Vətən müharibəsində tarix yazan əbədiyaşar qəhrəmanlardan biri də Zaur Nuridəliyevdir. Zaur 1978-ci il sentyabrın 1-də Bakı şəhərində anadan olmuşdur.
Uşaq yaşlarından atasını itirən Zaur Sabunçu rayonunun Zabrat qəsəbəsində 192 nömrəli tam orta məktəbində 1992-ci ilə qədər təhsil almışdır. Müharibənin yeni-yeni alovlandığı 1992-ci ildə Zaur Nudirəliyev sənədlərini Cəmşid Naxçıvanski adına Hərbi Liseyə vermişdir. 1995-ci ildə oradan məzun olan Zaur, həmin ildə Türkiyə Ali Hərbi Hava Qüvvələri Məktəbinə qəbul olmuş, 2000-ci ildə "Təyyarəçi" ixtisası üzrə bitirmişdir. 2011-ci il noyabr ayının 2-dən 2013-cü il iyunun 24-nə qədər Almaniyanın Hürt şəhərində Alman dilinin öyrənilməsi məqsədi ilə General-Admirallar üçün Hərbi Liseydə təhsil davam etdirmişdir. 2015-ci ilin avqust ayından Kürdəmir aviabazasında Komandirin uçuş hazırlığı üzrə müavini və uçuşların planlaşdırılma bölməsinin rəisi vəzifəsində xidmət etmişdir.
Zaur Nudirəliyev 20 il davam edən xidməti ərzində müdafiə naziri tərəfindən "Hərbi xidmətdə fərqlənməyə görə" 3-cü və "Hərbi xidmətdə fərqlənməyə görə" 2-ci dərəcəli medalları ilə təltif edilmişdir. 2020-ci il sentyabrın 27-də Azərbaycan Hərbi Hava Qüvvələrinin Komandanlığı tərəfindən Vətən müharibəsində "Su-25" hücum təyyarələrində yeni üsullardan istifadə olunması tapşırığı verilmiş və bu iş Zaur Nudirəliyevə həvalə olunmuşdu. O, nişangah istifadə etmədən, riyazi üsullarla bombaların atılmasının yeni üsulunu icra etmiş, həmçinin "Su-25" hücum təyyarəsindən lazer güdümlü bombaların birinci atışını həyata keçirmişdi. Cəbrayıl-Füzuli və Ağdərə istiqamətlərində endirilən zərbələr nəticəsində Ermənistan Silahlı Qüvvələrinin dayaq məntəqələri, canlı qüvvələri, cəmləşmə yerləri məhv edilmiş, nəticədə Azərbaycan Ordusunun qurudan ciddi üstünlüyə sahib olması təmin olunmuşdur. Oktyabrın 4-də Zaur Nudirəliyevin idarə etdiyi "Su-25" hücum təyyarəsi verilən döyüş tapşırığının yerinə yetirilməsi üçün Cəbrayıl rayonu istiqamətində təyin olunmuş hədəfə yaxınlaşan zaman Komanda İdarəetmə Məntəqəsinə Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunlarının vasitələrinin hazır vəziyyətə gətirilməsi barədə məlumat daxil olmuşdur. Buna görə də təyyarənin vurulma ehtimalı yaranmışdır. Dərhal Zaur Nudirəliyevə geri qayıtmaq tapşırığı verilmişdir. Həmin vaxt Zaur təyin olunmuş hədəfə zərbə endirib geri dönərkən idarə etdiyi "Su-25" hücum təyyarəsi Ermənistan Silahlı Qüvvələrinin Hava Hücumundan Müdafiə Qoşunları tərəfindən vurulmuşdur. Ağır yaralanmasına baxmayaraq Zaur əsir düşməməsi üçün təyyarəni Ermənistan Silahlı Qüvvələrinin canlı qüvvəsinin cəmləşdiyi səngərə çırpmış və şəhid olmuşdur.
Azərbaycanın ərazi bütövlüyünün bərpa edilməsində xüsusi xidmətlərinə və işğal olunmuş ərazilərin azad olunması zamanı düşmənin məhv edilməsi üzrə qarşıya qoyulmuş döyüş tapşırığını yerinə yetirən zaman göstərdiyi qəhrəmanlıq nümunəsinə görə Prezident İlham Əliyevin 9 dekabr.2020-ci il tarixli Sərəncamına əsasən Zaur Nudirəliyevə "Vətən Müharibəsi Qəhrəmanı" adı verilmiş, "Vətən uğrunda", "Füzulinin azad olunmasına görə", "Suqovuşanın azad olunmasına görə", "Cəbrayılın azad olunmasına görə" medalları ilə təltif edilmişdir.
Bakıdakı mərkəzi küçələrin birinə Zaur Nudirəliyevin adı verilmişdir. Zaurun iki övladı-Ömər və Pəri Vətənə əmanətdir.
Müşfiq MİRZƏ
XQ