” şirkəti ilə günəş elektrik stansiyaları, elə­cə də Almaniyanın “Notus” şirkəti ilə “ya­şıl enerji” layihələrinin reallaşdırılması ilə bağlı planlar diqqətə çatdırılıb.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Müstəqilliyimizin ilk illərində kəskin enerji böhranı yaşayan və Türkiyədən elektrik enerjisi idxal edən Naxçıvan Muxtar Respublikasının enerji təmi­natında bu gün elə bir ciddi çətinlik nəzərə çarpmır. Muxtar respublika artıq öz enerji təminatını ödəyir. Hazır­da Naxçıvanda 1500 meqavat ancaq xarici investorların sərmayəsi hesabı­na olmaqla, külək və günəş elektrik stansiyalarının, o cümlədən dağ çay­larında kiçik su elektrik stansiyalarının tikilməsi planlaşdırılır.

Bu il Mingəçevir İstilik Elektrik Stansiyasında (İES) yeni bir stansiya­nın təməli qoyulub. Onun gücünə görə ölkənin ikinci İES olması planlaşdırı­lıb. Stansiyanın gücünün 1280 meqa­vat təşkil edəcəyi nəzərdə tutulub. 

Mingəçevir İES-in hazırkı gücü 2400 meqavatdan artıqdır. Bu müqa­yisədən aydın olur ki, Naxçıvanda böyük potensiala malik istehsal güc­lərinin yaradılması planlaşdırılır. Bu, 1500 meqavatın 1000 meqavatı ixra­ca yönəlməlidir. Türkiyənin isə Naxçı­vanda istehsal edilən “yaşıl enerji”nin Avropaya ötürülməsində tranzit ölkəyə çevriləcəyi gözlənilir. 

Bu gün işğaldan azad edilən əra­zilərdə də “yaşıl enerji”nin yaradılması diqqət mərkəzində saxlanılır. Həmin ərazilərdə olan çayların enerjisini nəzərə alsaq, düşməndən təmizlənən torpaqlarda, təqribən, 150 meqavat enerji əldə etmək olar. Ancaq həmin ərazilərdə daha böyük mənbələr var. “Sərsəng”, “Xudafərin” və “Qız qalası” su elektrik stansiyalarından (SES) isə Azərbaycana çatan gücün həcmi 200 meqavatdır.

Qeyd edim ki, Qarabağda bp şirkətinin operatorluğu ilə 230 meqvat­lıq GES 2024-cü ilə qədər tikilməlidir. O ərazilərdə 1000 meqavata qədər enerji mənbəyi var. Bu da azad edilən ərazilərin enerji tələbatını ödəməyə qadirdir. Artıq qalan hissə ixrac edil­məlidir. Bu ixrac üçün isə Zəngəzur enerji dəhlizi öz rolunu oynamalıdır.

Vaqif BAYRAMOV
XQ



İqtisadiyyat