Azərbaycan alternativ enerji şəbəkəsini genişləndirir

post-img

Beynəlxalq Külək Enerjisi Birliyinin (GWEC) “Dənizdə Külək Enerjisi– 2023” hesabatında ötən il dünyada dənizdə külək enerjisinin gücünün 64,3 qiqavata çatdığı, bu göstəricinin ümumi külək enerjisi gücünün 7,1 faizini təşkil etdiyi bildirilir. 

Hesabatda deyilir ki, 2022-ci ildə də­nizdə 8,8 qiqavat gücündə külək elektrik stansiyaları şəbəkəyə qoşulub. Bu da 16 faiz artım deməkdir. Növbəti 10 ildə isə (2023-2032-ci illər) dənizdə 380 qiqavat­dan çox külək enerjisi gücünün istifadəyə veriləcəyi, bununla da, 2032-ci ildə də­nizdə külək enerjisi gücünün 447 qiqava­ta çatdırılacağı proqnozlaşdırılır.

Dənizdə quraşdırılan yeni (2022-ci ildə) külək enerjisi qurğularının ölkələr üzrə payı Çində 57,6 faiz, Birləşmiş Krallıqda 13,4 faiz, Tayvanda 13,4 faiz, Fransada 5,5 faiz, Niderlandda 4,2 faiz, Almaniyada 3,9 faiz , Norveçdə isə 2 faiz olub. Beləliklə, 2022-ci ildə dənizdə külək enerjisi qurğularının 72 faizi Asiya-Sakit okean regionunda, 28 faizi isə Avropada quraşdırılıb.

Azərbaycan da dənizdə külək enerjisi ilə zəngin ölkələrdən sayılır. Mütəxəssis­lər ölkəmizin bu sahədəki potensialını 157 qiqavat həcmində qiymətləndirirlər. Artıq həmin potensialın hərəkətə gətiril­məsi məqsədilə xarici investorlarla müqa­vilələr imzalanıb. Azərbaycan Energetika Nazirliyi, Dünya Bankı və Beynəlxalq Ma­liyyə Korporasiyası (IFC) tərəfindən ötən il təqdim edilən Yol Xəritəsinə əsasən, 2040-cı ilədək ölkəmiz nəzərdə tutulan infrastrukturu inkişaf etdirməklə, eyni zamanda, investisiya qoyuluşu sayəsin­də dəniz küləyindən 7 qiqavatlıq enerji hasilatını reallaşdıra bilər. Bununla da ölkəmiz dekarbonlaşma kimi qarşıya qoyulan vəzifənin həllində mühüm rol oy­nayar. 

Ötən il Azərbaycanın Energetika Na­zirliyi tərəfindən Şuşada keçirilmiş xü­susi enerji konfransı zamanı Birləşmiş Ərəb Əmirliklərinin “Masdar” şirkətinin iştirakı ilə “Azərbaycan Respublikasında 10 qiqavatlıq layihələrin icrasına dair, o cümlədən birinci mərhələdə quruda sə­naye miqyaslı 1 qiqavat gücündə günəş və 1 qiqavat gücündə külək enerji la­yihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqa­viləsi”, eləcə də “Dənizdə 2 qiqavat gü­cündə inteqrasiya edilmiş külək və yaşıl hidrogen layihələrinin qiymətləndirilməsi, inkişafı və həyata keçirilməsi ilə bağlı İcra Müqaviləsi” imzalanıb. İkinci mərhələdə isə quruda 1 qiqavatlıq günəş və 1 qiqa­vatlıq külək enerji layihələri, həmçinin də­nizdə 4 qiqavat gücündə inteqrasiya edil­miş külək və yaşıl hidrogen layihələrinin icası nəzərdə tutulur.

Proqnozlaşdırmaya görə, Azərbay­can 2040-cı ilədək 1,5 qiqavat qoyuluş gücünü gerçəkləşdirəcək və dekarbon­laşdırılmış enerji istehsalının 7 faizini re­allaşdıracaq. Həmçinin bu dövrdə dəniz külək energetikasının qoyuluş gücü 7,2 qiqavata çatdırılaraq enerji təchizatının 37 faizi təmin olunacaq. 

Göründüyü kimi, ölkəmizdə iqtisadi cəhətdən əlverişli və texniki cəhətdən istifadəsi mümkün bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Belə ki, ölkəmizin quruda 27 giqavat enerji po­tensialı (günəş və külək enerjisi), dənizdə isə 157 giqavat enerji potensialı mövcud­dur. Bu enerjinin əldə olunması, istehsalı və ixracı isə böyük layihələr, habelə in­vestisiyalar tələb edir. 

Prezident İlham Əliyev çıxışlarının birində ölkəmizin bərpaolunan enerji po­tensialından bəhs edərkən deyib: “İstər hidro, istər külək enerjisi sahəsində həm Gürcüstanda, həm də Azərbaycanda, o cümlədən Qarabağda böyük potensial var. Artıq dediyim kimi, biz 25 qiqavat enerjini istehsal etmək məqsədilə bərpa­olunan enerji sahəsində məşhur olan bir neçə əsas beynəlxalq şirkətlə müqavilə və anlaşma memorandumları imzalamı­şıq. Onun təxminən 500 meqavatı üçün artıq tikinti işləri gedir. 230 meqavatlıq güclərin açılışını biz bir neçə ay ərzin­də planlaşdırırıq. 700 meqavatdan artıq günəş və külək enerjisini biz ola bilsin, maksimum 2025-ci ilə qədər təmin edə­cəyik. Qalan güclərin yaradılması plan­dadır. Bir sözlə, gələcəyimizin böyük üfüqləri var və biz hər zaman bir yerdə olmalıyıq”.

Dövlətimizin başçısının diqqətə çat­dırdığı bütün bu fikirlər Azərbaycanın Avropa üçün vacib “yaşıl enerji” təchizat­çısına çevrilməsi yolunda atdığı uğurlu addımlardan xəbər verir. Bu məqamda bir daha vurğulayaq ki, ölkəmizdə iqtisa­di cəhətdən əlverişli və texniki baxımdan istifadəsi mümkün bərpaolunan enerji mənbələrinin böyük potensialı var. Məhz belə bir güclü potensial hesabına yeni elektrik stansiyalarının istifadəyə veril­məsi ilə hazırda ölkəmizin ümumi elektrik enerjisi istehsalı gücü 7953,9 meqavata çatıb. Bununla da, ötən illə müqayisədə 392,4 meqavat və ya 4,9 faiz artım ya­ranıb.

Hazırda ölkəmizdə elektroenergetika sistemində ümumi gücü 6642 meqavat olan 22 istilik elektrik stansiyası, ümumi gücü 1158,1 meqavat olan 30 su elekt­rik stansiyası, 37 meqavat gücündə bərk məişət tullantıları elektrik stansiyası, 63,3 meqavat gücündə 4 külək elektrik stansi­yası, ümumi gücü 46,1 meqavat olan 8 günəş elektrik stansiyası və ümumi gücü 7,4 meqavat olan 3 hibrid elektrik stan­siyası fəaliyyət göstərir. Su elektrik stan­siyaları daxil olmaqla bərpaolunan enerji mənbələri üzrə elektrik stansiyalarının gücü 1311,9 meqavatdır ki, bu da ümumi istehsal gücünün, təxminən, 16,5 faizini təşkil edir. 

Növbəti illərdə elektrik enerjisinin istehsal dinamikası artıq bərpaolunan enerji mənbələrinə əsasən formalaşa­caq. Bunun üçün zəngin potensial, bər­paolunan enerjinin inkişafını prioritetləş­dirən dövlət siyasəti, yeni qanunvericilik bazası və xarici investisiyaların cəlbi kimi bütün zəruri şərtlər mövcuddur.

Mirbağır YAQUBZADƏ
XQ

İqtisadiyyat