Azərbaycanda inflyasiya optimal həddə enəcək

post-img

Beynəlxalq Valyuta Fondu Qafqaz və Mərkəzi Asiyada inflyasiyanın qarşısının alınması yollarını açıqlayıb. Bildirilir ki, Qafqaz və Mərkəzi Asiya ölkələrində uçot dərəcəsinin 1 faiz bəndi artırılması birinci ildə inflyasiyanın 0,5 faiz bəndi azalması ilə nəticələnir. 

Fondun araşdırmasına görə, region ölkələrinin inflyasiya təzyiqlərinin qar­şısını almaq və inflyasiya gözləntilərini dəstəkləmək bacarığı onların pul-kredit siyasətinin etibarlılığından və effektivli­yindən asılıdır.

Fond faiz dərəcələrinin dəyişməsinin iqtisadiyyata təsirini məhdudlaşdırmaqla pul-kredit siyasətinin effektivliyini azal­dan struktur amilləri sadalayıb. Onların arasında region ölkələrində pul-kredit siyasətinin faiz dərəcələrinə, bank kredit­ləşməsinə, aktivlərin dəyərlərinə, balans hesabatlarına və inflyasiya gözləntilərinə təsirini zəiflədən dayaz maliyyə bazarları var. 

Digər amil isə faiz dərəcəsinin də­yişməsinin bəzi təsirlərini kompensasiya edə bilən məzənnənin idarə edilməsin­dən və valyuta intervensiyalarından dai­mi asılılıqdır. Təsir göstərən daha bir amil son on ildə tədricən azalmasına baxma­yaraq, ABŞ dollarının iqtisadiyyatda hələ də yükəsk istifadə göstəricisi və ya dol­larlaşmadır.

Beynəlxalq Valyuta Fondu, həmçinin Qafqaz və Mərkəzi Asiya ölkələri üçün üç əsas prioritet müəyyən edib. Fondun iqtisadçıları, ilk növbədə, mərkəzi bank­ların əməliyyat müstəqilliyinin genişlən­dirilməsini təklif edirlər. Bura vergi-büdcə siyasətinin deflyasiyanı dəstəkləməsini, mərkəzi bankın idarə heyəti üzvlərinin əksəriyyətinin qərar vermək öhdəliyi­nin olmamasını təmin etmək, eləcə də mərkəzi banklar tərəfindən subsidiyalaş­dırılmış kreditləşmənin və digər büdcə­dənkənar dövlət xərcləri üzrə mandatla­rın ləğvi daxildir.

İkinci prioritet kimi xarici şokların təsi­rini azaltmaq və pul-kredit siyasətini daxi­li ehtiyaclara yönəltməyə kömək etmək üçün daha çox məzənnə çevikliyi təklif edilir. Bu, yalnız həddindən artıq məzən­nə dəyişkənliyini aradan qaldırmaq və valyuta alışı və satışının bərabər balansı­nı təmin etmək üçün valyuta müdaxilələ­rinin məhdudlaşdırılmasını tələb edir.

Fondun müəyyənləşdirdiyi üçüncü prioritet isə əlaqələrin və şəffaflığın güc­ləndirilməsi yolu ilə mərkəzi bankın eti­madının artırılması zəruriliyi ilə bağlıdır. Mərkəzi bankların şəffaflaşdırılmasında son irəliləyişlərə baxmayaraq, aydın kommunikasiyanın çətin olaraq qaldğı­nı düşünən fondun mütəxəssisləri he­sab edirlər ki, region ölkələrinin mərkəzi bankları qərarlarının siyasi məqsədlərə çatmağa necə kömək etdiyini izah etmək üçün səylərini davam etdirməlidirlər.

Yeri gəlmişkən, Beynəlxalq Valyuta Fondu bu il Azərbaycanda illik inflyasi­yanın 11,3 faiz səviyyəsində olacağını proqnozlaşdırır. Bu barədə fondun “Dün­ya iqtisadiyyatının inkişaf perspektivlə­ri” hesabatının aprel sayında bildirilir. Sənədə əsasən, bu, qurumun oktyabr ayına olan proqnoz göstəricisi ilə müqa­yisədə 0,5 faiz bəndi çoxdur. Ümumilikdə isə, Beynəlxalq Valyuta Fondu gələn il Azərbaycanda inflyasiyanın 8 faiz, 2028-ci ildə isə 4 faiz səviyyəsində olacağını gözləyir.

2023-cü ilin yanvar-iyul aylarında Azərbaycanda inflyasiya əvvəlki ilin 7 ayına nisbətən 12,2 faiz təşkil edib. Bu isə iyun ayı ilə müqayisədə 0,5 faiz azdır. Dövlət Statistika Komitəsi məlumatına görə, hesabat dövründə ölkədə ərzaq məhsulları, içkilər və tütün məmulatla­rı üzrə 14,3 faiz, qeyri-ərzaq məhsulları üzrə 11 faiz, əhaliyə göstərilmiş ödənişli xidmətlər üzrə isə 10,4 faiz artım qey­də alınıb. İyul ayında istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 99,3 faiz, ötən ilin eyni ayına nisbətən isə 109,4 faiz təşkil edib. Cari ilin iyul ayında ərzaq məhsulları, içkilər və tütün məmulatları üzrə istehlak qiymətləri indeksi əvvəlki aya nisbətən 98,5 faiz, ötən ilin iyul ayına nisbətən 109,7 faiz təşkil edib. Məlumata görə, bəzi ərzaq qiymətlərində ucuzlaş­ma baş verib, digərlərinin qiymətlərində isə ciddi dəyişikliklər baş verməyib. 

Komitədən bildirilib ki, iyul ayında əvvəlki ayla müqayisədə əhaliyə göstə­rilmiş ödənişli xidmətlərdən bahalaşma, əsasən, hava nəqliyyatı ilə beynəlxalq sərnişindaşıma, taksi nəqliyyatı ilə şəhər­daxili sərnişindaşıma xidmətlərinin və respublikadan kənara istirahət turlarının qiymətlərində müşahidə olunub. Digər ödənişli xidmətlərin qiymətlərində isə cid­di dəyişikliklər baş verməyib.

Azərbaycanda antinflyasiya tədbirlə­rinin davam etdirilməsi Prezident İlham Əliyevin diqqət mərkəzində saxladığı vacib məsələlərdəndir. Təsadüfi deyil ki, dövlətimizin başçısı 2023-cü ilin birin­ci yarısının sosial-iqtisadi yekunlarına həsr olunmuş müşavirədə bununla bağlı narahatlığını ifadə edərək deyib: “Əlbət­tə ki, inflyasiyanın ikirəqəmli olması bizi düşündürməlidir. Ümid edirəm ki, ilin so­nuna qədər inflyasiya birrəqəmli səviy­yəyə düşə bilər. Burada təbii səbəblərlə yanaşı, subyektiv səbəblər də vardır. Onlar daha ciddi araşdırılmalıdır və ilin sonuna qədər atılacaq addımlarla bağlı təkliflər verilməlidir. Çünki Azərbaycanın bütövlükdə iqtisadi potensialı və iqtisadi sahədə əldə edilmiş nəticələr fonunda inflyasiyanın 12 faiz səviyyəsində olması, əlbəttə ki, arzuolunan deyil”. 

Bu səbəbdən də ölkə başçısı hö­kumətə ilin sonuna qədər atılacaq addım­larla bağlı təkliflər verməyi tapşırıb. Döv­lət başçısının tapşırığından irəli gələn məsələlərin icrası məqsədilə Baş nazir Əli Əsədov iyulun 15-də Azərbaycanda inflyasiyanın iqtisadi artım üçün məqbul səviyyəyə endirilməsinin təmin edilməsi, inflyasiya proseslərini və onun səbəblə­rini kəmiyyət və keyfiyyətcə qiymətlən­dirməyə imkan verən təhlil və monitorinq sisteminin daha da təkmilləşdirilməsi, eləcə də bu sahədə qurumlararası ko­ordinasiyanın gücləndirilməsi məqsədilə işçi qrupun yaradılması ilə bağlı sərən­cam imzalayıb. 

İqtisadi İslahatların Təhlili və Kom­munikasiya Mərkəzinin icraçı direktoru, iqtisad elmləri doktoru, professor Vüsal Qasımlı bildirib ki, son zamanlar qlobal iqtisadi artımın səngiməsi fonunda yük­sək inflyasiya çağırışı dünya iqtisadiy­yatının bir hissəsi olan Azərbaycandan da yan keçməyib. Buna baxmayaraq, Prezident İlham Əliyevin apardığı uğur­lu iqtisadi siyasət nəticəsində ölkəmizin qeyri-neft sektoru sürətlə böyüyür və maliyyə göstəriciləri yaxşılaşır. Bu məna­da 2023-cü ildən başlayaraq, Azərbay­canda iqtisadi artım və inflyasiya sahə­sində vəzifələr həll ediləcək. 

V. Qasımzadə hökumətin antiinflyasi­ya siyasəti barədə danışarkən deyib ki, Azərbaycanda inflyasiya məsələsi hə­mişə makroiqtisadi sabitliyin tərkib his­səsi olaraq diqqət mərkəzində olub və inflyasiya ilə uğurlu mübarizə üzrə insti­tutsional yaddaşımız var. Onun sözlərinə görə, Nazirlər Kabinetinin “İnflyasiya və qiymətlər üzrə monitorinqin gücləndiril­məsi istiqamətində əlavə tədbirlər barə­də” 15 iyul 2023-cü il tarixli sərəncamı da bu məsələnin həllinə kömək olacaq və hökumət inflyasiyanı optimal həddə endirəcək. 

Mirbağır YAQUBZADƏ,
XQ

İqtisadiyyat