Azərbaycanda “yaşıl” avtomobillər çoxalır

post-img

Ölkəmiz elektromobil istehsalçısına da çevrilə bilər

Son illər dünyanın avtomobil bazarında elektriklə işləyən avtomobillərə tələbatın getdikcə artması müşahidə olunur. Artıq dünyanın nəhəng avtomobil istehsalçıları ənənəvi yanacaqla işləyən nəqliyyat vasitələrinin ekologiyaya vurduğu zərəri azaltmaq məqsədilə hibrid avtomobillərlə yanaşı, elektromobillərin də istehsalını ildən-ilə genişləndirirlər. 

Beynəlxalq Enerji Agentliyi (İEA) analitiklərinin hesablamalarına görə, ötən il yeni elektrik avtomobillərinin bazarda payı 4 faiz, 2021-ci ildə 9 faiz, 2022-ci ildə 14 faiz təşkil etdiyi halda, cari ildə bu rəqəm 18 faizə yüksələ­cək. Bütövlükdə isə, 2022-ci ildə dün­yada 10 milyondan çox elektrik avto­mobili satılıb. İEA analitiklərinin aprel ayında verdikləri proqnoza görə, cari il dünyada satılan hər beşinci avtomobil elektrikli (o cümlədən, hibrid) olacaq.

Bir maraqlı məqam da ondan ibarətdir ki, hazırda dünyanın avtomobil yollarında elektriklə işləyən nəqliyyat vasitələrinin yarıdan çoxu Çində idarə olunur. Belə ki, hazırda bu ölkədə satılan olan hər 100 avtomobildən 15-ni elektromobillər təşkil edir. Eyni zamanda, qlobal akkumulyator istehsalında xüsusi üstünlüyə malik Çin, həm də 2022-ci ildə dünya üzrə elektromobillərin satışında da 60 faiz paya sahibi olub. 

Yeri gəlmişkən, bu yaxınlarda İq­tisadiyyat Nazirliyinin tabeliyindəki Kiçik və Orta Biznesin İnkişafı Agent­liyi (KOBİA) ilə Çinin “Jiubai Import & Export” şirkəti arasında Azərbaycanda “yaşıl enerji” və elektrik avtomobillərin istehsalı haqqında müzakirə aparılıb. Bu barədə KOBİA-nın İdarə Heyətinin sədri Orxan Məmmədov “X” sosial şə­bəkə hesabında məlumat verib. Agent­lik sədrinin sözlərinə görə, ətraf mühi­tin qorunmasının vacibliyi baxımından sözügedən sahələrdə investisiyaların cəlb olunması prioritet məsələlərdən­dir.

Bütövlükdə isə, Azərbaycanda elektriklə işləyən avtomobillərə maraq getdikcə artır. Elə son illər ölkəmizdə elektromobillərin idxalında baş verən artım tendensiyası da bunu deməyə əsas verir. 2023-cü ilin ilk ayından etibarən isə bu proses bir qədər də sürətlənib. Dövlət Gömrük Komitəsinin məlumatına görə, cari ilin yanvar-iyul aylarında Azərbaycana 61 milyon 362 min ABŞ dolları dəyərində 1492 ədəd elektromobil gətirilib. Bu da əvvəlki ilin eyni dövründəkindən 1306 ədəd və ya 8 dəfə çoxdur. Ekspertlər isə hesab edirlər ki, ilin sonunadək ölkəyə idxal olunan elektromobillərin sayında 10 dəfədən çox artım baş verə bilər. 

Azərbaycana idxal edilən elektro­mobillərin sayında müşahidə olunan sürətli artım, əsasən, bu tip maşınla­rın gömrük rüsumlarından tamamilə azad edilməsi və elektrikdoldurma məntəqələrinin sayının çoxalması ilə bağlıdır. Eyni zamanda, elektrikdol­durma məntəqələrinin yaradılmasında istifadə olunan cihaz və avadanlıqların idxalının da gömrük rüsumlardan azad edilməsi müsbət məqamlardan biri kimi diqqət çəkir. Bütün bunlar isə son nəticədə, ölkənin nəqliyyat parkında ekoloji cəhətdən təmiz avtomobillərin sayının artmasına gətirib çıxarır. Elə müasir dünyanın karbon emissiyaları­nın sıfıra endirilməsi ilə bağlı çağırışına birincilər sırasında qoşulan Azərbay­can Respublikasının qarşıya qoyduğu məsələlərdən biri də məhz bu amillə bağlıdır.

Yeri gəlmişkən, ölkə Prezidenti İlham Əliyevin müvafiq sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan 2030: so­sial-iqtisadi inkişafa dair Milli Prioritet­lər”də təmiz ətraf mühitə nail olmaq və “yaşıl artım” ölkəsinə çevrilmək kimi hədəflər müəyyənləşdirilib. Adıçəkilən sənəddə ekoloji cəhətdən təmiz nəq­liyyat vasitələrinin təşviqini gücləndir­mək üçün də bir sıra tədbirlər nəzərdə tutulur. O ki, qaldı Azərbaycanın avto­mobil sənayesində elektromobillərin is­tehsalına, ekspertlər bunu da tam real hesab edirlər. Onların qənaətinə görə, ölkəmizdə “yaşıl” dövrün avtomobilləri­nin istehsal üçün imkanlar yetərincədir.

İlham ŞABAN,
Neft Araşdırmaları Mərkəzinin rəhbəri

Məlum olduğu kimi, bu il hökumət Azərbaycanda elektrik avtomobilləri­nin idxalında güzəştlər tətbiq etməyə başladı. Bunun nəticəsidir ki, artıq yerli bazarda onların sayının sürətlə artması müşahidə olunur. Bəs, bu tip avtomobilləri bazarda almaq nə dərə­cəsdə rasioanal addımdır? Elektromo­bil bazarı üzrə ixtisaslaşan təhlilçilərin qənaətinə görə, 2025-ci ildən sonra tam yeni batareya ilə işləyən elektrik avtomobillərinin istehsalına başlanı­lacaq. Həmin nəqliyyat vasitələri tutu­munun çox, çəkisinin isə az olması ilə seçilir. 

Eyni zamanda, 2027-ci ilə qədər isə elektrik avtomillərinin qiymətinin eyni xarakteristikalı daxiliyanma mü­hərrikli avtomobillərlə bərabərləşəcə­yi gözlənilir. Bu da onu deməyə əsas verir ki, 2030-cu ilədək dünyada satı­lan hər iki avtomobildən biri elektrikli olacaq. 

“Gartner” tədqiqat şirkəti proqnoz­laşdırır ki, 2023-cü ilin sonunadək mi­nik elektrik avtomobillərinin (elektrik mühərrikləri və plug-in hibridləri ilə birgə) qlobal bazarda satışı artaraq 15 milyon həddini keçəcək. 2024-cü ildə isə artımın 20 faiz təşkil edərək 17,9 milyon avtomobilə çatacağı gözlənilir. Bütövlükdə isə, elektrik avtomobilləri­nin satışı, yük maşınları və avtobuslar da daxil olmaqla bu il 15,4 milyonu (34 faiz artım), gələn il isə 18,45 milyonu (20 faiz çox) keçəcək.

“Gartner”in yaydığı məlumatda o da bildirir ki, yüngül elektrik mühərrikli avtomobillərin (BEV) tədarükü ötənilki 9 milyondan 2023-cü ildə təxminən 11 milyona, plug-in hibrid avtomobilləri­nin (PHEV) satışı isə 3 milyondan 4 milyona yüksələcək. Ümumilikdə isə, analitiklər 2030-cu ilə qədər elektrik avtomobillərinin qlobal bazarda sa­tılan ümumi avtomobillərin yarıdan çoxunu təşkil edəcəyini proqnozlaş­dırırlar. Gözləntilərdən biri də 2027-ci ilə qədər BEV-in orta qiymətinin oxşar ölçü və konfiqurasiyaya malik daxili­yanma mühərrikli avtomobilin qiyməti ilə eyniləşəcəyi ilə bağlıdır. 

Yeri gəlmişkən, işgüzar “Forbes” jurnalı isə elektrikli avtomobillərə qlo­bal bazarda yatırılan investisiyaların 2022-ci ildə 425 milyard dollar olduğu­nu göstərir. Bu da 2021-ci ilə nisbətən 50 faiz çoxdur. Bununla belə, 2030-cu ilə qədər elektrik enerjisi istehsalı və şəbəkə tutumu, qiymətindən asılı ol­mayaraq, elektrikli nəqliyyat vasitələ­rinin kütləvi qəbulunu məhdudlaşdıran amillər ola bilər. 

“Gartner”in baş analitiki Jonathan Davenportun fikrincə, ölkələr EV sürü­cülərini elektrik enerjisinin pik istehlak dövrlərindən kənarda şarj etməyə təş­viq etmək üçün (endirimlərin tətbiqi) tədbirlər görmədikcə elektrikli nəq­liyyat vasitələrinə keçid həm istehsal gücünə, həm də paylama infrastruktu­runa əlavə gərginlik yarada bilər. 

Beynəlxalq Enerji Agentliyi daxili­yanma mühərriklərindən elektromobil­lərə keçidin 2030-cu ilə qədər qlobal neft tələbini gündə, ən azı, 5 milyon barel azaldacağını proqnozlaşdırır.

 

Mirbağır YAQUBZADƏ
XQ



İqtisadiyyat