Yunanıstan–Bolqarıstan İnterkonnektoru Azərbaycan qazını Avropaya çatdırır

post-img

Ötən 1 ildə bu kəmərlə köhnə qitəyə 3,3 milyard kubmetr “mavi yanacaq” nəql edilib

Azərbaycan təbii qazını Bolqarıstana çatdıran Yunanıstan–Bolqarıstan birləşdirici boru kəmərinin (IGB) layihə operatoru olan İCGB şirkətinin məlumatına görə, IGB vasitəsilə kommersiya əməliyyatlarına başlanılmasının ilk ilində 16,9 milyon MVt/saatdan çox qaz satılıb. Bu, boru kəmərinin illik ötürücülük gücündən 0,3 milyard kubmetr çoxdur.

Şirkətin mediaya açıq­lamasında bildirilir ki, IGB infrastrukturu hesabına Yu­nanıstan–Bolqarıstan təbii qaz şəbəkələri ilk dəfə birləş­dirilərək Trans–Adriatik Qaz Boru Kəməri (TAP) və Cənub Qaz Dəhlizi (CQD) ilə birbaşa əlaqə yaradılıb. Beləliklə, Cə­nub–Şərqi Avropa və Avropa bazarlarına tədarük üçün yeni marşrutlar açılıb. 

IGB bu gün həm Qərbi Balkanlara və Şaquli Dəhlizin bir hissəsi olan Moldova və Ukraynaya “mavi yanacaq” ötürülməsini, həm də Bolqa­rıstana, bütövlükdə isə regi­ona təhlükəsiz və şaxələndi­rilmiş təbii qaz tədarükü üçün yeni marşrutu gerçəkləşdirir. 

Xatırladaq ki, artıq bir sıra digər ölkələrdə də IGB hesabına TAP boru kəməri ilə daxili qaz şəbəkələrinin əlaqələndirilməsinə böyük maraq göstərilir. Bu da Azər­baycan qazının Avropanın dərinliklərinə qədər gedib çat­masını şərtləndirir. Bu baxım­dan interkonnektorun fəaliy­yəti mühüm önəm daşıyır. 

IGB vasitəsilə tədarük edilən Azərbaycan təbii qa­zının həcmi Bolqarıstanın tələbatının təxminən 75 faizi­ni ödəyir və bu ölkədə “mavi yanacaq”la bağlı münasib qiymətlərin formalaşmasında həlledici rol oynayır.

Xatırladaq ki, IGB, əsasən, Xəzər dənizinin Azər­baycan sektorundakı “Şahdə­niz” qaz–kondensat yatağının istismarının II mərhələsi çər­çivəsində hasil edilən təbii qazın Bolqarıstana nəqlini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkəti “Şahdə­niz-2” yatağından 1 milyard kubmetr “mavi yanacağ”ın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə im­zalayıb. Azərbaycanın təbii qazı Bolqarıstanın tələbatının 25-30 faizini ödəyə biləcək.

Qeyd edək ki, IGB-nin ümumi uzunluğu 182 kilo­metrdir, vurğulandığı kimi, Bolqarıstan və Yunanıstanın qaz nəqli şəbəkələrini bir­ləşdirir. Layihə 2011-ci ildə Bolqarıstanda qeydiyyatdan keçmiş Bolqarıstan–Yuna­nıstan “ICGB AD” investisiya şirkəti tərəfindən Bolqarısta­nın Enerji Holdinqi və Yuna­nıstanın “IGI Poseidon” şirkə­tinin səhmdarları ilə birlikdə reallaşdırılır və hər biri 50 faiz paya malikdir.

İnterkonnektorun ümumi dəyəri 240 milyon avrodan çoxdur. Avropa Komissiyası 2010-cu ildə texniki-iqtisa­di əsaslandırmalar üçün 45 milyon avro qrant yardımı və Bolqarıstanın həyata keçirdiyi proqram çərçivəsində 35 mil­yon avro məbləğində daha bir ödəniş ayırıb. Avropa İnves­tisiya Bankı isə 110 milyon avro kredit verib.

IGB Azərbaycanın “Şah­dəniz-2” yatağından hasil edilən təbii qazı Bolqarısta­na çatdırmağı qarşıya mü­hüm vəzifə kimi qoyub. Bu məqsədlə Bolqarıstanın “Bul­gargaz EAD” dövlət şirkəti “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalayıb. Boru xəttinin illik ötürmə gücünün 3 milyard kubmetr olması nəzərdə tutulub. Perspektiv­də bu göstəricinin ildə 5 mil­yard kubmetrədək artırılması planlaşdırılıb. 

Onu da qeyd edək ki, Azərbaycan qazının Avropa­ya nəqli 2020-ci ilin axırında CQD-nin sonuncu seqmen­tinin – TAP-ın işə düşməsi ilə başlayıb. Hazırda Tür­kiyə, Gürcüstan, Yunanıstan, Bolqarıstan, Albaniya və İtali­ya Azərbaycan qazının alıcı­larıdır. Göründüyü kimi, yeni çağırışlar qarşısında Azər­baycan qazına tələbat artır.

İGB-nin əməliyyat şirkəti olan ICGB-nin Bolqarıstan üzrə icraçı direktoru Teodo­ra Georgieva və Yunanıstan üzrə icraçı direktoru George Satlas mediaya bildiriblər ki, birinci il ərzində IGB qaz tə­chizatında böyük fasilələr ol­madan bütün gündəlik tələb­ləri yerinə yetirərək qüsursuz nəticələr əldə edib. Bu uğur adları çəkilən ölkələrin əmə­liyyat prosedurlarına əməl etməklə, eləcə də ICGB-nin peşəkarlardan ibarət xüsusi komandasının səyi ilə realla­şıb. 

Bildirilir ki, bu gün IGB-də qeydiyyatdan keçmiş 39 is­tifadəçi fəaliyyət göstərir. Qaz kəmərinin texniki tutu­mu qeyd edildiyi kimi, illik 3 milyard kubmetr təşkil edir. Tutumun böyük hissəsi artıq yeni “qaz ili” üçün ehtiyat sax­lanır. Hazırda interkonnektor Bolqarıstanın daxili qaz is­tehlakının təxminən yarısını təmin edir. IGB-nin, eyni za­manda, tez bir zamanda tə­bii qazın Trans–Balkan Qaz Boru Kəməri vasitəsilə Mol­dova və Ukraynaya nəqlini dəstəkləyən əsas infrastruk­tura çevrilməsi də gözlənilir. 

ICGB bu yaxınlarda İGB-nin tutumunun illik 5 milyard kubmetrə qədər artı­rılması üçün bazar tələbinin qiymətləndirməsinə, həm­çinin maliyyə mənbələrinin müəyyənləşdirilməsinə baş­layıb. Beləliklə, həm Komoti­nidə, həm də Stara Zaqorada boru kəməri sisteminin ge­nişləndirilməsi, eləcə də yeni ölçü avadanlığının quraşdı­rılması nəzərdə tutulub. Yeni infrastrukturun dəyərinin 5 milyon avro olması planlaş­dırılıb.

Xatırladaq ki, IGB 2022-ci il oktyabrın əvvəlindən kom­mersiya istismarındadır, Xəzər dənizinin Azərbaycan sektorundakı “Şahdəniz” qaz-kondensat yatağının is­tismarının II mərhələsi çər­çivəsində hasil edilən “mavi yanacağ”ın Bolqarıstana nəq­lini nəzərdə tutur. “Bulgargaz EAD” dövlət şirkətinin “Şah­dəniz-2” yatağından 1 milyard kubmetr qazın tədarükü üçün “Şahdəniz” konsorsiumu ilə müqavilə imzalaması da bu­nun ifadəsidir. Ümumi uzun­luğu 182 kilometr olan boru kəmərinin 150 kilometrlik his­səsi Bolqarıstan ərazisindən keçir.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat