Sinqapur şirkəti ölkəmizin “yaşıl enerji” şəbəkəsində

post-img

Sinqapurun “Trafigura Pte Ltd” şirkəti ilə İqtisadiyyat Nazirliyi arasında Anlaşma Memorandumu imzalanıb. Sənəddə bərpaolunan və “yaşıl enerji”, dekarbonizasiya, alüminium istehsalı kimi istiqamətlərdə əməkdaşlıq məsələləri nəzərdə tutulub.

İqtisadiyyat naziri Mikayıl Cabbarov və SOCAR prezidenti Rövşən Nəcəfin energetika, xammal və əlvan metal sahələrində fəaliyyət göstərən “Trafigura Pte Ltd” şirkətinin baş icraçı direktoru və sədri Ceremi Veir ilə görüşlərində isə ölkəmizin əlverişli biznes və investisiya mühiti, özəl sektor üçün yaradılan imkanlar qeyd olunub. 

İqtisadiyyat naziri çıxışında qlobal çağırışlara uyğun olaraq, təmiz ətraf mühit və “yaşıl enerji” ölkəsinə çevrilmənin respublikamızda əsas prioritetlərdən biri olduğunu diqqətə çatdırıb. O, eyni zamanda, enerjidən səmərəli istifadə olunması və yeni dayanıqlı enerji mənbələrinin yaradılması istiqamətində həyata keçirilən layihələr, onların icra vəziyyəti barədə məlumat verib. M.Cabbarov, həmçinin “Trafigura Pte Ltd” şirkəti ilə əməkdaşlıq əlaqələrinin qurulmasının bərpaolunan enerji, hasilat və alüminium istehsalı sahəsində Sinqapur təcrübəsinin tətbiqi baxımından əhəmiyyətini vurğulayıb.

Qeyd edək ki, Sinqapurun “Trafigura” şirkəti energetika, xammal və əlvan metal ticarəti ilə məşğul olan qlobal miqyaslı şirkətlərdən biridir. İllik dövriyyəsi 300 milyard ABŞ dollarından çox olan şirkət dünyanın bir sıra ölkələrində 60-dan çox ofisə malikdir.

XQ

 

İqtisadiyyat