Ermənistan ordusunun ardıcıl təxribat törətdiyi sərhəd məntəqələrindən biri də Göyçə mahalının Zod aşırımıdır. Ötən həftə bu kənd istiqamətindən Azərbaycan ordusunun Kəlbəcər rayonundakı mövqelərini atəşə tutması nəticəsində 3 nəfər azərbaycanlı hərbi qulluqçu yaralanıb.
Qərbi Azərbaycan İcması Ermənistanın bu təxribatını şiddətlə qınayıb və Ermənistan hökumətindən öz bəd əməllərini dərhal dayandırmağı tələb edib. İcmadan XQ-yə verilən xəbərə görə, Ermənistan tərəfinin bu mənfur təxribatı məhz Göyçə mahalı istiqamətindən etməsi Qərbi Azərbaycan İcmasının aşağıdakıları xatırlatmasına səbəb olub:
– Xatırladaq ki, Göyçə mahalı, o cümlədən, Zod kəndi azərbaycanlıların kompakt şəkildə yaşadıqları ərazi olub. Ermənistan hökuməti Ermənistanın digər bölgələri kimi Göyçə dağıdıb. Hazırda Ermənistanın təxribat törətdiyi Zod aşırımı çoxlu sayda mülki azərbaycanlının soyuq qış aylarında Ermənistanın təqibləri və zorakılığından qaçarkən həlak olduğu məkandır.
Ermənistan hökuməti İcmanın sülh və barışığa əsaslanan çoxsaylı müraciətlərinə baxmayaraq, azərbaycanlıların öz vətənlərinə qayıtmasına imkan vermir. Qərbi Azərbaycan İcması dünya birliyini, hərbi təxribatlarına son qoyması, etnik təmizləməyə məruz qalmış azərbaycanlıların sülh yolu ilə, təhlükəsiz şəkildə və ləyaqətlə öz evlərinə qayıtmasına imkan verməsi üçün Ermənistana təzyiq göstərməyə çağırır.
XQ