ATƏT-in Nazirlər Şurasının qərarı Cənubi Qafqazda davamlı sülh istiqamətində yeni addımdır

post-img

ATƏT-in fəaliyyətdə olan sədri, Finlandiyanın xarici işlər naziri Elina Valtonen və ATƏT-in Baş katibi Feridun H.Sinirlioğlu Ermənistanın və Azərbaycanın birgə müraciətindən sonra Minsk Prosesinin və əlaqədar strukturların bağlanması barədə Nazirlər Şurasının qərarını alqışlayıblar.

AZƏRTAC xəbər verir ki, bu barədə ATƏT-in rəsmi saytında yerləşdirilmiş məlumatda bildirilir.

“Mən bir daha Ermənistana və Azərbaycana sülh və münasibətlərin normallaşdırılması istiqamətində əldə etdikləri tarixi razılaşmalara, onların tez bir zamanda həyata keçirilməsinə dair qətiyyətli qərarlarına görə səmimi təbriklərimi çatdırmaq istəyirəm. Mən onların birgə müraciətinə dərhal cavab verdim və bu prosesdəki mükəmməl əməkdaşlıqlarına görə tərəflərə səmimi minnətdarlığımı bildirmək istəyirəm. Həmçinin bu konsensusa nail olmaqda nümayiş etdirdikləri əməkdaşlıq ruhuna görə iştirakçı dövlətləri də alqışlayıram,” - deyə nazir Valtonen qeyd edib.

Məlumatda bildirilir ki, ATƏT Nazirlər Şurasının qərarı Azərbaycan Prezidenti İlham Əliyev və Ermənistanın Baş naziri Nikol Paşinyan tərəfindən ABŞ Prezidenti Donald Trampın iştirak ilə avqustun 8-də Vaşinqtonda imzaladıqları Birgə Bəyannamənin davamıdır. Nazirlər Şurasının qərarı ATƏT-in bütün 57 iştirakçı dövlətinin konsensusu ilə qəbul olunub.

“Bu, diplomatiyanın onilliklər boyu davam edən münaqişə və etimadsızlıqdan sonra da nələrə nail ola biləcəyini göstərən tarixi bir hadisədir. Bu, tərəflərin ortaq məxrəcə gəlmək istiqamətində ortaq iradə nümayiş etdirdikdə razılığın mümkün olduğunu sübut edir,” - deyə Baş katib Sinirlioğlu vurğulayıb.

ATƏT-in fəaliyyətdə olan sədri və Baş katibi daha sonra Ermənistana, Azərbaycana və regiona davamlı sülh, sabitlik gətirən bütün səylərə dəstək verməkdə dəyişməz öhdəliklərini bir daha vurğulayıblar.

Yekunda qeyd edilir ki, ATƏT bu qərarın qəbul edilməsindən sonra Minsk Prosesinin və əlaqəli strukturların bağlanmasının həyata keçirilməsi istiqamətində addımlar atacaqdır. Bundan sonra ancaq mövcud aktivlərin və avadanlıqların təhvil verilməsi kimi inzibati funksiyalar davam etdiriləcək və proses 2025-ci il dekabrın 1-dək başa çatdırılacaq.

Elgün Niftəli
AZƏRTAC-ın xüsusi müxbiri
Vyana

Siyasət